Dağların sükutunda, qayaların arasında yaşayan kiçik bir heyvan var. Onun adı pikadır. İlk baxışdan dovşanı xatırlatsa da, əslində pika tamam başqa bir canlıdır. Balaca qulaqları, yumru gözləri və çevik hərəkətləri ilə təbiətin ən maraqlı sakinlərindən biridir.
Pikalar əsasən dağlıq ərazilərdə yaşayırlar. Onlar qış yuxusuna getmirlər. Buna görə də soyuq və qarlı aylarda qidasız qalmamaq üçün yay boyunca çalışırlar. Məhz buna görə pika günlərlə dağ çəmənliklərində gəzir, müxtəlif otlar və çiçəklər toplayır.
Pikanın Səbr Səbəti
“Bəs Pika niyə çiçək toplayır?
O, çiçəkləri sadəcə sevdiyi üçün deyil, qış üçün ehtiyat toplamaq məqsədilə yığır. Topladığı bitkiləri günəş altında qurudur, sonra isə qayaların arasındakı kiçik yuvalarında saxlayır. Təbiət alimləri bu ehtiyatları bəzən “pikanın ot anbarı” adlandırırlar. Beləcə, qar dağları örtdüyü zaman pika yaydan topladığı nemətlərlə qidalanır.
Ancaq pikanın hekayəsində bizə öyrədəcək daha böyük bir sirr də var.
Balaca pika sanki gələcəyi düşünməyi bacaran müdrik bir müəllimdir. O, bizə göstərir ki, həyat yalnız bu günlə yaşamır. Sabah üçün hazırlaşmaq, zəhmət çəkmək və əziyyətin bəhrəsini gözləməyi bacarmaq vacibdir. Yayın isti günlərində çalışdığı üçün qışın sərt soyuğundan qorxmur.
Çiçəklər isə onun üçün sadəcə qida deyil. Hər topladığı çiçək zəhmətin, səbrin və ümidin rəmzidir. Təbiət sanki pikanın vasitəsilə bizə deyir ki, ən kiçik canlı belə böyük dərslər verə bilər.
Bəzən insanlar böyüklüyü gücdə axtarırlar. Halbuki əsl böyüklük məsuliyyətdə, çalışqanlıqda və gələcəyi düşünməkdədir. Bir ovuc çiçək daşıyan balaca pika bunu hər gün öz həyatı ilə sübut edir.
Ona görə də dağlarda bir pikanın çiçək topladığını eşidəndə unutma: o, sadəcə qış üçün yem toplamır. O, təbiətin bizə göndərdiyi kiçik, amma müdrik bir dərsdir. Hər çiçəyin içində zəhmətin gözəlliyini, hər zəhmətin sonunda isə ümidin çiçəkləndiyini bizə xatırladır.
Kim bilir, bəlkə də təbiətin ən böyük müəllimlərindən biri məhz həmin balaca pikadır…
AYNUR TURAN
Gundelik.az

