Dahi Azərbaycan şairi Mirzə Məhəmməd Əli Saib Təbrizi dünya ədəbiyyatının ölməz simalarındandır. Onun əsərlərində öz xalqının mənəvi dünyası, bədii dühası öz əksini tapıb. Tamamilə yeni üslubda şeirlər yazan Saibin şöhrəti az bir zamanda bütün farsdilli ölkələrə yayılıb, poeziyası çox yüksək qiymətləndirilib. XVII yüzillikdə Füzuli ədəbi məktəbinin davam və inkişaf edilməsində Saib Təbrizinin böyük xidmətləri olub. Əsərlərini Azərbaycan və fars dillərində qələmə alan şair ədəbi mühitdə “Əsrinin Füzulisi” adlandırılıb, eyni zamanda təzkirəçi kimi də tanınıb.
Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, xalq arasında yaxşı etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi Şərq dünyasında “Qələmi şirin” adı ilə tanınmış çox mahir xəttat idi.
XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında olur. Buna görə də Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini başa vuranda artıq onu İsfahanda savadlı, ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ənənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Osmanlıya gedir. Osmanlıda o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Cahan şahın sarayına aparır. (Cahan şah sonralar dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac-Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur “Vərqa və Gülşa” poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq, onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzunmüddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun “Divan” ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on “Divan”ı varmış.
Saib Təbrizinin atası onun dalınca Hindistana gedib, oğlunu İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək, yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra – şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yazır. Saib Təbrizi İran tədqiqatçılarının “İsfahan üslubu” adlandırdıqları yeni poetik cərəyanın yaradıcısıdır. Hindistanda isə onu farsdilli poeziyanın “Hindistan məktəbi”nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. “Qəndəharnamə” poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.
Süleyman şah (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.
Saib Təbrizi ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq “Miratül-camal”, “Arayişe-nigar” və “Vacibül-hifz” adlı toplular təşkil edir.
- Təbrizi böyük bir poetik irs qoyub getmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət “Azərbaycanın görkəmli adamları” kitabında yazır ki, o, özü Saibin 120 min beytlik “Divan”ını (poemaları daxil olmadan) gözü ilə görüb.
Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.
Saib Təbrizi iki dildə şeir yazan görkəmli Azərbaycan şairlərindəndir. Şairin Azərbaycanca yazdığı qəzəllərlə yanaşı, fars dilində yaratdığı sənət inciləri XVII əsrin farsdilli poeziyasının ən yaxşı nümunələri olduğundan Saibi eyni zamanda İran ədəbiyyatının da görkəmli nümayəndəsi hesab edirlər. Saib Təbrizi vətəni Təbrizdən ayrılıb uzun illər İsfahanda və qürbət ölkələrdə yaşadığı müddətdə, həmin ölkələrdə ədəbi-içtimai fikrin inkişafına böyük təsir göstərmişdir. Buna baxmayaraq, o, daim Təbrizin havası ilə qanadlanmış, bu gözəl şəhərin adını iftixarla çəkmiş, ona mənsub olduğu üçün fəxr etmişdir:
Sədi əgər Şirazın boz qumundan yarandı,
Saib doğdu Təbrizin müqəddəs torpağından.
Şair qürbət ellərdə olarkən Təbrizdə keçirdiyi xoşbəxt günlərini, ömrünün bahar çağlarını həsrətlə xatırlamışdır.
O bahar ömrümüzün günləri düşdükcə yada,
Saibin fikri gəzər Təbrizin o cənnətini.
Şair Hindistanda olarkən İsfahana qayıtmağı arzuladığı kimi, İsfahan şəhərində də həmişə Təbrizi arzulamışdır. Çünki İsfahanda Saib nə qədər gözəl şeirlər yazsa da, özünə və sənətinə qarşı bir laqeyidlik və qayğısızlıq hiss edib narahat olmuşdur:
Saibin şeiri verir indi bütün gözlərə nur,
Görməmişdir belə bir sürmə İsfahan yuxuda.
Saib qürbət ölkələri dolaşandan sonra keçirdiyi iztirabları, çəkdiyi sıxıntıları aşağıdakı beytində ümumiləşdirmişdir:
Qürbətə bağlama bel, tərk eləmə tez vətəni,
Hər quşa öz yuvası, hər kişiyə öz vətəni.
