Gundelik.az Elm və təhsil Ədəbiyyat NƏSİLLƏRƏ ÖRNƏK OLAN ÖMÜR YOLU – Mahirə Hüseynova -65
Ədəbiyyat

NƏSİLLƏRƏ ÖRNƏK OLAN ÖMÜR YOLU – Mahirə Hüseynova -65

Ömür insana Ulu Tanrı tərəfindən bəxş olunmuş ən qiymətli əmanətdir. Bu dünya isə verilmiş bu əmanəti sınamaq üçün ağlı-qaralı, enişli- yoxuşlu bir yoludur. Bu yollardan ən ucası isə elm yoludur. Çünki elm yolu insanı haqqa, ucalığa aparır.Yalnız bu yolun istisinə- soyuğuna, çətinliklərinə dözənlər haqqa qovuşurlar. Məncə, elm sözü ilə əməl sözü məna və mənşəyinə görə də qohum sözlərdir. Elə bu səbəbdən deyiblər ki, elm olmasa, əməl də olmaz. Bu da həqiqətdir ki, hər hansı bir əməlin kökündə elm olanda o daha faydalı olur. Demək olar ki, bütün ömrünü elmə, təhsilə, bədii yaradıcılığa həsr edən Mahirə Hüseynova elm aləmində kifayət qədər tanınan ziyalılarımızdandır. O, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində çalışır. Deyirlər elmin vətəni olmur, amma hər bir ziyalının, elm adamının vətəni var. Bu gün elm aləmində öz sözünü deyən Mahirə xanım getdiyi hər yerdə azərbaycanlı olmasi ilə fəxr edir. O, Dünya Söz Akademiyasının fəxri akademiki,Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının Sədridir.Tanınmış alim 27 elmi kitab və monoqrafiyanın, dərs və metodik vəsaitlərinin, fənn proqramlarının, 15 şeir kitabının, 500-dən artıq elmi məqalənin müəllifidir. Alimin 50-dən artıq elmi əsəri xarici ölkələrdə nəşr edilmiş, bir neçə beynəlxalq mükafatların laureatıdır. 10-dan artıq jurnalın təsisçisi, baş redaktoru və üzvüdür. Professor Mahirə Hüseynovanın bilavasitə rəhbərliyi ilə neçə-neçə elmlər namizədi, elmlər doktoru elm aləminə vəsiqə alıb. Onu tanıyanlar da təsdiq edərlər ki, Mahirə Hüseynova Azərbaycan dilçilik elmi sahəsində xüsusi məktəb yaratmışdır. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan elmində bir Mahirə Hüseynova məktəbi var. Onun dilçilik elminə gətirdiyi yeniliklər bunu söyləməyə əsas verir .
Noyabr ayının 4-də ömrünün çox hissəsini elmə, bədii yaradıcılığa həsr edən filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 yaşı tamam olur. 65 yaş – ömrün zirvəsi, kamillik, müdriklik çağıdır. 65 yaş təkcə rəqəm deyil, geridə qalan illərin, çəkilən zəhmətlərin, qazanılan uğurların, yazılan sözlərin, yaşanan duyğuların sükutlu zirvəsidir, hesabatıdır. Hər bir yubiley sanki insanın hesabat dövrüdür. Çünki insan bu yubiley vaxtlarında özündə bir məsuliyyət hiss edir.Ömrün astanasında, yolayrıcında dayanıb ömür kitabını bir-bir vərəqləyır.Sanki öz qarşısında, cəmiyyət qarşısında hesabat verir. Bir növ illərlə tikdiyi mənəvi saraya nəzər salır…. Mən bu ömrü necə yaşadım? Nə itirdim, nə qazandım? Bu gün Mahirə xanımın keşməkeşli ömür yoluna nəzər saldıqda biz də şahidi oluruq və özünün də qeyd etdiyi kimi “ İnanma, Mahirə, kim desə suçdu, Həyat savaşıymış, ötən günlərim” -deyən şair ömrünü hədər yaşamayıb. Bir də ki, vətənə cismən, ruhən bu qədər qırılmaz tellərlə bağlı olan insan heç vaxt ömrünü hədər yaşaya bilməz. “Vətən” adlı şeirində də yazdığı kimi:

Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizimdə,
Sənə məhəbbətim, Vətən, bitmədi.

