Gundelik.az Elm və təhsil Ədəbiyyat Şərqin poeziya günəşi – Əlişir Nəvai
Ədəbiyyat Tarixdə bu gün

Şərqin poeziya günəşi – Əlişir Nəvai

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, bir çox digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək öz müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai (1441-1501) belə sənətkarlardandır. Nəvai yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil, həm də filosofdur. Nəvai şeir mədəniyyətini elə yüksək səviyyəyə qaldırmışdır ki, nə  XV əsrədək, nə də ondan sonra özbək şeiri bu zirvəni fəht edə bilməyib. Onun yaratdığı qiymətli ədəbi miras türkdilli xalqların əmlakı, Nəvainin şöhrəti isə həmin xalqların qürurudur.

Həyat və yaradıcılığı                  

  Nizaməddin Mir Əlişir Nəvai Teymurilər sarayına yaxın zadəgan ailəsində, 1441-ci il fevral ayının 9-da Heratda (indiki Əfqanıstan ərazisində) anadan olub. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində alıb. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazıb, 15 yaşında şair kimi şöhrətlənib.

Qeyd edək ki, Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyin Bayqaranın atası Əmir Qiyasəddin Mənsurla süd qardaşı olub. Bu səbəbdən də onların uşaqları bir yerdə böyüb və məktəbdə birgə oxuyublar. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən sonra Nəvai möhürdar təyin olunub, 1472-ci ildə vəzir rütbəsinə yüksəlib, əmir titulu alıb. Nəvai dövlət adamı kimi dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə edib, öz hesabına mədrəsə və xəstəxanalar açıb, yollar, körpülər saldırıb, karvansaralar tikdirib, sarayda sadə xalqın müdafiəçisi kimi tanınıb. Lakin onun bu nəcib işləri irticaçı dairələrdə narazılıq doğurub, onlar şair haqqında böhtan və iftiralar yayıblar. Buna görə də 1476-cı ildə Nəvai vəzirlikdən imtina edib. Sonra o, Astrabad vilayətinin hakimiyyətinə göndərilib (1487), lakin bir il sonra Herata qayıdaraq ömrünün sonunadək yaradıcılıqla məşğul olub. Nəvai 1501-ci il yanvarın 3-də Heratda vəfat edib.

    Ə.Nəvai 6 divan yaradıb. İlk şeirlərini “Bədaye ülbidayə” (1470) adlı divanında toplayıb, ikinci divanını “Nəvadir ül-nəhayə” (1476-1483) adlandırıb. 1498-1499-cu illərdə özbək dilində yazdığı lirik şeirlərinin “Çahar divan” adlanan 4 cilddə -“Qəraib üs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadir ül-səvab” (“Gənclik nadirlikləri”), “Bədaiy ül vəsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaid ül kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Fars dilindəki qəzəlləri “Divani Fani” adı ilə məşhurdur. O, ədəbiyyat nəzəriyyəsinə, fəlsəfəyə, tarixə, dilə, musiqiyə aid də elmi əsərlərin müəllifidir. Lirik şeirlərində şair insanın ictimai və mənəvi azadlığını tərənnüm edib, zülm və ədalətsizliyə, mövhumata qarşı çıxıb. Şairin yaradıcılığının  zirvəsi özbək dilində yaratdığı “Xəmsə” dir.

Bu əsərlərdə Nəvai dövrünün ictimai məsəllərindən bəhs edib. “Xəmsə” yə daxil olan “Möminlərin heyrəti”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi səyyarə”, “Səddi İsgəndər” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib. Nəvainin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi çox qiymətlidir. O, Nizami ədəbi məktəbinin davamçılarından biri kimi şöhrətlənib. Nəvainin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Şair Xaqani, Nəsimi və Nizaminin əsərlərini dərindən öyrənib. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur. Şairin əsərlərinin sujetləri əsasında çoxlu musiqili (opera, balet və s.), həyat və yaradıcılığından bəhs edən bədii əsərlər (Aybəkin “Nəvai” romanı və s.) yazılıb, haqqında bədii film – “Əlişir Nəvai” (1948) çəkilib. Özbəkistanda Nəvai şəhəri şairin şərəfinə adlandırılıb. Orada şairin adına maarif və mədəniyyət müəssisələri, ali məktəb və küçə var. Görkəmli şairin yaradıcılığına ölkəmizdə də böyük maraq var. Bakıda Nəvainin abidəsi ucaldılıb. 1968-ci ildə Nəvai işinin tədqiqatçısı, böyük ədəbiyyatşünas alim, akademik Həmid Araslıya Özbəkistan Respublikasının Əməkdar elm xadimi adı verilib. Nəvai Yaxın Şərq xalqları tərəfindən sevilən şair, alim, mütəfəkkir, bacarıqlı dövlət xadimi və mədəniyyət hamısı kimi təqdir edilən görkəmli şəxsiyyətdir.

