Fatimə Ömərova sevib-seçdiyi sənətdəki daha bir uğurunu “İşığın izində” qazandı. Çıxışlarında yaradıcılıq axtarışlarında özünəməxsus bir yol seçən, işıq və rənglərlə apardığı eksperimentləri müasir incəsənətin ruhuna uyğun uğurlu cəhdləri kimi qəbul edən, üstəlik texniki ustalığını, formalar və rənglər üzərində apardığı cəsarətli axtarışlarını getdikcə daha da genişləndirən Fatimə Ömərovanın işlərində poetik bir baxışın mövcudluğunu da vurğulayıblar. Eləcə də, onun toxuma sənəti vasitəsilə danışdığı hekayələrin hər bir izləyicidə fərqli duyğular oyatmaq gücünə malik olduğunu deyiblər.
Sərgiyə gələn sənətsevərlər isə, Fatimə Ömərovanın əsərlərində həyatsevərlik, pozitivlik və insanın daxili işığının bədii ifadəsini gördüklərini xüsusi olaraq qeyd ediblər. Məhz bu xüsusiyyətlərinə görə mürəkkəb yaradıcılığının gələcəkdə daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Fatimə Ömərovanın valideynləri də tədbirdə çıxış edərək, övladları ilə fəxr etdiklərini dilə gətirib, iştirakçılara minnətdarlıqlarını çatdırıblar. Onlar Fatimə Ömərovanın hələ uşaqlıqdan bu sənətə olan böyük marağını dəstəklədiklərini, gələcək fəaliyyətində də ona dəstəkçi olacaqlarını deyiblər.
Gənc rəssamın özü isə çıxışında bildirib ki, bu sərgi onun üçün yalnız bir başlanğıcdır. Gələcəkdə beynəlxalq sərgilərdə iştirak etməyi, Azərbaycanın zəngin sənət ənənələrini dünya arenasında tanıtmağı qarşısına məqsəd qoyub. Hazırda yeni yaradıcılıq layihələri üzərində çalışdığını, yaxın gələcəkdə daha geniş auditoriya qarşısında çıxış etməyi planlaşdırdığını söyləyib.
Qeyd edək ki, tədbirdə iştirak edən Fatimə Ömərovanın tələbə yoldaşları ona inamverici dəstəklərini nümayiş etdiriblər. Onun bu uğurunun bütün tələbə yoldaşları üçün ilhamverici, sərginin belə geniş maraq doğurmasının hər biri üçün böyük motivasiya mənbəyi olduğunu söyləyiblər. Onlar rəssam xanımın şərəfinə hazırlanmış tortu kəsərək, qonaqlar arasında yaradılmış xoş mühitdən doğan səmimi ünsiyyət ab-havası yaradıblar. Bu xoş anlar yaddaşlara özünəməxsus həssaslıq və mülayimlik də qatıb. Sərginin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.

Gundelik.az