Gördüyümüz kimi,Vətən anlayışı Mahirə xanımın yaradıcılığında özünəməxsus orjnal deyimlərlə tərənnüm olunur. Toxunulmazlıq simvolu kimi bir daha təsdiqlənir. Həm də o, təkcə vətən torpaqını tərənnüm etmir, bu torpaqın qədrini bilməyə, onu qorumaga, ona dikilən yad gözlərə qarşı amansız olmaqa caqırır . Həqiqətən də, bir millətin ziyalısı, alimi, müdrik ağsaqqalı nə qədər çox olarsa, həm də sözü ilə, əməli ilə xalqına xidmətdə olarsa, o millətin xöşbəxt gələcəyi,işıqlı sabahı var, xoş o millətin halına. Çünki ziyalı xalqın görən gözü, düşünən beyni,danışan dilidir. Bir milləti millət kimi tanıdan əlbəttə ki, onun ziyalısıdır. Mahirə xanım həm sosial şəbəkələrdə, həm televiziya kanallarında, elmi-ictimai fəaliyyətində vətənin sədaqətli qızı olduğunu, bu vətənin əsl ziyalısı olduğunu əməli işi ilə sübut edir. Təkcə elə bunu xatırlatmaq kifayətdir ki, o, Qərbi Azərbaycanın azərbaycanlıların yaşayış məskəni olduğunu bütün dünyaya bəyan etdi.
Mahirə xanım həyatda necə sadədirsə, bədii yaradıcılığında da oxucusu ilə cox sadə, səmmi, el dili ilə desək, ürək dilində danışmağı bacarır. Yəni ürəkdən qopan hər kəlmə, hər söz səmimidirsə, hissin duyğunun ifadəsidirsə, o zaman şeir oxucunu cəkəcək, düşündürəcək, müəlliflə oxucu arasında bir ab hava, baglılıq, körpü yaranacaq. Mahirə xanım da həyatdakı hadisələri görür və bu hadisələr haqqında ürək yanğısıyla danışır. Yaxşı bir məsəl var deyir, yalanın dili qışqırıq, gercəyin dili hıcqırıqdır. Mahirı xanım oxucuya fikrini qışqıra -qışdıra, hay küylə, zorla deyil, səmimiyyətlə, duyub düşündüklərini, qəlb cırpıntılarını, ürək döyüntülərini sanki pıcıltıyla catdırır:
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.

O, ürəyini oxucusunun qarşısında bir süfrə kimi acır və deyir belədir. Ancaq beləni də elə tərzdə deyir ki, oxucu ona inanır,onun dərdinə şərik olur. O, sözlərini elə  səmimiyyətlə, ürək yanğısıilə deyir ki, sanki onun ürəyinin istisi, odu, alovu oxucunun da ürəyini isidir, alovlandırır.
Mahirə xanım çox nikbin, mübariz ruhlu şairdir. Dərd əlindən acizləşməyən, əksinə, dərdi özünün ən yaxın dostu , sirdaşı sayan, dərdsiz günlərini ömrünə saymayan, bir gün belə dərdsiz qalmadığını, doğulandan dərdlə qoşa yarandığını söyləyir . Hətta bəzən dərd əlindən yuxusuz qalıb ürəyi köz-köz olsa da, gözlərinin güldüyünü poeziya dili ilə belə ifadə edir :

Gecələri şirin-şirin yatmadım,
Dərdi yarı-yarı böldü gözlərim.
İçim yandı, alov ərşə dayandı,
Ovutdu dərdimi, güldü gözlərim…

Yaxut da başqa bir şeirində dediyi kimi:

Axan göz yaşımdı, dəymə,
Mənə daş-qaşımdı, dəymə.

Dərd sağlıq həmdəmimdi,
Ölsəm, başdaşımdı, dəymə.

