Cənubi Afrikalı pastor Coşua Mlakelanın dünyanın sonu ilə bağlı proqnozlaşdırdığı 12–13 oktyabr 2026-cı il tarixləri gəlib çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə daha əvvəl “New York Post” nəşri məlumat yayıb.
Uğursuz proqnozları ilə tanınan pastor Coşua Mlakela iddia edir ki, bu tarixləri ona Allah və İsa Məsih yeni görüntülər vasitəsilə bildirib. Onun proqnozu Yer kürəsinin fiziki məhvi ilə deyil, möminlərin Böyük Məşəqqət dövründən əvvəl göylərə yüksələcəyi “göyə qaldırılma” hadisəsi ilə bağlıdır.
Lakin sosial şəbəkələrdə bu iddia tezliklə bütün canlıların məhv olacağı apokalipsis ssenarisinə çevrilib.
Mlakela daha əvvəl göyə qaldırılmanın 23 sentyabr 2025-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı. Həmin vaxt onun bəzi tərəfdarları bu iddiaya o qədər inanmışdılar ki, evlərini və avtomobillərini satmış, hətta işlərindən ayrılanlar da olmuşdu.
Proqnoz gerçəkləşmədikdə pastor Allahın insanların tövbə etməsi üçün Qiyamət gününü təxirə saldığını iddia etmişdi. İndi isə o, əvvəlki səhvini təqvim fərqi ilə izah edir. Mlakela yeni tarixi yəhudilərin Roş-Ha-Şana bayramı ilə əlaqələndirərək, hadisənin əsl tarixinin sentyabrda deyil, oktyabrda olduğunu bildirir.
NASA-nın məlumatlarına görə isə kosmosdan planetimiz üçün hər hansı təhlükə qeydə alınmayıb. NASA-nın Yerə yaxın obyektləri araşdıran mərkəzi məlum asteroid və kometlərin orbitlərini izləyir. Onların arasında Yer kürəsi üçün təhlükə yaradan obyekt yoxdur. Mətnə əsasən, proqnozun gerçəkləşmə ehtimalı 0,1 faizdən aşağı qiymətləndirilir.
Mlakela isə mövqeyində israrlıdır: “Göyə qaldırılma üçün başqa tarix yoxdur. Mənim üçün bu, son tarixdir”.
Daha əvvəl milyarder Piter Til də dünyanın sonunun yaxınlaşdığını proqnozlaşdıraraq Antixristin artıq aramızda olduğunu iddia etmişdi. Onun fikrincə, texnologiyaların inkişafını məhdudlaşdırmaq cəhdləri Armageddonun yaxınlaşmasını sürətləndirir.
Nuri
Gundelik.az

