OpenAI şirkəti ChatGPT üçün planlaşdırılan “adult mode” (böyüklər rejimi) funksiyasının istifadəyə verilməsini yenidən təxirə salıb.
Məlumata görə, gecikmə barədə xəbər Axios nəşrinə təsdiqlənib. Şirkət bildirib ki, hazırda daha geniş istifadəçi kütləsi üçün faydalı olacaq yeniliklərə üstünlük verilir.
Bu funksiya üzərində artıq bir neçə aydır işlənilir. OpenAI-nin baş direktoru Sam Altman ötən ilin oktyabrında belə bir imkanın gələcəkdə tətbiq edilə biləcəyini demişdi. Onun sözlərinə görə, uyğun yaş təsdiqi sistemləri qurulduqdan sonra böyüklər üçün daha açıq məzmunlara icazə verilə bilər.
İlkin plana görə, funksiyanın dekabr ayında istifadəyə verilməsi nəzərdə tutulurdu. Daha sonra tarix 2026-cı ilin əvvəlinə keçirildi. İndi isə yeni buraxılış tarixi hələ açıqlanmayıb.
Şirkət bildirir ki, əsas diqqət hazırda ChatGPT-nin intellekt səviyyəsinin, “şəxsiyyətinin”, fərdiləşdirmə imkanlarının və proaktiv funksiyalarının inkişafına yönəlib.
OpenAI sözçüsü Axios-a deyib ki, şirkət “böyüklərə böyüklər kimi yanaşmaq” prinsipini dəstəkləsə də, xüsusilə etibarlı yaş yoxlaması və təhlükəsizlik mexanizmləri yaratmaq daha çox vaxt tələb edir.
Bu qərar süni intellekt şirkətlərinin qarşılaşdığı çətin balansı da göstərir. Çünki böyüklər üçün məzmunun icazə verilməsi senzura, təhlükəsizlik və moderasiya ilə bağlı müzakirələri daha da artırır. Üstəlik, ChatGPT kimi alətlər yeniyetmələr və gənclər tərəfindən də geniş istifadə olunur.
“Adult mode” ideyası ilk gündən mübahisələrə səbəb olub. Tərəfdarları hesab edir ki, bu funksiya böyüklərə süni intellektlə daha sərbəst ünsiyyət imkanı verəcək. Tənqidçilər isə bunun istismar, açıq məzmun və sui-istifadə risklərini artıracağından narahatdır.
Hələlik isə bu funksiya planlarda qalsa da, son məlumatlara görə istifadəçilər onun yaxın zamanda istifadəyə veriləcəyini gözləməməlidirlər.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

