Hepatit, xalq arasında “sarılıq” kimi tanınan və qaraciyərin iltihabına səbəb olan geniş yayılmış xəstəlikdir. Çox vaxt heç bir əlamət vermədən inkişaf edir və ən çox rast gəlinən növü hepatit B-dir.
Dünya üzrə milyonlarla insanı təsirləndirən viral hepatitlər hələ də mühüm ictimai sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 350 milyon insan hepatit B ilə yaşayır, hər il isə 1 milyondan çox insan bu xəstəliklərin yaratdığı ağırlaşmalar səbəbindən həyatını itirir. Türkiyədə də hepatit B və C geniş yayılıb.
Erkən diaqnoz və düzgün müalicə sayəsində hepatitlə effektiv mübarizə aparmaq mümkündür.
Hepatitin səbəbləri
Mütəxəssislərin sözlərinə görə, hepatitə müxtəlif amillər səbəb olur:
viruslar, bakteriyalar, göbələklər və bəzi parazitlər;
alkoqol qəbulu;
qaraciyərin piylənməsi;
bəzi dərman preparatları;
zəhərli maddələr.
Viral hepatitlərin əsas törədiciləri isə hepatit A, B, C, D (Delta) və E viruslarıdır.
Hepatit necə yoluxur?
Ən çox rast gəlinən hepatit növləri A, B və C-dir.
Hepatit A çirklənmiş su və qida, yaxşı yuyulmayan meyvə-tərəvəz vasitəsilə yayılır.
Hepatit B və C əsasən qan və qan məhsulları ilə yoluxa bilər.
Steril olmayan şəraitdə edilən tatuaj, pirsinq və digər prosedurlar da yoluxma riski yaradır.
Hepatit B xəstəsi ilə eyni evdə yaşayan şəxslərin ülgüc, dırnaq qayçısı kimi şəxsi əşyaları ortaq istifadə etməsi də təhlükəlidir.
Virus anadan körpəyə də keçə bilər. Hamilə qadınlarda hepatit B aşkarlanarsa, doğuşdan əvvəl müalicə aparılması körpənin yoluxma riskini azaldır.
Ən təsirli qorunma yolu – peyvənd
Hepatit A və B-yə qarşı peyvənd mövcuddur və vaxtında vurulduqda demək olar ki, 100 faiz qoruyuculuq təmin edir.
Hepatit C üçün peyvənd olmasa da, müasir dərmanlarla 2–3 aylıq müalicə nəticəsində xəstələrin təxminən 98 faizində sağalma əldə etmək mümkündür.
Hepatit B niyə təhlükəlidir?
Hepatit B bəzi hallarda xroniki formaya keçir və illər sonra qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini artırır. Buna görə də xəstələr sağaldıqdan sonra da həkim nəzarətində olmalıdırlar.
Xroniki hepatit B xəstələrinə tövsiyə olunur ki:
spirtli içkilərdən uzaq dursunlar;
hər hansı dərman qəbul etməzdən əvvəl həkimə hepatit daşıyıcısı olduqlarını bildirsinlər;
artıq çəki və qaraciyərin piylənməsinə səbəb olan amillərdən çəkinsinlər.
Daşıyıcı olduğunu bilməyənlər çoxdur
Türkiyədə hepatit B daşıyıcılığı təxminən 4 faiz təşkil edir ki, bu da 2 milyona yaxın insan deməkdir. Onların əhəmiyyətli hissəsi xəstəliyindən xəbərsiz olur və virus təsadüfən – əməliyyatdan əvvəl və ya tibbi müayinələr zamanı aşkar edilir.
Hepatit C də uzun müddət simptomsuz inkişaf edir və diaqnoz qoyulduqda xəstələrin 70–80 faizində artıq xroniki mərhələyə keçmiş olur.
Əlamətləri hansılardır?
Hepatit A adətən daha aydın əlamətlərlə özünü göstərir:
halsızlıq və yorğunluq;
iştahsızlıq;
yüngül qızdırma;
oynaq ağrıları;
göz və dəridə saralma;
sidiyin tündləşməsi;
nəcisin rənginin açılması;
qarın ağrısı.
Hepatit B və C də kəskin mərhələdə oxşar əlamətlər verir.
Risk qrupunda kimlərdir?
Aşağıdakı şəxslərin hepatit B-yə qarşı peyvənd olunması xüsusilə vacibdir:
tibb işçiləri;
tez-tez qan köçürülən xəstələr;
hemodializ xəstələri;
kollektiv yaşayış yerlərində yaşayanlar;
hepatit B daşıyıcısı olan analardan doğulan uşaqlar.
Hepatit A və B peyvəndləri uşaqların milli peyvənd təqviminə daxildir və erkən yaşlardan etibarən onları xəstəlikdən qorumağa kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

