Saxta alkoqollu içkilərdə olan metanol zəhərlənməsi ciddi sağlamlıq problemlərinə, hətta ölümə səbəb olur. Həkimlər metanolu “səssiz qatil” adlandırırlar. Çünki zəhərlənmənin əlamətləri içkidən 1-2 gün sonra, bəzən isə daha gec ortaya çıxır.
Metanol zəhərlənməsinin ilkin əlamətləri arasında mədə və döş qəfəsində ağrı, nəfəs almaqda çətinlik və sürətli nəfəsalma yer alır. Daha ağır hallarda bulanıq görmə, hətta tam korluq, beyin zədələnməsi və ölüm baş verir.
Mütəxəssislərin sözlərinə görə, zəhərlənmədən şübhələnildikdə vaxt itirmədən tibbi yardım almaq həyati əhəmiyyət daşıyır. İlk 24 saat ərzində müalicə alan insanların böyük əksəriyyətinin sağaldığı, ilk 48-72 saat ərzində də bir çox insanın xilas edilə bildiyi bildirilir.
Saxta içkidən necə qorunmaq olar?
Alkoqollu içkiləri yalnız etibarlı yerlərdən alın.
Həddindən artıq ucuz məhsullara şübhə ilə yanaşın.
İçkinin rəngində və görünüşündə qeyri-adi dəyişiklik varsa, istifadə etməyin.
Qablaşdırmanın və şüşənin möhürünü yoxlayın.
Qırılmış və ya zədələnmiş möhürlü məhsullardan uzaq durun.
Məhsulu alarkən qəbz tələb edin.
Lakin metanolun qoxusu, dadı və rəngi olmadığı üçün onu yalnız görünüşə, dadına və ya qoxusuna əsasən müəyyən etmək mümkün deyil.
Metanol zəhərlənməsi necə müalicə olunur?
Müalicədə metanolun orqanizmdə zərərli maddələrə çevrilməsinin qarşısını almaq əsas məqsədlərdəndir. Bunun üçün fomepizol və ya etanol tərkibli müalicədən, həmçinin ağır hallarda hemodializdən istifadə edilir.
Metanol orqanizmdə parçalanaraq zəhərli qarışqa turşusuna çevrilir. Bu prosesin qarşısını vaxtında almaq görmə itkisi, beyin zədələnməsi və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Metanol zəhərlənməsindən şübhələnirsinizsə, əlamətlərin keçməsini gözləmədən təcili tibbi yardıma müraciət edin.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