Saib Təbrizinin sənətkarlıqla deyilmiş nəsihatəmiz şeirləri çoxdur. Elə buna görə də, təzkirəçilərin verdiyi məlumatdan aydın olur ki, Saibin divanlarından seçilib üzü köçürülmüş gülçinlər o zaman kitabxanalardan daha çox alimlərin və şeirsevərlərin evində, hökmdarların saraylarında olurmuş. İllər keçdikcə Azərbaycanın bu böyük söz ustadının divanları dünyanın bir çox mötəbər kitabxana və müzeylərinə aparılmışdır. Saib Təbrizinin yadigar qoyub getdiyi ədəbi irsi ilk dəfə Hindistanda, “Seçilmiş əsərləri” 1927-ci ildə Heydərəli Kəmali tərəfindən İranda, “Kulliyyat”ı 1954-1957-ci illərdə Əmir Firuzkuhi tərəfindən Tehranda, Azərbaycan dilində qəzəlləri 1946-cı ildə ərəb əlifbası ilə ilə akademik H.Araslı tərəfindən Bakıda, Saibin öz xətti ilə yazılmış divanın faksimilesi 1971-ci ildə Kəraçidə nəşr olunmuşdur. Saib Təbrizinin hörmətli oxuculara təqdim olunan bu kitabında toplanan əsərləri adlarını çəkdiyimiz divan və külliyatlardan əlavə, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda saxlanılan divanlarından seçilmişdir. Onun yadigar qoyub getdiyi yüksək sənət nümunələri, təbliğ etdiyi böyük bəşəri ideyalar bu gün də çox yüksək qiymətləndirilməkdədir. Azərbaycanın bu görkəmli sənətkarı XVII əsrdən bəri yazılmış minlərlə çiglərdən, təzkirələrdən, ədəbi və elmi kitablardan oxucuların qəlbinə köçmüşdür. İndi o, milyonlarla pərəstişkarının ürəyində yaşayır. Şair özü də vaxtilə yazmışdır:
Bu qara torpağın altındadı Saib,- deyə siz gəzməyiniz,
Məni bundan sonra gəzsəz, siz ürəklərdə gəzin.
Məhəmməd Əli Saib Təbrizi XVII əsrdə yaşamış qüdrətli Azərbaycan şairidir. Bu mütəfəkkir sənətkar hələ öz sağlığında İranda, Hindistanda, Əfqanıstanda və Türkiyədə məşhur olmuş və həmin xalqların ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir.
Saib Təbrizi gənclik illərini doğma şəhəri Təbrizdə keçirmiş, sonra müəyyən fasilələrlə yuxarıda adları çəkilən ölkələrə səfər etmiş, həmin yerlərdə yazıb-yaratmış və nəhayət, İsfahan şəhərinə qayıdıb, ömrünün axırına qədər orada yaşamışdır.
Saib Təbrizi XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində gözəl əsərlər yaradan klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biridir. Tədqiqatlar nəticəsində Saib Təbrizinin təqribən 300 min misra şeir yazdığı müəyyənləşdirilmişdir. 1975-ci ildə Hindistanın Lakhnau şəhərinin əlyazmalar xəzinəsindən şairin 230 min misradan artıq şeirinin köçürülüldüyü əlyazma nüsxəsi tapılmışdır. Saib Təbrizi çoxsaylı qəsidələr, rübailər, qitələr, məsnəvilər və nəsr əsərləri yazsa da, Azərbaycan ədəbiyyatı tarixinə məhz müqtədir qəzəl ustası kimi daxil olmuşdur. Onun “Qəndəharnamə” məsnəvisi Azərbaycan ədəbiyyatında epik şeirin qiymətli nümunələrindən biri sayılır.
Şairin müxtəlif mənbələrdə göstərilən “Mahmud və Ayaz” məsnəvisi isə dövrümüzə gəlib çatmamışdır. Saib Təbrizi həm də Azərbaycan ədəbiyyatı tarixi üçün qiymətli mənbələrdən sayılan “Səfinei-Saib” adlı cüngün tərtibçisidir. Onun yaradıcılığı Azərbaycanda, həmçinin İranda, Türkiyədə, Orta Asiya ellərində, Əfqanıstanda və Hindistanda farsdilli və türkdilli ədəbiyyatların inkişafına mühüm təsir göstərmişdir.
Saib Təbrizi hələ səfərdə ikən saraya yaxın olan bəzi bədxahlar və məddah şairlər onu Şah Abbasın gözündən salmağa çalışmışlar. Belə ki, İsfahana qayıdan şair sarayın ona qarşı laqeyidliyini və ədəbi mühitin qeyri-səmimiliyini hiss etmiş və yenidən İsfahanı tərk etmək qərarına gəlmişdir. Saib 1625-ci ildə Hindistana köçmüşdür. O, öz narazılığını aşağıdakı beytlərdə əks etdirmişdir:
Necə qızdırmadan xəstə dəyişər yastığın hər an.
Qiyamət qopsa dünyada, o insafsız xəbər tutmaz,
Ona təsir edərmi heç bu qəlbin etdiyi əfğan?..
Nə ləl vardı, nə gövhər gedəndə İsfahandan sən,
Özünlə şeir apar, Saib, bəzənsin sözlə Hindistan.
Şairin “Qəndəharnamə” poeması və “Mahmud və Ayaz” adlı əsəri də özünəməxsusluğu ilə seçilir. Saib Təbrizi öz şeirlərilə yanaşı, istər sələflərindən, istərsə də müasirlərindən sevib bəyəndiyi 800 şairin şeirindən 25 min beytlik bir gülçin hazırlamışdır ki, bu kitab “Səfinəye-Saib” adı ilə məşhurdur.
