Dünyada geosiyasi rəqabətin xarakteri sürətlə dəyişir. Əgər əvvəlki dövrlərdə dövlətlərin gücü əsasən təbii sərvətlər, hərbi potensial və sənaye imkanları ilə ölçülürdüsə, bu gün rəqəmsal texnologiyalar, süni intellekt, böyük məlumat bazaları və kibertəhlükəsizlik milli inkişafın əsas göstəricilərinə çevrilib. Bu yeni mərhələdə rəqəmsal transformasiya artıq texniki modernləşmə layihəsi yox, dövlət idarəçiliyinin keyfiyyətini, iqtisadiyyatın rəqabət qabiliyyətini və milli təhlükəsizliyi müəyyən edən strateji amildir.
Azərbaycan da bu qlobal dəyişiklikləri vaxtında qiymətləndirərək rəqəmsal inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Son illərdə qəbul olunan qərarlar göstərir ki, ölkədə rəqəmsal transformasiya ayrı-ayrı layihələrin icrası səviyyəsindən çıxaraq vahid idarəetmə modelinə keçir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin gələcək inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Həmin iclas təkcə görülən işlərin müzakirəsi ilə məhdudlaşmayıb, qarşıdakı illərdə rəqəmsal dövlət modelinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platformaya çevrilib.
Mehriban Əliyeva çıxışında xüsusi olaraq vurğuladı ki, rəqəmsal inkişafın məqsədi sadəcə yeni texnologiyaların tətbiqi deyil. Əsas hədəf dövlət idarəçiliyinin daha çevik, şəffaf və vətəndaşyönümlü qurulması, innovasiya ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının milli maraqlara uyğun tətbiqi və ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsidir. Bu yanaşma göstərir ki, rəqəmsallaşma iqtisadi layihədən daha çox milli inkişaf konsepsiyasının ayrılmaz hissəsinə çevrilir.
Müasir dövlət idarəçiliyində vətəndaş mərkəzli xidmət modeli əsas meyarlardan hesab olunur. Azərbaycanda həyata keçirilən rəqəmsal islahatlar da məhz bu prinsip üzərində qurulur. Dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi, müxtəlif informasiya sistemlərinin inteqrasiyası və proaktiv xidmətlərin genişləndirilməsi dövlət-vətəndaş münasibətlərində tamamilə yeni keyfiyyət mərhələsi yaradır. Vətəndaşın müxtəlif qurumlara müraciət etməsi əvəzinə dövlət xidmətlərinin onun ehtiyaclarına uyğun avtomatik təqdim olunması idarəetmənin müasir modelinə keçidin ən mühüm göstəricilərindən biridir. Bu prosesin mühüm tərəflərindən biri də məlumatların vahid sistemdə idarə olunmasıdır. Dövlət informasiya bazalarının inteqrasiyası gələcəkdə süni intellekt əsaslı analitik qərarların qəbuluna, xidmətlərin fərdiləşdirilməsinə və idarəetmədə operativliyin artırılmasına imkan yaradacaq. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məhz məlumatların düzgün idarə olunması rəqəmsal iqtisadiyyatın əsas resursudur.
Rəqəmsal transformasiyanın iqtisadi tərəfi də xüsusi diqqət çəkir. İnnovasiya mühitinin genişləndirilməsi, startapların maliyyələşdirilməsi, vençur kapitalı institutlarının yaradılması, texnologiya şirkətlərinə vergi stimullarının verilməsi və elmi tədqiqatların təşviqi Azərbaycanın yeni iqtisadi modelə keçid niyyətini nümayiş etdirir. Dünyada rəqabət artıq xammal deyil, yüksək texnologiyalar üzərində qurulur. Buna görə də innovasiya iqtisadiyyatının formalaşdırılması ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən biri hesab olunur. Süni intellekt istiqamətində müəyyənləşdirilən prioritetlər də xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərində virtual köməkçilərin tətbiqi, məlumatların analizi əsasında qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi, yüksək hesablama gücünə malik infrastrukturun yaradılması və süni intellekt texnologiyalarının müxtəlif sahələrə inteqrasiyası Azərbaycanın bu sahədə qlobal proseslərdən geri qalmamaq niyyətini nümayiş etdirir. Bununla yanaşı, Mehriban Əliyevanın vurğuladığı kimi, süni intellektin tətbiqi milli maraqlar və təhlükəsizlik prinsipləri əsasında həyata keçirilməlidir. Bu yanaşma rəqəmsal inkişafın texnologiya ilə yanaşı məsuliyyətli idarəetmə modeli üzərində qurulduğunu göstərir. Rəqəmsal inkişafın ayrılmaz hissəsi kibertəhlükəsizlikdir. Dövlət xidmətlərinin, maliyyə sistemlərinin, enerji infrastrukturlarının və informasiya bazalarının rəqəmsallaşması onların müdafiəsini də strateji məsələyə çevirir. Bu baxımdan milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, xüsusi agentliklərin yaradılması, kritik infrastrukturun qorunması və süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi dövlət təhlükəsizliyinin yeni komponenti kimi çıxış edir. İnformasiya müharibələrinin geniş vüsət aldığı dövrdə bu istiqamətdə atılan addımlar ölkənin milli dayanıqlığını artıran mühüm amillərdən biridir. Rəqəmsal transformasiyanın uzunmüddətli uğuru isə insan kapitalından asılıdır. Təhsil sistemində həyata keçirilən rəqəmsallaşma proqramları, “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin genişləndirilməsi gələcəyin ixtisaslarına hazırlığın əsasını təşkil edir. Gənc nəslin texnoloji bilik və bacarıqlarla formalaşdırılması ölkənin gələcək innovasiya potensialını müəyyən edən başlıca amillərdən biridir. Rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texniki infrastruktura deyil, yüksək ixtisaslı insan resurslarına söykənir.
Müasir beynəlxalq münasibətlər sistemində rəqəmsal suverenlik anlayışı xüsusi aktuallıq qazanır. Məlumatların təhlükəsiz idarə olunması, milli proqram təminatının inkişafı, yerli texnologiya ekosisteminin formalaşdırılması və rəqəmsal infrastrukturun milli maraqlara uyğun qurulması artıq dövlət müstəqilliyinin yeni elementlərindən hesab olunur. Azərbaycanda həyata keçirilən islahatlar da məhz bu istiqamətdə ardıcıl siyasətin həyata keçirildiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin rəqəmsal gələcəyinin konseptual çərçivəsini müəyyənləşdirən mühüm mərhələ kimi tarixə düşür. Burada müəyyən edilən prioritetlər təkcə texnologiyaların tətbiqini deyil, idarəetmənin modernləşdirilməsini, iqtisadiyyatın innovasiya əsaslı inkişafını, milli təhlükəsizliyin möhkəmləndirilməsini və insan kapitalının gücləndirilməsini özündə birləşdirən vahid strateji yanaşmanı ifadə edir.
Azərbaycan qarşıdakı illərdə rəqəmsal transformasiyanı uğurla davam etdirə bildiyi təqdirdə, regionun texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilmək üçün real imkanlara malik olacaq. Bu istiqamətdə formalaşdırılan dövlət siyasəti və Mehriban Əliyevanın rəhbərliyi altında müəyyənləşdirilən strateji hədəflər ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsinə, vətəndaş rifahının artırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verəcək.
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Gundelik.az