Dərdi bundan gözəl ifadə etmək mümkün deyil. Həm də bu fkir poeziyamızda yeni, poetik bir fikirdir. Mənaya baxın, sağlığımda həmdəmim, öləndə başdaşımdı.Bu yerdə Ulu Yunis Əmrənin bir şeirini xatırlatmaq yerinə düşərdi:

Dərdimi demərəm dərdsiz insana,
Dərd çəkməyən dərd qədrini biləmməz,
Dərdim mənə dərman imiş sən demə,
Heç bir zaman gül tkansız qalammaz.

Gördüyünüz kimi, mövzu oxşardı, amma yanaşma müxtəlifdir. Mahirə xanım da işlənmiş mövzuya müraciət edir , amma o mövzuya yeni məna, yeni nəfəs verməyi bacarır,  bir növ, mövzunu özününküləşdirməyi bacarır.Həqiqətən də, əsl şeir dərddən yaranır.
Dərddən yaranan şeirin ömrü də uzun olur. Şeir dərdin dilidir, göz yaşlarının sözə cevrilmiş formasıdır. Mahirə xanımın da şeirləri dərddən yaranıb.Onun şeirlərində dərdin ünvanı Vətəndir, sinəsinə dağlar çəkilən Qarabağ dərdiydi, didərginlik dərdiydi, düşmən tapdağı altında inləyən torpaqlarımızın harayıydı, iki yerə bölünmüş bir xalqın fəryadıydı, bu gün Qərbi Azərbaycan dərdidir…
Mahirə xanım sifahi xalq ədəbiyyatını dərindən bilən və yaradıcılığında bu janrın müxtəlif nümunələrindən yerli yerində, zərgər dəqiqliyi ilə işlətməyi bacaran şaidir. O, yüzlərlə bayatının müəllifidir.Bu bayatıların hər sətrindən, hər bəndindən sanki Vətənin ətri, torpağın təravəti baş qaldırır:

Susdum, dilim lalıymiş,
Kəndim , havam balıymiş.
Gəzdim hər yanı gördüm,
Cənnətim Xalxalymiş.

Danılmazdır ki,kövrək duyğuları olmayan insan qəlbin dərnliklərindən süzülüb gələn dərin hisslərin ifadəsi olan bayatı kimi janra köklənə bilməz. Mahirə xanımın bayatıları da bu kövrək duyğulardan bəhrələnib:

Dəniz qırağı sərin,
Meh oynadır tellərin.
Keçib gələ bilmirəm,
Dalğa çox, suyu dərin.

Mahirə xanım tariximizin ən dəhşətli yaddaşların dörd misrada elə poetik obrazlarla dilə gətrir ki, bunları oxuyub kövrəlməmək mümkün deyil.Bu yerdə akademik, folklorşünas alim Teymur Bünyatovun fikrini xatırlatmaq yerinə düşərdi. “Bayatı ayrı-ayrı sinədəftərlərin sinəsindən qopan, dövrün, zamanın sınağından çıxan, könüllərdə yuvalanan, xalqlaşan, xalqın adından əbədiləşən mənəviyyat abidəsi, beşik nəğməsi, ana laylasıdır”

Dərdi küncə qoyalar,
Bircə-bircə qoyalar.
Ürək torpaq deyil ki,
Bir il dincə qoyalar.

