Özümüzə gülə bilmək psixoloji və sosial baxımdan faydalı xüsusiyyət hesab olunur. Araşdırmalar göstərir ki, həyata daha yumoristik və yüngül yanaşmaq stresslə mübarizəyə, həyat məmnuniyyətinə və münasibətlərə müsbət təsir göstərir.
Zarafat qəbul etməyən uşaqlar niyə kənarda qalır?
1990-cı illərdə aparılan araşdırmalarda yaşıdları tərəfindən kənarlaşdırılan uşaqların iki əsas qrupa bölündüyü müəyyən edilib. Onların bir qismi aqressiv və zorakı davranış göstərir, digər qismi isə daha çəkingən və itaətkar olurdu. Hər iki qrupun ortaq xüsusiyyəti isə zarafatları qəbul etməkdə çətinlik çəkmələri idi.
Aqressiv uşaqlar zarafatlara qəzəblə reaksiya verir, çəkingən uşaqlar isə inciyərək özlərinə qapanırdılar. Daha özünəinamlı uşaqlar isə zarafatları ya ciddi qəbul etmir, ya da onlara gülüb keçirdilər.
Özünə gülmək və özünü alçaltmaq eyni deyil
Mütəxəssislər insanın özünə gülməsi ilə özünü alçaldan zarafatlar etməsi arasında mühüm fərq olduğunu bildirirlər.
Özünü təsdiqləyən yumor insanın çətin vəziyyətlərdə hadisələrin gülməli tərəfini görməsinə və problemlərlə daha rahat mübarizə aparmasına kömək edir. Bunun əksinə, daim öz zəifliklərini qabartmaq və başqalarının rəğbətini qazanmaq üçün özünü alçaltmaq aşağı özünəinamla əlaqəli olur.
Lakin sonrakı araşdırmalar göstərib ki, özünü alçaldan yumorla bağlı əvvəlki fikirlər tamamilə doğru olmur. Bəzi insanlar özləri haqqında zarafat etsələr də, yüksək özünəinam və sağlam sosial münasibətlərə sahib ola bilirlər.
Gülüşdən qorxan insanlar
Başqalarının onlara gülməsinə həddindən artıq həssas yanaşan insanlarda gelotofobiya – gülüşdən qorxma müşahidə olunur. Belə insanlar hətta qarşı tərəfin sadə təbəssümünü belə özlərinə yönəlmiş istehza kimi qəbul edə bilirlər.
Bu vəziyyət uşaqlıqda sərt və cəzalandırıcı tərbiyə, məktəbdə uzunmüddətli lağ obyektinə çevrilmə kimi mənfi təcrübələrlə əlaqəli olur. Gelotofobiya sosial münasibətlərdən uzaqlaşma, tənhalıq və depressiv əhval ilə də əlaqələndirilir.
Bunun əksi isə gelotofiliya adlanır. Bu xüsusiyyətə sahib insanlar başqalarının onlara gülməsindən narahat olmur, hətta bundan zövq ala bilirlər.
Özünə gülməyin faydaları
Mütəxəssislərin fikrincə, insan özünü həddindən artıq ciddi qəbul etmədikdə gündəlik problemlərə daha obyektiv yanaşa və çətinliklərin öhdəsindən daha asan gəlir.
Özünə gülmək həmçinin yeni insanlarla ünsiyyətdə təhlükəsiz yumor vasitəsi olur. Kiçik səhvləri yumorla qarşılayan insanların daha səmimi və bacarıqlı qəbul edildiyini göstərən araşdırmalar da var.
Bununla belə, sərhədi qorumaq vacibdir. Özünü tənqid edən yumor insanı rahatlaşdırdığı halda, davamlı şəkildə özünü alçaltmaq və dəyərsiz göstərmək əks təsir yaradır.
Yumor hissini necə inkişaf etdirmək olar?
Mütəxəssislər daha yüngül və əyləncəli düşüncə tərzini gündəlik məşqlərlə inkişaf etdirməyin mümkün olduğunu bildirirlər.
Bunun sadə yollarından biri hər axşam gün ərzində baş verən ən maraqlı və ya əyləncəli üç hadisəni qeyd etməkdir. Araşdırmalara görə, belə məşqlər insanın özünü daha şən və oynaq hiss etməsinə, depressiv əhvalın azalmasına və xoşbəxtlik səviyyəsinin artmasına kömək edir.
Əsas məqsəd özünü alçaltmaq deyil, həyatdakı kiçik uğursuzluqlara və çatışmazlıqlara daha yüngül yanaşmağı öyrənməkdir.
Mənbə:BBC TÜRK
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