Ömrünü şeirə, sənətə həsr etmiş, yarım əsrdən artıq yaradıcılıq yolu keçmiş Saib Təbrizi 1676-cı ildə İsfahan şəhərində vəfat etmişdir. İsfahanda məşhur “Saib təksəyində” dəfn olunmuş bu böyük sənətkarın qəbri uzun illər gözdən-nəzərdən uzaqda qalmışdır. Ədəbi ictimaiyyətin səyi nəticəsində şairin qəbri tapılmış, ölümünün 300 illiyi münasibətilə yenidən bina edilmişdir.
Təzkirəçilərin verdiyi məlumatdan aydın olur ki, Saib xoşxasiyyət, mülayim təbiətli, möhtərəm bir şəxs olunmuşdur. Lakin məclislərdə hazırcavab, bədahətən şeir deyən, müşairəni sevən bir sənətkar imiş.
Azərbaycan alimi akademik Həmid Araslı Saib poeziyasını dahi Füzulinin şeirləri ilə müqayisə edir və Azərbaycanın bu iki sənətkarının yaradıcılığında yüksək sənətkarlıq cəhətdən bir yaxınlıq görür. Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani, Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Balaş Azəroğlu, tədqiqatçılar Həsən Bicari və Məsiağa Məhəmmədi maraqlanmış və onun irsini tədqiq etmişlər. Saibin yaradıcılığı indi İranda, Hindistanda və Qərbdə də geniş tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin istedadını etiraf edir və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər.
Adlarını çəkdiyimiz alim və təzkirəçilərdən başqa İsmayıl Hikmət, Haci, Vəluqulu bəy Şamlu, H.Kəmali, Vəhid Dəstgirdi, Ə.Dehxuda, Dəstqeyb, Arif Şirazi, Məhəmməd Əfzəl Sərxoş, Mövlana Məhəmməd Möhsün Feyz, Cuya Təbrizi, E.Braun, Ruo, Herman Ete Kibb, H.Bicari və s. Saib Təbrizi haqqında qiymətli fikirlər söyləmişlər.
Məhəmməd Əli Saib Təbrizi iki dildə şeir yazan görkəmli Azərbaycan şairlərindəndir. Şair azərbaycanca yazdığı qəzəlləri ilə yanaşı, fars dilində yaratdığı sənət inciləri XVII əsr fars dilli poeziyanın ən yaxşı nümunələri olduğundan Saibi eyni zamanda İran ədəbiyyatının da görkəmli nümayəndəsi hesab etmişlər.
Saib Təbrizi yaradıcılığından bəhs edən alimlər onun yeni söz demək tərzindən, fikir orjinallığından və üslub xüsusiyyətindən ayrıca danışmış, şairin bu cəhətini sənətkarlığının müvəffəqiyyətlərindən hesab etmişlər.
Saib vətəni Təbrizdən ayrılıb uzun illər İsfahanda və qürbət ölkələrdə yaşadığı müddətdə həmin yerlərin ədəbi-ictimai fikrinin inkişafına böyük təsir göstərmişdir. Şair qürbətdə olarkən Təbrizdə keçirdiyi xoşbəxt günlərini, ömrünün bahar çağlarını həsrətlə xatırlamışdır:
O bahar ömrümüzün günləri düşdükcə yada,
Saibin fikri gəzər Təbrizin o cənnətini.
Ədəbiyyat aləmindəki müvəffəqiyyətlərini bu doğma şəhərin adı ilə bağlamış, “Saib, sən gözəl təbinlə Təbrizi şəhərlər içərisində başı uca etmişsən”- deyərək doğma anası qarşısında iftixarla hesabat verən təvazökar bir oğlu xatırlatmışdır.
Lirik şair Saib Təbrizinin ölümü ədəbiyyat aləmində böyük bir itki olmuş, onun müasirləri bu böyük ustadın vəfatına mərsiyələr yazmışlar. Təzkirəçilər və ədəbiyyatşünaslar onun sənəti qarşısında öz heyranlıqlarını gizlədə bilməmişlər. Şair haqqında ilk sözü onun müasirləri söyləmişdir
– Saibin şeiri verir indi bütün gözlərə nur,
Görməmişdir belə bir sürmə İsfahan yuxuda.
Fəqət gözlərə nur verən bu sənətkar İsfahanda özünə layiqincə qiymət verilməməsini görürdü. O, yaxşı bilirdi ki, onun günəş kimi parlaq sənətini pərdələmək, od-alov saçan şeirlərinin səsini batırmaq mümkün deyildir. Odur ki, yazırdı:
Küllə məni örtmək diləyən sadədil insan,
Çaxmaq daşını parçalayan şölələrim var.
AYNUR TURAN
Gundelik.az

