Gundelik.az Mədəniyyət və cəmiyyət Rəqəmsal oyun asılılığı: Ekranda itən duyğular
Mədəniyyət və cəmiyyət Xəbərlər

Rəqəmsal oyun asılılığı: Ekranda itən duyğular

Dünyada aparılan araşdırmalar rəqəmsal oyun asılılığı ilə aleksitimiya (emosional korluq) arasında əlaqənin getdikcə daha aydın olduğunu göstərir. Uşaqlar saatlarla ekran qarşısında vaxt keçirərkən həm öz hisslərini tanımaqda, həm də başqalarının duyğularını anlamaqda ciddi çətinliklərlə üzləşə bilirlər.

Amerika Psixiatriya Assosiasiyasının (APA) son beş ilə aid məlumatlarına görə, rəqəmsal oyun asılılığı halları dünyada təxminən 30 faiz artıb. Mütəxəssislər bildirirlər ki, uzun müddət ekran qarşısında qalan uşaqlarda emosional inkişaf ləngiyir, xüsusilə də duyğuları tanımaq və ifadə etmək bacarığı zəifləyir. Aleksitimiya da bu vəziyyəti daha da ağırlaşdıraraq uşaqların hisslərini anlamaq və ifadə etməsini çətinləşdirir.

Bəs rəqəmsal oyun asılılığı uşaqları bu qədər dərin emosional böhrana necə sürükləyir? Valideynlər və müəllimlər nələrə diqqət etməlidirlər? Bu sualları Səhiyyə Elmləri Universitetinin neyropsixoloqu Mərvə Tuğçe Doğru cavablandırıb.

Aleksitimiya nədir və niyə ciddi qəbul edilməlidir?

Uşağın duyğularını ifadə etmək qabiliyyəti zəiflədikcə ətrafındakı insanlarla əlaqələri də zəifləyir. Əgər uşaq “Nə hiss edirsən?” sualına cavab verməkdə çətinlik çəkirsə, aleksitimiya ehtimalını nəzərdən qaçırmamaq lazımdır.

Neyropsixoloq Mərvə Tuğçe Doğru deyir:

“Aleksitimiya insanın öz duyğularını tanımaq və ifadə etməkdə çətinlik çəkməsidir. Belə insanlar hisslərini yalnız ‘rahatlıq’ və ya ‘narahatlıq’ kimi ümumi ifadələrlə təsvir edirlər. Sosial təcrid və ailədaxili ünsiyyətin zəif olması bu vəziyyəti daha da gücləndirir. Rəqəmsal mühitə həddindən artıq bağlılıq isə duyğuları tanımamaq şəklində özünü göstərir.”

Asılılığın əlamətləri və fiziki risklər

Saatlarla ekran qarşısında qalan uşaqlar yalnız oyun zamanı yaşanan rəqabətin təsirinə məruz qalmır, eyni zamanda fiziki sağlamlıqları da risk altına düşür.

Mərvə Tuğçe Doğru bildirir:

“Rəqəmsal oyun asılılığı digər asılılıq növləri kimi həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir göstərir. Uzun müddət hərəkətsiz qalan uşaqlarda göz yorğunluğu, duruş pozğunluğu, bel və boyun ağrıları, piylənmə, eləcə də ciddi ünsiyyət problemləri müşahidə olunur. Erkən yaşlarda yaranan asılılıq uşaqların duyğularını idarə etmək bacarığını zəiflədir.”

Mütəxəssis xüsusilə zorakılıq məzmunlu oyunların empati hissinin inkişafına mənfi təsir göstərərək uşaqlarda zorakılığı adi bir problem həlli yolu kimi qəbul etdirmə riski daşıdığını vurğulayır.

Mükafat mexanizmi və empati itkisi

Bəzən böyüklər də “Bir oyun da oynayım”, “Bir səviyyə də keçim” düşüncəsi ilə oyunun təsirindən çıxa bilmirlər. Lakin uşaqların beyni bu təsirə daha həssasdır.

Neyropsixoloq bunu belə izah edir:

“Rəqəmsal oyunlarda, xüsusilə mükafat əsaslı tapşırıqlar zamanı beynin mükafat sistemi aktivləşir. Bu da oyundan alınan həzz hissini artıraraq asılılığı gücləndirir. Üz-üzə ünsiyyətdən uzaqlaşan uşaqlar bədən dili, mimika və səs tonu kimi sosial siqnalları da düzgün qavraya bilmirlər.”

Valideynlər və müəllimlər nə edə bilər?

Mütəxəssislər hesab edirlər ki, texnologiyanı tam qadağan etmək əvəzinə sağlam və balanslı istifadə qaydaları formalaşdırmaq daha məqsədəuyğundur.

Mərvə Tuğçe Doğru valideynlərə aşağıdakı tövsiyələri verir:

Texnoloji cihazlardan istifadə müddətini məhdudlaşdırın və müntəzəm fasilələr yaradın.

Uşaqlarla açıq və səmimi ünsiyyət qurun.

Sosial ünsiyyəti artıracaq fəaliyyətlər təşkil edin, bəzən onlarla birlikdə oyun oynayın.

Uşaqları hisslərini tanımağa və ifadə etməyə həvəsləndirin.

Duyğular haqqında kitablar oxuyun, hisslərini rəsm vasitəsilə ifadə etmələrinə şərait yaradın.

Rol oyunları vasitəsilə empati bacarığını inkişaf etdirin.

Duyğular barədə açıq söhbətlər aparın və onları paylaşmağa təşviq edin.

Uşaqlara duyğu gündəliyi yazmağı və ya hisslərini şəkillə ifadə etməyi öyrədin.

Sadə mindfulness və meditasiya məşqlərindən istifadə edin.

Uşaqlara özlərini təhlükəsiz hiss edəcəkləri ailə və sosial mühit təmin edin.

Öz emosiyalarınızı sağlam şəkildə idarə edərək uşaqlara nümunə olun.

Onların dostları ilə ünsiyyətini və qrup fəaliyyətlərində iştirakını təşviq edin.

Mütəxəssislərin fikrincə, rəqəmsal oyunlardan tamamilə imtina etmək əvəzinə, onların istifadəsinə düzgün nəzarət etmək və uşaqların emosional inkişafını dəstəkləmək həm psixoloji, həm də sosial sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version