Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə imzalanmış dəmir yolu sazişi bu marşrut üzrə yükdaşımaların həcmini və xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Nazir qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomert Tokayevin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında logistika sahəsində mühüm əməkdaşlıq qurulub. Bu kontekstdə “Orta Dəhliz Dəmir Yolu Marşrutu ilə Yük Daşımaları üçün Əməkdaşlıq və İş İnkişafı Sazişi” imzalanıb. Saziş Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədri və baş direktoru Talgat Aldybergenov, Türkiyə Dövlət Dəmir Yolları (TCDD) Nəqliyyat A.Ş.-nin baş direktoru Ufuk Yalçın, Türkiyədən Logursaacif A.Ş. və Qazaxıstandan KTZ Express şirkətinin iştirakı ilə imzalanıb.
Müqavilənin əhəmiyyətinə toxunan Uraloğlu bildirib: “Qazaxıstanla imzaladığımız bu dəmir yolu sazişi vasitəsilə Orta Dəhlizdə yükdaşımaların həcmini və xidmət keyfiyyətini artırmağı hədəfləyirik. Bu çərçivədə Türkiyə ilə Qazaxıstan arasında müntəzəm blok qatarlarının hərəkətinə başlanacaq. Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yükdaşımaların həcmi artırılacaq. Eyni zamanda Çin–Avropa və Çin–Afrika marşrutları üzrə ikitərəfli nəqliyyat inkişaf etdiriləcək, rəqabətədavamlı tariflər müəyyən olunacaq, çoxmodullu logistika imkanları və tarif sistemləri gücləndiriləcək”.
Nazir əlavə edib ki, Orta Dəhlizin – müasir İpək Yolunun – gücləndirilməsi istiqamətində işlər sürətlə davam etdirilir.
Müqavilə çərçivəsində rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi və birgə investisiya təşəbbüsləri də yer alır.
Uraloğlu bildirib ki, tərəflər birgə sərmayələrin təşviqi, texniki avadanlıq və məlumat mübadiləsi, sənədsiz sənəd dövriyyəsinin tətbiqi, konteynerlərin idarə olunması kimi rəqəmsal həllərin inkişafı və bilik-təcrübə mübadiləsi sahəsində də əməkdaşlıq edəcəklər.
Bu strateji tərəfdaşlıq Türkiyə və Qazaxıstanın qlobal logistikadakı rolunu daha da gücləndirməyi, Orta Dəhlizdə rəqabət qabiliyyətini artırmağı və regional iqtisadi inteqrasiyanı dəstəkləməyi hədəfləyir.
Gundelik.az

