Gundelik.az Elm və təhsil Ədəbiyyat Qəlbi və qələmi Vətən olan yazıçı
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Qəlbi və qələmi Vətən olan yazıçı

Ədəbiyyat aləmində Həsən Elsevər kimi tanınan şair, nasir və dramaturq Həsən Fətullayev 40-cı illərdən başlayaraq İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Razi, Hüseyn İbrahimov, Nağı Nağıyev və başqa yazıçılarla bərabər Naxçıvanda ədəbi mühitin inkişafı və zənginləşməsində böyük rol oynamışdır.
Həsən Mehdi oğlu Fətullayev 1925-ci ilin mayın 25-də Naxçıvan şəhərində anadan olub. Həsən Fətullayev müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında artist kimi əmək fəaliyyətinə başlayan H.Fətullayev II Dünya müharibəsi başlayarkən ordu sıralarına gedərək ağır artilleriya qoşunlarında döyüş yolu keçmişdir. Döyüşlərdə yaralanan H.Fətullayev arxa cəbhəyə dönərək burada əmək fəaliyyətindən qalmamış, Aviasiya Könüllü Yardım Cəmiyyətinin Naxçıvan Vilayət Komitəsində təlimatçı kimi çalışmışdır. O, həmçinin Naxçıvan şəhər 1 nömrəli orta məktəbində dəstə rəhbəri, hərbi və bədən tərbiyəsi şöbəsinin müdiri, Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. Yazıçı 1952-57-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Təhsil illərindən sonra Nehrəm kəndində 1 nömrəli orta məktəbdə müəllimlik etmiş, axşam fəhlə-gənclər məktəbinin direktoru olmuşdur. Naxçıvan Radio və Televiziya Verilişləri Komitəsində fəaliyyətinə davam edən yazıçı burada redaktor, böyük redaktor kimi işinə davam etmiş, eyni zamanda ştatdankənar “Məktəb həyatı” televiziya jurnalının redaktoru, maarif işçiləri nəzdində fəaliyyət göstərən “Valideynlər universiteti”nin rektoru olmuşdur. Yazıçı uzun illər Naxçıvan Muxtar Respublika Kitabxanasına rəhbərlik etmişdir (1984-2002). Həsən Fətullayev 2003-cü ilin mayın 16-da vəfat etmişdir.
Həsən Fətullayev ədəbi yaradıcılığa 1942-ci ildə “Şərq qapısı” qəzetində dərc etdirdiyi “Azərbaycan fəxr edir” şeiri ilə gəlmişdir. Ədəbi fəaliyyətə şeirlə gəlməsinə baxmayaraq Həsən Elsevər öz yaradıcılığına nəsrlə davam etmiş, özünü peşəkar nasir kimi tanıtmışdır. Onun povest və hekayələrində o dövrün ictimai sifarişinə uyğun olan mövzu və problemlər başlıca yer alsa da, əsərlərində maraqlı və aktual problemlər, müxtəlif insan taleləri əks etdirməyə nail olmuşdur. Çoxsaylı nəsr əsərlərinin müəllifi olan Həsən Elsevərin ilk işıq üzü görən və yazıçını geniş oxucu kütləsinə təqdim edən kitabı 1964-cü ildə çap olunan “Ürəklər bir vuranda” adlı kitabıdır (Bakı, Azərnəşr, 1964, 72 s.). Gənc yazıçının ilk hekayələri daxil edilən bu kitabda saf məhəbbət, ailə-məişət məsələləri, insan taleləri, II Dünya müharibəsinin gətirdiyi dəhşətlər və insanların bir-birinə inam və məhəbbəti və s. özünə yer almışdır.
