Gundelik.az Xəbərlər İqtisadiyyat Panama kanalı mənfəətini 20% artırıb
Dünya İqtisadiyyat Xəbərlər

Panama kanalı mənfəətini 20% artırıb

Panama kanalının 2025-ci maliyyə ili üzrə xalis mənfəəti ötən illə müqayisədə 20% artaraq 4,13 milyard balboaya (4,13 milyard ABŞ dolları) çatıb. Kanalın ümumi gəliri isə 14,4% artaraq 5,7 milyard dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 4,98 milyard dollar idi.

Bu barədə Gundelik.az kanalın hesabatına istinadən xəbər verir.

Əlverişsiz hava şəraiti və dəyişkən bazar şərtlərinə baxmayaraq, ötən il kanaldan 13 400 gəmi tranzit keçib ki, bu da əvvəlki illə müqayisədə təxminən 20% çoxdur. Gəmilərin 3300-ü Neopanamax, 10 000-i isə Panamax tipli olub. Ümumi yük dövriyyəsi 423,1 milyon tondan 15,6% artaraq 489 milyon tona yüksəlib. Artım əsasən konteyner daşımaları və mayeləşdirilmiş neft qazı (LPG) tranziti hesabına təmin edilib. Mayeləşdirilmiş təbii qazın (LNG) daşınması isə yüksək nəqliyyat xərclərinə görə azalıb.

Yük dövriyyəsinin 253,6 milyon tonu Neopanamax, 235,5 milyon tonu isə Panamax gəmilərinin payına düşüb. Kanal administrasiyası bildirib ki, əldə edilən nəticələr onun fəaliyyətinin davamlılığını göstərir və 2026-cı ildə iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan verəcək.

Planlaşdırılan layihələrə Rio İndio su anbarının inşası, 76 kilometrlik okeanlararası enerji dəhlizinin (LPG və digər enerji daşıyıcılarının qıfıllardan keçmədən ötürülməsi üçün) tikintisi, sahil terminallarının genişləndirilməsi, logistika infrastrukturunun inkişafı və yeni avtomobil yollarının salınması daxildir.

Uzunluğu 82 kilometr olan Panama Kanalı Atlantik və Sakit Okeanları birləşdirir. Kanal 170 ölkəni əlaqələndirən və 1920 limanı əhatə edən 180-dən çox daşıma marşrutuna xidmət göstərir. Kanalın su təminatı Qatun gölündən həyata keçirilir.

2023-cü il regionda son 140 ilin üçüncü ən quraq ili olub. Quraqlıq səbəbindən kanalın su səviyyəsi aşağı düşmüş, gəmi axını təxminən 40% azalmışdı. Bəzi aylarda gəmilərin gözləmə müddəti 13 günə qədər uzanmışdı. Tranzit axınını sabitləşdirmək üçün administrasiya 2023-cü ilin avqustunda gündəlik keçid sayını 36-dan 32-yə, icazə verilən su axınını isə 50 futdan 44 futa endirmişdi.

Yeni hidro-əməliyyat strategiyasının tətbiqi nəticəsində 2024-cü ildə vəziyyət normallaşıb. İyul ayında verilən açıqlamada bildirilib ki, 2026-cı ilin əvvəlində Panama Kanalı tam gücü ilə fəaliyyət göstərəcək.

Gundelik.az 

Exit mobile version