Şair türkcə şeirlərini “Nəvai”, farsca əsərlərini isə “Fani” təxəllüsü ilə qələmə alıb. Şairin əsərlərinin sujetləri əsasında əsərləri (opera, balet v ə s.), həyat və yaradıcılığından bəhs edən kitablar yazılıb. Nəvai Yaxın Şərqin, demək olar ki, bütün ədəbi janrlarında lirik əsərlər yazmışdır. Şair qəzəl janrına xüsusi əhəmiyyət vermişdir. 25 min beytə yaxın olan bu zəngin lirika xəzinə ümumən “Çar divan” (“Dörd divan”) adlanır.

Nəvai təkcə dahi söz ustası deyil, həm də böyük filosofdur. Əgər poeziya şairin canı və ürəyi idisə, fəlsəfə onun üçün sehrli bir meydan idi. Ona görə də şair yaradıcılığa başladıqda fikrini fəlsəfi cəhətdən əsaslandırmağı özünə müqəddəs borc hesab edirdi. Yunanıstan, Hindistan, Misir, Çin, İran və Orta Asiyadan topladığı fəlsəfi cəvahirləri bir-bir öz parlaq təfəkkürünün süzgəcindən keçirən şair elm, fənn, sənət və ədəbiyyatda özünəqədərki yazıların hamısını dərindən öyrəndi, sələflərinin irsinə hörmətlə yanaşdı, onlardan öz yaradıcılığında geniş istifadə etdi. Bunu şair “Məcalisün-nəfais” əsərində də etiraf  edirdi: “Biz dahi söz ustalarının zəmisindəki yerə tökülmüş sümbülləri yığırıq. Bəlkə heç ona da layiq deyilik…”

 “Azərnəşr 1948-ci ildə şairin “Fərhad və Şirin” poemasının minacat və nət hissələrini (ixtisarla), “Uşaqgəncnəşr” onun “Sabeyi-səyyar” əsərindən parçaları Azərbaycan dilində oxuculara çatdırıb.  Azərbaycan dilində yazılan ilk dərsliklərdə isə Nəvainin şeirləri çap olunub, şairin tərcümeyi-halı verilib. Azərbaycan xalqı qardaş özbək xalqının dahi oğlu Əlişir Nəvainin qiymətli irsini öz doğma sənətkarlarının irsi kimi hörmətlə öyrənir. 

“Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə” nin müəllifi

   Nəvai həyatını xalqının səadəti uğrunda mübarizəyə sərf edib və eyni zamanda XV əsrdə çiçəklənməkdə olan özbək mədəniyyətinin ən böyük ədəbi abidələrini yaradıb. Zəngin ədəbi irsə malik olan Nəvai qazancını elm və mədəniyyətin inkişafına, məktəb və mədrəsələrin  tikilməsinə və ehtiyacına sərf edib, bir sıra elmi əsərlərin yaranmasına imkan yaradıb. Öz xeyirxah məsləhətləri ilə ölkənin siyasi qüdrətini möhkəmləndirməyə çalışan Nəvai, həyatı dəfələrlə təhlükədə olsa belə, yenə də əqidəsindən dönməyən bu alovlu vətənpərvər xüsusən özbək ədəbi dilinin təkmilləşməsi uğrunda daha ciddi mübarizə aparıb, bu dili Yaxın Şərqdə ən görkəmli dillər səviyyəsində şöhrətləndirib. Nəvai sonsuz bir məhəbbətlə sevdiyi ana dilini himayə edib, onun üstünlüklərini “Mühakimətül-lüğeteyn” adlı kitabında elmi dəlillərlə sübut etdiyi kimi, həmin dildə cahanşümul əsərlər də yaradıb. Şairin qəzəlləri də Şərqin ən məhşur lirik şairlərinin əsərləri səviyyəsində durur. Onun “Xəzanül-məani” adlandırdığı və özbək dilində yaratdığı dörd divan bütün türk xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərib. Şair öz sənətkarlıq qüdrəti barədə belə yazlb:

