Dünyanın ən böyük qida və sərinləşdirici içki istehsalçısı olan İsveçrənin “Nestle” şirkətinin gəliri bu ilin yanvar–sentyabr aylarında 1,9% azalaraq 65,87 milyard İsveçrə frankı (82,8 milyard ABŞ dolları) təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 67,15 milyard frank olub.
Gundelik.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, qarşıdakı iki il ərzində xərclərin azaldılması məqsədilə 16 min iş yerinin ixtisarı planlaşdırılır. Hədəf 2027-ci ilə qədər xərcləri 2,5 milyarddan 3 milyard İsveçrə frankına qədər azaltmaqdır.
Üzvi satış artımı (alqılar, aktivlərin satışı və valyuta dəyişmələri çıxılmaqla) 3,3% təşkil edib. Məhsul qiymətləri isə orta hesabla 2,8% bahalaşıb. Analitiklərin proqnozuna əsasən, gəlirin 65,77 milyard frank və üzvi artımın 3,2% olacağı gözlənilirdi.
Regionlar üzrə göstəricilərə baxıldıqda, “Nestle”nin gəliri Amerika qitəsində 4,8% azalaraq 25,29 milyard CHF, Asiya, Afrika və Okeaniyada 2,5% azalaraq 15,26 milyard CHF, Avropada isə 2,6% azalaraq 12,79 milyard CHF olub. Üzvi artım müvafiq olaraq 2,5%, 2,7% və 4,3% təşkil edib.
Nespresso qəhvə və qəhvə maşınlarının satışları 2,6% artaraq 4,71 milyard CHF-ə yüksəlib. “Nestle Health Science” bölməsində gəlir 1,4% azalaraq 4,85 milyard CHF, su və içkilər seqmentində isə 0,4% azalaraq 2,75 milyard CHF olub.
Şirkətin bazar dəyəri ilin əvvəlindən 1,7% artaraq 192,41 milyard frank təşkil edib. “Nestle”nin portfelinə “Nescafe”, “Nesquik”, “Nestea”, “Movenpick”, “KitKat”, “Gerber”, “Maggi”, “Perrier”, “S.Pellegrino”, “Purina”, “Friskies” kimi 2000-dən çox brend daxildir. Hazırda şirkətdə təxminən 277 min işçi çalışır.
Gundelik.az

