Gundelik.az Dünya Mütəxəssislər xəbərdarlıq edir: Makiyaj və saç baxımı məhsullarında zəhərli kimyəvi maddələr qalmaqdadır
Dünya Xəbərlər

Mütəxəssislər xəbərdarlıq edir: Makiyaj və saç baxımı məhsullarında zəhərli kimyəvi maddələr qalmaqdadır

Zərərsiz görünən kosmetik və fərdi qulluq vasitələrinin tərkibində hələ də insan sağlamlığı üçün təhlükə yaradan maddələr mövcuddur.

Gundelik.az-ın CNN-ə istinadən məlumatına əsasən, “2025 Gözəllik və Fərdi Qulluq Tərkibi Hesabatı” göstərib ki, şampun, kondisioner, tonal krem və pomada kimi gündəlik istifadə olunan məhsulların çoxunda yüksək dərəcədə zərərli kimyəvi maddələr yer almaqdadır.

Etiketlərdə göstərilməyən təhlükələr

Araşdırma ABŞ və Kanadada satılan 231 kosmetik məhsulu əhatə edib. Onların 52 faizində hormon balansını poza və xərçəng riskini artırmaqla əlaqələndirilən PFAS adlı maddələrin mövcud olduğu müəyyənləşdirilib. Daha da narahatedici məqam odur ki, bu məhsulların 88 faizinin etiketində həmin maddələrin adı ümumiyyətlə göstərilməyib.

Mütəxəssislər bildirirlər ki, saç düzləşdirici vasitələrdə olan formaldehid kimi maddələr xüsusilə qaradərili qadınlara yönəlmiş məhsullarda daha çox rast gəlinir və bu maddələr xərçənglə əlaqələndirilir.

Ən çox rast gəlinən zərərli maddələr

Hesabatda diqqət çəkilən başlıca kimyəvi maddələr bunlardır:

  • Siklopentasiloksan və Siklometikon – silikon törəmələri;

  • Metilparaben – hormon balansını pozur;

  • BHT (Butilləşdirilmiş hidroksitoluen) – endokrin sisteminə və ətraf mühitə zərərli təsir göstərir;

  • D&C Red 27 və 28 – immunitet və reproduktiv sistemə mənfi təsir edən boya maddələri.

“Məsuliyyət istehlakçıda deyil, istehsalçılardadır”

Kimyəvi təhlükəsizlik üzrə ekspert Heather McKenney bildirib ki, istehlakçılar hansı məhsulun təhlükəsiz olduğunu müəyyən etməyə məcbur qalmamalıdır: “Bu məsuliyyət istehsalçıların üzərinə düşür. Sənaye daha şəffaf olmalıdır.”

Təhlükəsiz alternativlər mümkündür

Hesabatı hazırlayan ChemFORWARD təşkilatının məlumatına görə, son illərdə təhlükəli kimyəvi maddələrin nisbəti 2 faiz azalıb və təhlükəsiz formulaların payı artmaqdadır. Lakin hələ də təxminən 50 min məhsulun 4 faizində yüksək riskli maddələr mövcuddur.

Mütəxəssislər kosmetika sənayesini “gözəlliyin sağlamlıq bahasına olmaması” prinsipinə əməl etməyə və toksik olmayan formullara keçməyə çağırıblar.

Gundelik.az 

Exit mobile version