Gundelik.az Dünya Qurban Bayramı süfrələri üçün ət istehlakı tövsiyələri
Dünya Xəbərlər

Qurban Bayramı süfrələri üçün ət istehlakı tövsiyələri

Ondokuz Mayıs Universitetinin müəllimi, Prof. Dr. Pınar Sökülmez Kaya Qurban ətinin ən az 12–24 saat dinləndirilmədən istehlak edilməməli olduğunu bildirib. O, həmçinin ətin gigiyenik şəraitdə saxlanmasının vacibliyini vurğulayıb və xüsusilə xroniki xəstəliyi olan şəxslərin istehlak miqdarına diqqət etməsi barədə xəbərdarlıq edib.

Prof. Dr. Kaya qeyd edib ki, Qurban Bayramı süfrələrinin əsas yeməyi ət olsa da, xüsusilə xroniki xəstəliyi olan insanların həm miqdara, həm də hazırlanma üsuluna diqqət etməsi vacibdir.

O, kəsim zamanı gigiyenaya və ətin evə gətirilənədək temperaturuna diqqət edilməsinin önəmli olduğunu bildirərək deyib ki, kəsimdən sonra əzələlərdə yığılma baş verir və “ölüm sərtliyi” adlanan vəziyyət yaranır. Bu sərtliyin aradan qalxması üçün ətin mütləq 12–24 saat sərin yerdə və ya soyuducuda saxlanması lazımdır. Əks halda ətin sərt qalması həzmsizlik, köp və hətta hipertoniya problemi olan insanlarda ciddi fəsadlara, o cümlədən ürək tutması riskinə səbəb ola bilər. Buna görə ətin ən az bir gün dinləndirilməsi tövsiyə olunur.

“Xəstəliyi olanlar üçün ətin miqdarı da çox önəmlidir”

Kaya bildirib ki, bir çox insanlar Qurban ətini dərhal istehlak edir. Lakin əgər ət dinləndirilmədən yeyiləcəksə, mütləq tərəvəzlərlə birlikdə bişirilməli və miqdarına diqqət edilməlidir. Həddindən artıq istehlakdan qaçınmaq lazımdır. Xüsusilə şəkərli diabet və ürək xəstəliyi olanlar, həmçinin həzm sistemi problemi yaşayanlar üçün miqdar çox vacibdir. O, ətin tək başına deyil, tərəvəz, salat, paxlalılar, düyü, şorba, yoqurt və ayranla birlikdə qəbul edilməsini tövsiyə edib.

Ətin istehlakı qədər saxlanmasının da vacib olduğunu qeyd edən Kaya bildirib ki, böyük parçalar şəklində deyil, 100–250 qramlıq və ya yarım kilo–bir kilo ölçüsündə porsiyalara bölünərək dondurulmalıdır. Bu şəkildə ət -2°C-də təxminən bir həftə, -18°C-də isə 3 ay və daha uzun müddət saxlanıla bilər.

Dondurulmuş ət mütləq soyuducuda əridilməlidir

Prof. Dr. Kaya vurğulayıb ki, dondurulmuş ət otaq temperaturunda, radiator üzərində və ya başqa üsullarla əridilməməlidir. Ən düzgün üsul soyuducuda əridilməsidir və ya birbaşa bişirməyə başlanmalıdır.

Bayram süfrələrində ətin adətən qovurma şəklində hazırlandığını deyən Kaya əlavə edib ki, ət öz yağı və öz suyu ilə bişirilməli, əlavə yağ qatılmamalıdır. Çünki ətin tərkibində gizli yağ mövcuddur və əlavə yağ ürək-damar sağlamlığı üçün zərərlidir. Kolesterol problemi olanlar üçün də miqdar çox önəmlidir.

Əgər ət manqalda bişirilirsə, ətlə kömür arasındakı məsafə ən az 10–15 sm olmalıdır. Əks halda ət suyunun kömürə damlayıb yenidən buxar şəklində ətə qayıtması kanserogen maddələrin yaranmasına səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version