Yazıçının “Ürəklər bir vuranda” hekayəsində müharibə illərində döyüşə yollanan Sultan adlı Azərbaycan övladının taleyindən bəhs edilir. Döyüşlərdə ağır yaralanan Sultan bir rus kəndində sadə bir ailədə müalicə alarkən alman faşistləri bu kəndə  daxil olur. Sultan evin gənc qızı Nina ilə zirzəmidə mühafizə olunur. Yaşlı olduqları üçün onlara xətər gəlməyəcəyinə ümid bəsləyən valideynlər alman faşistlərinin atəşinə tuş gəlir və həlak olurlar. Sultan böyük qəhrəmanlıqla alman faşistlərini məhv edərək buradan qaçıb Nina ilə birlikdə sovet döyüşçülərinə qoşulurlar. Müharibədə ağır yaralanan və hərəkət qabiliyyətini müvəqqəti itirən Sultan evə dönərkən onu sevən Nina ilə vidalaşmaq və öz fiziki qüsurunun gətirdiyi həyat çətinliklərini onunla paylaşmaq istəmir. Lakin sevgisində sədaqətli və bütöv olan Nina onu necə var elə sevdiyini ifadə edərək onunla evlənir və vətənə geri dönürlər. Onların arasındakı saf, səmimi və sədaqətli məhəbbət Sultanın yarasının sağalması ilə nəticələnir və onlar xoşbəxt ömür sürməyə başlayırlar. Yazıçının ad olaraq seçdiyi “Ürəklər bir vuranda” isə qəhrəmanların sevdiyi mahnının sözləridir. Yazıçının bu ilk kitabında “Məhəbbətin qarşısı alınmazdır”, “Tarzən Səfər”, “Ata”, “Nadirovun əməlləri”, “Çobanın nağılı” və s. kimi maraqlı hekayələri də yer almışdır. Ümumiyyətlə, yazıçının müxtəlif illərdə 15 kitabı işıq üzü görmüşdür. Yazıçının “Gözəllik bulağı” (Bakı, Azərnəşr, 1974, 32 s.), “Mən əsir doğulmamışam” (Bakı, Yazıçı, 1978, 122 s.), “Ürək daşdan deyil” (Bakı, Yazıçı, 1982, 156 s.), “Zəlzələ”, “El sərkərdəsi” (şeirlər), “Yaralıdır Azərbaycan”, “Qaçmaq igidlik deyil”, “İnamsızlıq yaman dərddir” (şeirlər və poemalar), “Çiçəklənir baharımız” (şeirlər), “İki qardaş” (poema), “Səgrək (pyes), “Bir ürəkdir – iki can” (şeirlər və poemalar), “Əlyar” (mənzum nağıl), “Sənsiz bizim bir günümüz olmasın” (poema, şeirlər və mahnılar) kitabları onun yaradıcılıq uğurlarına işıq tutur.
Yazıçının “Zəlzələ”, “Səda”, “El üçün yanan ürək”, “Mən əsir doğulmamışam”, “Qurban və Süsən” kimi povestləri də maraqlı mövzulara həsr olunaraq özündə qəhrəmanların taleyi timsalında xalqa, elə, obaya bəslənilən məhəbbət və sərf edilən əməyin insana gətirdiyi xoşbəxtlikdən bəhs edir. Yazıçının “Ürək daşdan deyil”, “Qan itməz”, “Suvaqçı Aslan”, “Şirin dilə aldanmayın” və b. hekayələrində də saf məhəbbət, ictimai əxlaq, doğruluq və dürüstlük, əməksevərlik və halallıq kimi vacib əxlaqi-mənəvi keyfiyyətlər yer alır. Yazıçının 90-cı illərdə Azərbaycanın və onun alınmaz qalası olan Naxçıvanın ərazilərinə erməni hərbi təcavüzlərinin gətirdiyi ağır problemləri, müharibə dəhşətləri və əhalinin birlik və əzmlə apardığı mübarizəni 90-cı illərdə yazıb çap etdirdiyi “Qaçmaq igidlik deyil”, “Kəşfiyyatçılar”, “Girov” kimi hekayələrində əks etdirmişdir. Azərbaycan xalqının birgə mübarizə əzmi və qəhrəmanlıqlarının əks edildiyi həmin əsərlərdə mənfur erməni millətinin şeytani xarakteri, törətdikləri vəhşiliklər, insanlığa qarşı yol verdikləri qanlı dəhşətlər və s. öz təsvirini tapmışdır. Həmin hekayələr yazıçının 1998-ci ildə çap etdirdiyi “Qaçmaq igidlik deyil” kitabında toplanmışdır. Qeyrətli Azərbaycan övladı Şəmistan (“Qaçmaq igidlik deyil”) təkbaşına günlərlə evini əhatəyə alan onlarla erməni silahlıları ilə qəhrəmanlıqla döyüşür. Düşmən əhatəsindən çıxara bilmədiyi həyat yoldaşı Zülfiyyəni və qızı Qönçəni erməni faşizminin insanlığa zidd vəhşi əməllərindən qorumaq üçün Şəmistan böyük hünər, cəsarət və rəşadət göstərir. İnsanlıq və mərhəmət tanımayan nanəcib düşmənin əlinə keçməmək üçün