Bu cür ifadələri işlətmək üçün mütləq xalqın tarixini, soykökünü, milli adət- ənənəsini, ən əsası folklorunu, həyat tərzini dərindən bilməlisən, bir sözlə, xalqı tanımalısan. Mahirə xanımın seirlərində M. Cəlilin dili ilə desək “Anamın kitabından szülüb gələn sözlər” hakimdir.
Kimə məxsusluğunu dəqiq xatırlaya bilmədiyim müdrik bir deyimdə deyildiyi kimi: “Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir”. 65 yaşın zirvəsində olan Mahirə xanım da sadəliyi özünün həyat kredosu kimi qəbul edib. Elmin yüksək zirvələrinə nail olsa da, həyatda öz sadəliyi, səmimiyyəti və təvazökarlığı ilə bir çoxlarına nümunə ola biləcək ziyalı alim, istedadlı şairdir. Düşünürəm ki, məhz bütün bu dəyərlərinə görə professor Mahirə Hüseynova öz şərəfli və uğurlu həyat yolu ilə gənclər üçün örnək məktəbidir.
Geniş təqdimatına o qədər də ehtiyac duymadığım filologiya elmləri doktoru, professor Mahirə xanım özünü cəmiyyətə bu cür təqdim edib. Əgər belə bir şərt qoyulsa ki, bir cümlə ilə Mahirə xanımı təqdim edin. Düşünürəm ki, əksəriyyəti bu fikri söyləyər:
“Mahirə xanım sadə, səmimi insan, vətənpərvər ziyalıdır” Onun Vətən, xalq qarşısında bu qədər xidmətlərinə baxmayaraq, özünü heç vaxt öymür, əksinə, bütün ömrünü xalqına həsr edən bunu özünün vətəndaşlıq borcu sayan Mahirə xanım elmimizin sabahı naminə bu gün də yorulmadan çalışır. Qədim Yunan filosofu Sokratın dediyi kimi “Alimin biliyi o, təvəzökar olanda üzə çıxır” Bu cür ali insani keyfiyyətlərə malik olan Mahirə xanım da əsl alim ömrü yaşayıb, təvəzökarlıqla özünü vətənin atılmış bir daşı hesab edir :
Yenə Mahirəni dara çəkirsən.
Hardan gətiribsən, hara çəkirsən ?
Bilirəm, qəlbində qala tikirsən,
Atılmış bir daşam, hör daşa, qalım.

Mahirə xanım, Siz elmi, bədi yaradıcılıqınızla, ictimai, pedaqoli fəaliyyətinizlə, Azərbaycan qadnına xas olan sədaqət və ismətinizlə elə bir qala tikmisiniz ki, hələ bundan sonra necə- necə nəsillər o qalaya sığınacaq.
Əziz Mahıri xanım! Mən Sizi qaladan çox uca, dərin köklü palıd ağacına bənzədirəm. Bilirsiniz ki, palıd ağacı bütün ağacların şahı, hər fırtınaya, tufana dözəni sayılır. Sız də 65 illik həyatınızda bütün fırtınalara, dərdlərə, bəzən təyziqlərə, bəzən təqiblərə mərdliklə, mətanətlə dözmüzünüz, bir sözlə, bizim yaddaşımızda palıd rəmzi kimi qalıbsınız. İnanıram ki, bundan sonra da belə qalacaqsınız. Bildiyimiz kimi, Mahirə xanımın yaradıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq,türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq… Heç şübhəsiz ki, bir məqalədə Mahirə xanımın zəngin, bədii yaradıcılıq dünyasını əhatə etmək qeyri- mümkündür. Ona görə də mən fikrimi xalq şairi Zəlimxan Yaqubun
“Qocalasan” adlı şeiri ilə tamamlamaq istəyirəm:

Səni deyib gələ quşlar yuvadan,
Adın misal qala dədə babadan.
Vətəndən, torpaqdan, eldən, obadan
Belə güc alasan, güc alanda da.

Zəlimxan, dağlara təpə gülməyə,
Qaya parçalanıb, daş tökülməyə.
Başa qar yağsa da, bel bükülməyə,
Belə qocalasan, qocalanda da.

Ömrünün müdriklik çağını gənclik enerjisi ilə yaşayan Mahirə xanıma bütün doğmalarının, sevdiklərinin, onu sevənlərin əhatəsində sağlıqlı ömür arzulayıram!Yubiley yaşınız mübarək, Mahirə xanım!
İnşallah, 70 illik yubileyinizi də belə gümrah, gözəl ovqatla, könül xoşluğu ilə NDU ailənizlə birgə doğma, əbədi beşiyimiz olan Qərbi Azərbaycan torpağında, Zəngəzurda qeyd edək! Yubileyiniz mübarək,əziz Mahirə xanım!.

Gundelik.az

Exit mobile version