Pakistan hökuməti ölkənin silahlı qüvvələri tərkibində müasir texnologiyalarla təchiz olunmuş raket qüvvələri yaratmaq niyyətindədir.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib.
Baş nazir bildirib ki, yeni qoşunların yaradılması Pakistanın müdafiə potensialının gücləndirilməsində dönüş nöqtəsi olacaq. Şərif bu açıqlamanı Pakistanın Müstəqillik Günü ərəfəsində İslamabadda keçirilmiş mərasimdə verib.
Qeyd olunur ki, bu ilin əvvəlində Hindistan və Pakistan arasında gərginlik artıb. Aprelin 22-də Hindistanın Pahalqam şəhərində baş verən silahlı hücumdan sonra Dehli Pakistanı məsuliyyət daşımaqda ittiham edib, İslamabad isə bu iddiaları rədd edib. Mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistan ərazisində infrastruktur obyektlərinə və İslamabadın nəzarətində olan Kəşmir bölgələrinə hava zərbələri endirərək “Sindoor” əməliyyatını həyata keçirib, Pakistan tərəfi isə cavab zərbəsi ilə reaksiya verib.
Zərbələrin mübadiləsi zamanı hər iki tərəf raketlərdən, pilotsuz təyyarələrdən və döyüş təyyarələrindən istifadə edib. Mayın 10-da ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Gundelik.az