Şəmistanın ailə üzvləri ilə bir-birlərinə sarılaraq evlərini yandırması və düşmənə də ciddi zərər yetirməklə öz namus və iffətlərini qoruması Azərbaycan övladı və ailəsinin şərəf, ləyaqət və qeyrət rəmzi olaraq ümumiləşir. Ağır itkilər verən, kimlərlə və neçə nəfərlə döyüşdüklərini heyrətlə gözləyən erməni silahlıları evin içinə girib cəmi üç meyid – Şəmistanın və yanında bir qadın və bir uşağın cəsədini gördükdə dəhşətdən yerə mıxlanıb qalırlar. Eləcə də Şahnazla Səyyarın (“Kəşfiyyatçılar”), Famillə Xanımzərin (“Girov”) etdikləri qəhrəmanlıqlar, göstərdikləri cəsarət və şücaət oxucunun qəlbinə fərəh və iftixar duyğuları bəxş edir. Bu əsərlərdə yazıçının həm də Azərbaycan qadınının əsrlərcə canında-qanında daşınıb gələn namus və qeyrət hissləri, ailəsi, eli, vətəni üçün göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələri təsirli tablolarla əks edilib. Xanımzər və Şahnazın, Zülfiyyə və körpə qız bala Qönçənin bir-birindən fərqli olsa da, etdikləri davranış onların milli qeyrət, heysiyyət və şərəfinin təzahürü kimi diqqəti cəlb edir. Xanımzər və Şahnaz qəhrəmanca döyüşdükləri kimi, Zülfiyyə körpə balası Qönçə ilə erməni vandallarına əsir düşməmək üçün ömür-gün yoldaşı qəhrəman Şəmistanla birgə yanaraq ölməyi seçir və bununla öz ölümü ilə də olsa belə, Azərbaycan qadınının şərəf və ləyaqət zənginliyini göstərmiş olurlar. Buna görə akademik İsa Həbibbəyli onun haqqında yazır ki: “Həsən Elsevərin müharibə dövrü nəsrindəki vətənpərvərlik ideyaları yeni nəsillər üçün mühüm əhəmiyyətə malikdir. Yazıçının müasirlərimizin həyatından söz açan əsərlərində də ictimai motivlər insan mənəviyyatı ilə vəhdətdə təsvir olunmuşdur. Yazıçı bütün yaradıcılığı boyu cəmiyyət və qəhrəman münasibətlərinin bədii təqdiminə üstünlük vermişdir”.
Həsən Fətullayevin yaradıcılığının son dövrlərində çap etdirdiyi bir neçə kitabda onu ədəbiyyat aləminə gətirən  poeziya nümunələri toplanıb. Onun şeirlərində də 90-cı illərin ab-havasına uyğun ictimai mətləblər, tarixi motivlər, milli məsələlər və s. ümumiləşərək öz əksini tapmışdır. Onun “Qüdrət”, “İmam Zaman”, “İki qardaş” kimi poemaları da yazıçının poeziyaya olan marağını nümayiş etdirir. Həsən Elsevər yazdığı müxtəlif pyeslərlə özünü həm də bir dramaturq kimi tanıtmışdır. Onun “Vüqarlı gözəl” (1966), “Alınmaz qala” (1976), “Xankəndinin qartalı” (1995), “Koroğlu nəsli” (1998) və  “Təhlükəli oyun” (1999) kimi pyesləri mövzu müxtəlifliyi baxımından diqqəti cəlb etdiyi kimi, milli mündəricəli problem və qayğıları hədəfə alması ilə də diqqət mərkəzinə gəlir. Dramaturqun müxtəlif əsərləri Naxçıvan Dövlət Musiqili Dram Teatrı və Poeziya teatrında tamaşaya qoyulmuşdur. Yazıçının 90-cı illərdə qələmə aldığı “Səgrək” adlı pyesi də ayrıca kitab olaraq çap edilmişdir (Naxçıvan, 1999). Mövzusundan da göründüyü kimi, yazıçının bu əsəri Azərbycan xalqının mənəviyyat və bahadırlıq kitabı olan “kitabi-Dədə Qorqud” dastanının “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyunun motivləri əsasında yazılmışdır. Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanının bu boyu hadisə və süjet etibarilə Naxçıvanla daha yaxından bağlı olan bir boydur. Burada hadisələr Dərəşam, Əlincə qalası və onun ətrafında baş verir.  