Prezident qeyd edib ki, təxminən 80 il əvvəl qalib dövlətlər tərəfindən qurulan mövcud sistem artıq əvvəlki təsir gücünü itirir. Onun sözlərinə görə, beynəlxalq hüququn prinsipləri və qaydaları getdikcə nüfuzdan düşür, müharibə və insanlıq cinayətləri törədən qüvvələr üzərində təsir mexanizmləri zəifləyir. Bu vəziyyət isə qlobal miqyasda təhlükəsizliyi sual altına qoyur.
Ərdoğan vurğulayıb ki, bu gün dünyada diplomatiya və dialoq geri plana keçib, onların yerini silahlı qarşıdurmalar alıb. Belə bir şəraitdə heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.
Türkiyənin mövqeyinə toxunan prezident bildirib ki, ölkəsinin xarici siyasəti humanitar dəyərlərə əsaslanır və əsas prioritet münaqişələrin sülh yolu ilə həll olunmasıdır. O, həmçinin qeyd edib ki, regional problemlərin həllində həmin bölgə ölkələrinin iştirakı vacibdir.
Çıxışında Orta Şərqdəki vəziyyətə də diqqət çəkən Ərdoğan , xüsusilə Qəzzada baş verən hadisələrdən narahatlığını ifadə edib. Fələstin məsələsində iki dövlətli həllin vacibliyini vurğulayan prezident beynəlxalq ictimaiyyəti daha fəal mövqe sərgiləməyə çağırıb.
Bundan əlavə, o, Ukrayna müharibəsinin diplomatik yollarla həllinin əhəmiyyətini qeyd edib, Afrika, Suriya və digər bölgələrdə sabitliyin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Sonda Ərdoğan bildirib ki, daha ədalətli, təhlükəsiz və sülhə əsaslanan yeni beynəlxalq nizamın qurulmasına ehtiyac var.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

