ABŞ-də ChatGPT-nin yaradıcısı “OpenAI” şirkətinin Kaliforniyadakı ofisində rəhbər şəxslərin iclas otağına gizli səs yazan cihaz yerləşdirildiyi üzə çıxıb. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran səlahiyyətlilər şirkətdə mühəndis kimi çalışan, Səudiyyə Ərəbistanı vətəndaşı Abdulrahman Alfozanı şübhəli şəxs kimi müəyyən ediblər. Oktyabrın 9-da saxlanılan Alfozan təqsirli bilinərsə, 5 ilədək həbs cəzası ala bilər.
Gundelik.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi süni intellekt şirkəti “OpenAI”nin Kaliforniya ştatındakı ofisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Nazirliyin məlumatına görə, şirkət əməkdaşları sentyabrın sonunda rəhbər şəxslərin istifadə etdiyi iclas otağında televizorun arxasındakı USB girişinə yerləşdirilmiş səs yazan cihaz aşkarlayıblar.
Aparılan araşdırma zamanı tualet kağızına bükülmüş cihazın təxminən sentyabrın 28-də yerləşdirildiyi müəyyən edilib. Cihazdakı faylların şifrələndiyi üzə çıxıb.
Təhlükəsizlik kameraları şübhəlini üzə çıxarıb
Şirkətin təhlükəsizlik kameralarının görüntüləri araşdırılarkən, 2025-ci ilin iyul ayından “OpenAI”də mühəndis kimi çalışan Səudiyyə Ərəbistanı vətəndaşı Abdulrahman Alfozanın hərəkətləri diqqət çəkib.
Görüntülərdən məlum olub ki, Alfozan cihaz aşkarlanmamışdan əvvəl iclas otağının ətrafında bir neçə dəfə dolaşıb.
Həmçinin şübhəlinin oktyabrın 5-də iclas otağına daxil olaraq səs yazan cihazın yerləşdirildiyi istiqamətə baxdığı müəyyən edilib.
Çantasından daha bir səs yazan cihaz tapılıb
İstintaq çərçivəsində Alfozana məxsus olduğu bildirilən çantada daha bir səs yazan cihazın aşkarlandığı iddia olunur.
Səlahiyyətlilər şübhəlinin rəhbər şəxslərin məxfi məlumatları müzakirə etdiyi iclasları gizli şəkildə qeydə almağı planlaşdırdığını iddia edirlər.
Cihazın hər hansı söhbəti qeydə alıb-almadığı və əldə edilmiş məlumatların üçüncü şəxslərlə paylaşılıb-paylaşılmadığı barədə isə dəqiq məlumat açıqlanmayıb.
5 ilədək həbs cəzası ala bilər
“OpenAI”nin şikayətindən sonra oktyabrın 9-da saxlanılan Abdulrahman Alfozan oktyabrın 13-də ilk dəfə hakim qarşısına çıxarılıb.
İttihamlar məhkəmə tərəfindən sübuta yetirilərsə, Alfozanı 5 ilədək həbs, 250 min dollaradək cərimə və cəzasını çəkdikdən sonra 3 il nəzarət altında azadlıqda qalma cəzası gözləyə bilər.
Hadisə ilə bağlı məhkəmə prosesi davam edir. Şübhəli şəxsə qarşı irəli sürülən iddialar hələlik qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiqlənməyib.
Nuri
Gundelik.az
