ABŞ-ın yarımkeçirici istehsalçısı Nvidia süni intellekt imkanlarını noutbuk və masaüstü kompüterlərə gətirən RTX Spark adlı yeni super çipini təqdim edib. Şirkətin açıqlamasına görə, Microsoft-un Windows əməliyyat sistemi ilə uyğun işləyəcək bu texnologiya gələcəkdə süni intellekt köməkçilərinin siçan və klaviatura kimi ənənəvi idarəetmə vasitələrinin rolunu qismən əvəz etməsinə şərait yarada bilər.
Tayvanda keçirilən Computex konfransında çıxış edən Nvidia-nın baş direktoru Jensen Huang bildirib ki, Microsoft ilə üç il davam edən əməkdaşlığın nəticəsi olan bu çip süni intellekt dövründə fərdi kompüterlərin inkişafına yeni istiqamət verəcək.
MediaTek-in dəstəyi ilə hazırlanan yeni platforma prosessor və qrafik çipini birləşdirir. Bu sayədə süni intellekt köməkçiləri bulud xidmətlərinə ehtiyac olmadan birbaşa kompüterdə, yerli şəkildə işləyə biləcək.
Yüksək məhsuldarlığına baxmayaraq, yeni çip nazik və yüngül kompüterlərin istehsalına imkan verir. Texnologiyadan Dell, Lenovo, Asus və HP kimi istehsalçıların istifadə etməsi planlaşdırılır.
Bu addımla Nvidia istehlakçı kompüterləri bazarında Intel, Apple, Qualcomm və AMD kimi rəqibləri ilə mübarizəni daha da gücləndirib.
Analitiklər hesab edirlər ki, bu yenilik ChatGPT və DeepSeek kimi süni intellekt inqilablarının davamı ola bilər və gələcəkdə ənənəvi proqram əsaslı kompüterləri daha ağıllı rəqəmsal iş köməkçiləri əvəz edə bilər.
Şirkət həmçinin süni intellekt köməkçiləri üçün nəzərdə tutulmuş Vera adlı yeni mərkəzi prosessorunu (CPU) da təqdim edib. Bu prosessorun ilk istifadəçiləri arasında OpenAI, Anthropic və SpaceX yer alır.
Jensen Huang süni intellektin məşğulluğa mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, bu texnologiya proqram mühəndislərinə olan tələbatı azaltmayacaq, əksinə, əmək məhsuldarlığını artıraraq yeni iş imkanları yaradacaq. O vurğulayıb ki, proqram mühəndislərinin işə qəbulu azalmır, əksinə artmağa davam edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