Buna görə də naxçıvanlı ədəbiyyat adamları daha çox bu boya müraciət edərək onun motivləri əsasında müxtəlif əsərlər yazmışlar. Həsən Elsevərin də bir yaradıcı insan, ədəbiyyat adamı kimi bu boya müraciət etməsi və “Səgrək” adlı poemasını yazması bu mənada doğma torpağa bağlılıq və onun şanına əsər yaratmaq məqsədindən irəli gəlir. Onun qələmindən çıxan “Əlyar” mənzum nağılı da mövzu baxımından maraq doğurur. Şifahi xalq ədəbiyyatından yaradıcılıqla istifadə edən Həsən Elsevər məşhur “Əlyarla dovşanın nağılı” motivləri əsasında “Əlyar” mənzum nağılını yaratmış, uşaqlar üçün böyük maraq kəsb edəcək bir əsər ortaya qoymuşdur. Burada insanın kamalı və ağlına ümid və onun qələbəsinə inam başlıca yerdə dayanır. Ümumiyyətlə, üslubunu xalq yaradıcılığı motivlərinə və ədəbiyyat klasiklərinə söykənərək inkişaf etdirib zənginləşdirən Həsən Elsevər “Çobanın nağılı”, “Suvaqçı Aslan” kimi nəsr əsərlərində də yaradıcı istifadə bacarığını nümayiş etdirmişdir. “Çobanın nağılı” hekayəsində fanatizm, köhnəliyə inam, falçılığın ifşası kimi məsələləri tənqid hədəfinə çıxaran yazıçı xalq ədəbiyyatı motivlərindən və nağıl üslubundan istifadə edərək bu əsərini ərsəyə gətirmişdir. Onun “Suvaqçı Aslan” hekayəsi öz məzmunu ilə bizə xalq nağıllarımızı, klassik ədəbiyyatımızın nəhəng nümayəndəsi Əbdürrəhimbəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”əsərini və dünya ədəbiyyatının tanınmış nümayəndəsi Dantenin “İlahi komediyası”nı xatırladır. “Suvaqşı Aslan” hekayəsinin qəhrəmanı Aslan zəhmətsiz gəlirlə varlanmaq və kef bir həyat yaşamaq arzusundadır. Yuxuda görür ki, kirayə qaldığı evin xanımını öldürmüş, onun qızıl-zinət əşyalarını götürərək aradan çıxmışdır. Tutulacağından qorxan Aslan anasını görmək həvəsi ilə evlərinə gedir və qapını bağlı görür. Qonşularının qapılarını döyən Aslana qonşu bildirir ki, bəs bir neçə aydır ki, anası vəfat etmişdir. Bu xəbəri eşidən Aslan anasını görmək arzusu ilə qəbiristanlığa doğru gedir. Qəbiristanlığa daxil olan Aslan qəbir evinə girməli olur və beləcə, onun o biri dünyaya səyahəti başlanır. Anasını axtara-axtara Aslan müxtəlif davranışlarda olan insanlar görür. Səbəbini öyrəndikdə məlum olur ki, burdakı hər kəs yer üzündə işlətdiyi əməllərin forması və məzmununa uyğun olaraq cəzalandıqlarından bu cür davranırlar: südçü qadın yer üzündə yaşayarkən satdığı südə su qarışdırdığı üçün o biri dünyada da buna görə cəza alır, ancaq vedrələri doldurub-boşaltmaqla məşğuldur, xəbərçilik edən adam burada da ona-buna xəbər aparıb-gətirir, əvəzində söyülüb təhqir edilir, vəzifəsindən sui-istifadə edən yazıçı onu-bunu işlədib onların yazılarını öz adına çap etdirdiyi üçün ona uyğun cəza alır, xitabət kürsüsündə heç kimin dinləmədiyi ac-yalavac qalmış xalqı aldadan, şirin vədlər verərək vəzifələrdə olan məmuru görür, kəndlərindəki körpünü söküb mənimsədiyi üçün bu biri dünyada kötüyə döndərilən adamı tanıyır, boyunlarını aldıqları adamları daşımağa vadar edilmiş taksi sürücüləri ilə rastlaşır,  işıqlı dünyada eyş-işrət içində saraylarda yaşayan hökmdarı bu biri dünyada ac-yalavac xarabalıqda yaşayan görür, icad etdiyi müxtəlif silah-sursatlarla bəşəriyyətə ölüm, müharibə, fəalakət gətirdiyinə görə isə alimə o biri dünyada yemək olaraq icad etdiyi həmin əşyalar verilir və s. Yorulub bir daş üstündə oturmaq istərkən qarşıdakı çəmənzarlıqdan anası onu səsləyir və o daşın üstündə oturmamasını istəyir. Çünki o daşın üstündə ancaq qatillər, cinayət törətmiş adamlar otururlar. Bu zaman ayılan Aslan törətdiyi hadisə və cinayət haqqında anasına məlumt verib ondan üzrxahlıq edir. “Yaxşı ki, bu cinayətləri etməmisən” deyən anasının sözlərindən sonra Aslana məlum olur ki, onun gördükləri sadəcə bir yuxu imiş. Əlbəttə, bütün bunlar yazıçı bəhanəsi olaraq forma seçilmiş vasitədir və yazıçı sələflərindən məharətlə istifadə etməklə dövrünün eybəcərliklərini, nöqsan və çatışmazlıqlarını bu cür tənqid və ifşa etmişdir.