           İstərsə ola bir, istərsə min bir,

            Bütün türk elləri ancaq mənimdir.

            Xətadən başlayıb Xorasanadək,

            Ellər fərmanımla ömür sürəcək.

            Şiraz da, Təbriz də mənim yerimdir,

            Orda şöhrətlənən söz səngərimdir…

        Digər şair və hikmətli söz sahibləri kimi Ə.Nəvai də sözün doğrusunu deməyin hünər olduğunu bilib, sözə və sözün sehrinə böyük əhəmiyyət verib. Biz şairin əsərlərində buna dəfələrlə şahid ola bilərik, ancaq bunun bariz nümunəsi onun dördüncü poeması olan “Yeddi səyyarə”dir. Poemaya girişdə “Sözün tərifi” geniş verilib.

Özbək ədəbi dilinin banisi olan Nəvai təkcə mənsub olduğu xalqına deyil, eyni zamanda Orta əsrlər Şərq ədəbi düşüncəsinin humanist ideyalarla süstlənməsinə mühüm töhfələr verib. Coşğun istedadlı şair iki il ərzində (1483-1485-ci illərdə) “Xəmsə” yaratmaqla özünün poetik qüdrətini nümayiş etdirib.

    Nəvainin ilk poeması “Heyrətül-əbrar” (“Möminlərin heyrəti”) adlanır və fəlsəfi-didaktik mahiyyət daşıyır. İyirmi fəsildən ibarət olan bu əsərin hər fəslində  ibrətamiz bir hekayət nəql olunur. Poemada o dövrün mühüm içtimai problemlərinə toxunulur və cəmiyyətin müxtəlif təbəqələrinə mənsub adamların xarakterləri realistcəsinə təsvir olunur. Əməkçi insanların tərəfində dayanan, onlara dərin məhəbbət bəsləyən şair, humanizm mövqeyindən feodalizm çəmiyyətinin eybəcərliklərini açıb göstərir və zülmü, zalım hökmdarı tənqid etməklə yanaşı, şair ideal hökmdar surətləri də yaradır. Poemanın başlıca məziyyəti bundadır ki, müəllif əsər boyu xeyri  təsdiq və mədh edir, şəri isə ifşa və rədd edir.

       Nəvai ikinci poemasının mövzusunu Xosrov şahla gözəl Şirin arasındakı məhəbbətə dair Şərqdə geniş yayılmış əfsanədən alıb. Məlum olduğu kimi,  Nəvaiyə qədər bu əfsanəyə Firdovsi, Nizami və Dəhləvi də müraciət edib. Lakin Nəvai mövzunu tamam başqa səpkidə işləyib.

    Folklor materiallarına əsaslanaraq, Nəvai əsərinə Fərhadın əjdaha, şər rəmzi Əhrimən və Xosrov qoşunu ilə vuruşduğunu təsvir edən səhnələr daxil edib. Bu səhnələr Fərhadın nə qədər cəsur, igid və tədbirli biri olması barədə bizdə canlı təsəvvür yaradır. Poemada Şirin sədaqətin, vəfanın Şapur isə dostluğun, xeyirxahlığın rəmzi kimi canlandırılıb. Müəllifin müxtəlif ölkələri və xalqları təmsil edən qəhrəmanlar arasındakı dostluğu və bağlılığı xüsusilə nəzərə çarpdırmağa çalışması diqqəti cəlb edir. Gözəl keyfiyyətlərə malik olan bu nəcib insanlar haqq və ədalət uğrunda mübarizə aparır, zülmü, haqsızlığı ifşa edirlər.

