Biz profanlaşmış, yəni dəyərlərdən arındırılmış dünyanın sakinləriyik. O dəyərlərdən ki, onlar insanlara psixoloji güc, özgüvən verirdi. İnsanlar bu dəyərlərdən arındırıldıqları üçün bu gün psixoloji cəhətdən lüt qalıblar.
Gundelik.az xəbər verir ki, bu barədə şair, yazıçı Aqşin Yenisey fikirlərini bölüşüb.
“Mişel Fuko yazır ki, insan lüt olanda özünü daha gücsüz hiss edir. Ona görə əsirləri, məhkumları dərhal soyundurub, saçlarını qırxırlar. Lütləşdirirlər, yəni gücsüzləşdirirlər”, – o deyib.
A. Yenisey vurğulayıb ki, günümüzün insanı isə psixoloji cəhətdən lütdür: “Çünki profandır. Ona görə özünə psixoloji güc verən birini axtarır. Ona psixoloji güc vəd edən hər kəsin dediyinə inanır.
Psixoloji lütlüyünü örtən hər şey onun üçün müqəddəsdir!
Psixoloji lütlüyünün fərqində olmayanlar isə fizioloji lütlüyünü azadlıq və xoşbəxtlik zənn edir.”
“Pornoqrafiya fərqində olunmayan ifrat psixoloji lütləşmənin nəticəsidir.
“Göbələk” psixoloqlar bu lütləşmənin dərziləridir. Müştərilərini, sadəcə, lüt olmadıqlarına inandırırlar”, – deyə yazıçı fikirlərini yekunlaşdırıb.
Gundelik.az

