Gundelik.az Mədəniyyət və cəmiyyət Qorxuların 91 faizi heç vaxt baş vermir: Beyin olmayan təhlükəni niyə gerçək kimi qəbul edir?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qorxuların 91 faizi heç vaxt baş vermir: Beyin olmayan təhlükəni niyə gerçək kimi qəbul edir?

Elmi araşdırmalara görə, insanların narahat olduğu hadisələrin böyük əksəriyyəti heç vaxt baş vermir. Buna baxmayaraq, beyin bu ehtimalları real təhlükə kimi qəbul edir və orqanizmi “mübarizə və ya qaçış” rejiminə keçirir.

“Birdən xəstələnsəm?”

“Birdən başıma pis bir hadisə gəlsə?”

“Birdən hər şey yolunda getməsə?”

Bu kimi fikirlər çoxlarının zehnində tez-tez dolaşır. Hələ baş verməmiş hadisələri sanki artıq yaşanıbmış kimi hiss edir, nəticədə yuxusuzluq, iştahasızlıq və gündəlik qərarlarda həddindən artıq ehtiyatlı davranış müşahidə olunur.

ABŞ-də yerləşən Penn Dövlət Universiteti tərəfindən ümumiləşdirilmiş narahatlıq pozuntusu (GAD) diaqnozu qoyulmuş şəxslər üzərində aparılan araşdırmada iştirakçıların 30 gün ərzində bütün narahatlıqları izlənilib. Nəticələr göstərib ki, narahatlıqların 91,4 faizi heç vaxt reallaşmayıb. Qalan 8,6 faizin isə əksəriyyəti insanların gözlədiyi qədər ciddi nəticələr doğurmayıb.

Beyin niyə olmayan təhlükəni gerçək hesab edir?

Mütəxəssislərin sözlərinə görə, beyin hər zaman xəyal ilə reallığı dəqiq ayırd edə bilmir. İnsan təhlükəli bir vəziyyəti yalnız təsəvvür etdikdə belə, beyin bunu real təhlükə kimi qəbul edir. Nəticədə ürək döyüntüsü sürətlənir, əzələlər gərilir və bədən tam hazırlıq vəziyyətinə keçir.

Bu mexanizm insanın sağ qalmasını təmin edən təkamül prosesinin bir hissəsidir. Beynin əsas vəzifələrindən biri təhlükələri vaxtında müəyyən edib orqanizmi qorumaqdır. Lakin bəzi hallarda bu müdafiə sistemi həddindən artıq həssas işləyərək əsassız narahatlıqlara səbəb ola bilir.

Gerçəkləşməyən qorxular insanı tükəndirir

Daim təhlükə gözləmək həm psixoloji, həm də fiziki yorğunluq yaradır. Bu vəziyyət zamanla insanın sosial münasibətlərinə də təsir edir. Şəxs özünü cəmiyyətdən uzaqlaşdırır, yeni təcrübələrdən çəkinir, özünəinamını itirir və həyatını getdikcə daha çox məhdudlaşdırır.

Başqasının yaşadığı hadisə bizdə də qorxu yarada bilər

Mütəxəssislər bildirirlər ki, travmatik hadisəni şəxsən yaşamasaq da, xəbərlərdə və ya sosial mediada davamlı şəkildə belə hadisələri izləmək “ikincili travma” yarada bilər. Başqasının yaşadığı hadisənin bizim də başımıza gələ biləcəyini düşünmək narahatlığı artırır və zamanla “getməyim”, “etməyim”, “almayım” kimi məhdudlaşdırıcı davranışlara səbəb olur.

Kayğı hər zaman zərərlidirmi?

Müəyyən səviyyədə narahatlıq insanı daha diqqətli və məsuliyyətli edir. Lakin bu hiss həddindən artıq gücləndikdə gündəlik həyata mənfi təsir göstərir. Psixoloqlar bildirirlər ki, narahatlığı gizlətmək və ya görməzlikdən gəlmək problemi həll etmir. Əksinə, insan duyğularını tanımalı, onları anlamağa çalışmalı və ehtiyac olduqda psixoloji dəstək almaqdan çəkinməməlidir.

Narahatlığı idarə etməyin yolu

Mütəxəssislər hesab edirlər ki, “Əgər qorxduğum hadisə doğrudan da baş versə, nə edərəm?” sualına cavab axtarmaq daha sağlam yanaşmadır. Mümkün vəziyyətlər üçün plan hazırlamaq və həll yolları düşünmək həm narahatlığı azaldır, həm də insanın özünəinamını artırır.

Araşdırmalar göstərir ki, qorxularımızın böyük hissəsi heç vaxt gerçəyə çevrilmir. Buna görə də əsas məsələ narahatlığın mövcudluğu deyil, onu necə idarə etməyimizdir. Özümüzə dəstək olduqda, beynimizin yaratdığı əsassız qorxu ssenarilərinin təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version