  Leyli və Məcnun arasındakı kədərli məhəbbətə dair Ərəbistanda yaranmış rəvayətə Şərqin bir çox böyük şairlərindən sonra Nəvai də müraciət edib və bu ənənəvi mövzuda orijinal əsər yazıb. Bütün poema boyu şair belə bir ideyanı təlqin etməyə çalışır ki, insan ləyaqətinin mənəvi-əxlaqi keyfiyyətlər və istedadla yox, əmlakı, var-dövləti ilə müəyyən olunduğu bir cəmiyyətdə şəxsiyyət və məhəbbət azadlığından söhbət ola bilməz. Saf, həqiqi məhəbbəti vəsv edən “Leyli və Məcnun” poemasında humanist şair şəxsiyyət azadlığının, insan hüquqlarının ehtiraslı müdafiəçisi kimi çıxış edir.

    Nəvainin dördüncü “Səbeyi-səyyarə” (“Yeddi səyyarə”) poemasında İran şahı Bəhram və onun sevgilisi Dilaramdan söhbət açır. Folklor materiallarına əsaslanan və qüdrətli sənətkarların tükənməz yaradıcılıq xəyalını əks etdirən bu nağıllarda həqiqi dostluq, sədaqət, qəhrəmanlıq, yaradıcılıq əzmi və haqq-ədalət kimi yüksək mənəvi-içtimai keyfiyyətlər ön planda tərənnüm edilir.

   Nəvainin “Xəmsə” sinə daxil olan axırıncı poema “Səddi-İsgəndər” adlanır. Makedoniyalı İsgəndər haqqında istər Şərq, istərsə də Qərb ədəbiyyatında silsilə romanlar yazılıb. Bu romanın Şərq variantlarında İsgəndər həqiqi tarixi simadan daha çox əfsanəvi şəxsiyyət kimi təsvir olunur.

  “Səddi-İsgəndər” poemasında Nəvainin ictimai idealları  insan, insanpərvərlik prinsipləri əsasında cəmiyyətin yenidən qurula biləcəyinə inamı, qənaətləri daha dolğun əks olunub. Bu əsər feodal cəmiyyətində zülmün, haqsızlığın amansız ifşası, ittihamnaməsi, insan hüququnun və ləyaqətinin himni kimi  səslənir.

 Ə.Nəvai təkcə humanist şair yox, dövrünün görkəmli dövlət xadimi olduğundan bu mövzuya xüsusi diqqət yetirib və hadisələri adil hökmdar haqqında öz təsəvvürləri, mülahizələri baxımından işıqlandırıb. Əgər Nizami müdrik filosoflar əhatəsində olan İsgəndəri əsasən bir fateh kimi canlandırıbsa, Cami bu ideal hökmdar rəmzinin simasında ümumiyyətlə fatehlik keyfiyyətlərini təsvir etmək istəməyibsə, Nəvai qəhrəmanın şəxsində hökmranlıq fəaliyyəti ilə müdrikliyi cəmləşdirib.

                Qələmdir yel kimi sürətlə gedən,

                 Əzəldən yüksəkdir yeri fələkdən,

                 Vəhmin ədhəmindən daha tez çapar,

                 Onun Şəbdiz kimi bir surəti var.

                 Minmişdir üstünə şahanə barmaq,

                 Buğum belbağıdır, üzüdür dırnaq,

                 Quyruğunu edər çapanda ələm,

                 Ayağından etmiş başını qələm.

Bəşəriyyətin yetişdirdiyi böyük dühalar nə milli sədlə, nə coğrafi ərazi ilə, nə də zamanla məhdudlaşırlar. Onlar əsrdən-əsrə daha böyük qüdrət və əzəmətlə yüksələrək bütün xalqlar arasında sevilirlər. Şərq şairlərindən birinin dediyi kimi. “Bütün canlılar ölür, bütün cansızlar –yəni elm, bədii söz, sənət isə əbədi yaşayır.” Nəvai belə söz ustalarındandır.

   Aynur Turan

Gundelik.az

Exit mobile version