Həsən Fətullayevin yaradıcılığında izlədiyi doğruluq və dürüstlük, qəhrəmanlıq və şərəf, məsuliyyətlilik və ləyaqət, əməksevərlik və halallıq, vətənpərvərlik və qəhrəmanlıq kimi mənəvi keyfiyyətlər onun əsərlərində başlıca ideyaya çevrilərək onun yaradıclıq amalı, kredosu kimi ümumiləşir. Öz yaradıcılıq yolu və amalı haqqında  “Mənim yolum” adlı şeirində bəhs edən şair Həsən Elsevər bu barədə yazırdı:
Neçə yol var dünyada
Biri bərli-bəzəkli,
Biri geniş, biri dar,
Biri daşlı-kəsəkli.
Yol var düşən xar olar,
Yol var gedən ucalar.
Yol var düşən sevinər
Yol var gedən alçalar.
Bir imzam vardır mənim
Milyon qollar içində,
Bir yolu seçmişəm mən
Min bir yollar içində.
O yol düzlük, ədalət,
Saf məhəbbət yoludur.
Adəmi insan edən
Əmək, zəhmət yoludur.
Onun “Ürəklərə axıram” başlıqlı şeiri isə ümumi ruhu, forması, pafosu, məzmunu etibarilə Xalq şairi Rəsul Rzanın “Mən torpağam” şeiri ilə doğmalıq təşkil edir:
Mən torpağam, adamların
Ürəyinə axıram.
Mən işığam, yaraşığam,
Göydən yerə baxıram.
Can verirəm səhralara,
Hər dərəyə, hər düzə.
Çevirirəm qara donlu
Gecələri gündüzə.
Nə gizlədim, bu sirr artıq
Yerə, göyə əyandır.
Bu qüvvəti, bu hikməti
Mənə verən insandır.
Beləliklə, 78 illik ömrünün 60 ilə yaxın bir dövrünü ədəbi yaradıcılığa həsr edən Həsən Elsevər Naxçıvan ədəbi mühitinin zənginləşməsinə öz töhfələrini vermiş, özünü bir şair, dramaturq və nasir kimi tanıtmışdır. Onun qələmindən çıxan müxtəlif janrlı əsərləri çap olunan 15 kitabında toplanaraq geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Daha çox özünü nasir kimi təsdiq edən yazıçı əsərlərində maraqlı insan taleləri və yüksək əxlaqi-mənəvi keyfiyyətlər əks etdirərk  böyük ideallar ortaya qoymuşdur. Milli-mənəvi keyfiyyətlər, ümummilli tale və Azərbaycan torpaqlarının bütövlüyü onun yaradıcılığının başlıca qayəsini təşkil edir. İki mühüm mərhələdə – həm sovet dönəmində, həm də müstəqillik illərində yazıb-yaradan sənətkar müxtəlif dövrlər üçün səciyyəvi olan ayrı-ayrı məsələləri öz yaradıcılığında ehtiva etdiyi kimi, vahid, milli təəssüb və maraqdan çıxış edən birləşdirici məsələləri də əks etdirmişdir. Çoxsaylı əsərlər və kitablar müəllifi olan, müxtəlif sahələrdə əmək fəaliyyəti göstərmiş Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Həsən Elsevərin (Fətullayev) əməyi qiymətləndirilərək Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına da layiq görülmüşdür. Bu istedadlı yazıçının haqqında ayrıca tədqiqat əsəri yazılmasa da, bəzi tədqiqatlarda, o cümlədən Naxçıvan ədəbi mühitinin görkəmli araşdırmaçısı akademik İ.Həbibbəylinin, habelə prof. Y.Axundovun, prof.H.Həşimlinin, M.Nəsirlinin, dos.V.Məmmədovun, dos.S.Seyidin, M.Saraclının və b. tədqiqatlarında bəhs olunmuşdur.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Gundelik.az
Exit mobile version