Tehranda öldürülmüş ali rəhbər üçün elan edilən üç günlük ümumxalq matəmi hakimiyyətin dünyaya göstərmək istədiyi möhtəşəm siyasi nümayişlə başa çatdı.
Ayətullah Əli Xameneinin və ailəsinin daha dörd üzvünün tabutlarını daşıyan nəhəng dəfn korteji 10 kilometrlik marşrut boyunca hərəkət etdi. Milyonlarla insanın qatıldığı yürüş izdiham səbəbindən tez-tez dayanır, irəliləməsi ləngiyirdi. Bu, son illərin ən böyük kütləvi toplaşmalarından biri idi.
Bir həftə davam edən vida mərasimləri arasında bazar ertəsi keçirilən yürüş ən mühüm tədbir sayılırdı. Dəqiq planlaşdırılmış mərasimlər “müqavimət” və “qisas” mesajları üzərində qurulmuş siyasi simvollarla zəngin idi.
Lakin bir çox iranlı mərasimlərə qatılmadı. Son bir il ərzində yaşanan iki müharibə, təxminən 80 faizə çatan inflyasiya və yanvar ayında hökumətə qarşı keçirilən etiraz aksiyalarının yaratdığı ağrılar insanların əhvalına təsir etmişdi.
Bəziləri təhlükəsizlik qüvvələrinin etirazları qanla yatırılmasına görə ölkənin silahlı qüvvələrinin ali baş komandanı olan Xameneini məsuliyyət daşıyan şəxs hesab edir.
“Dəfn mərasiminə getməyəcəyəm”, – deyə Tehranda pulsuz yemək və su paylanan istirahət məntəqələrindən birinin yaxınlığında danışan bir kişi bildirib.
“Çox adamın işi yoxdur, insanlar bədbəxt vəziyyətdə yaşayırlar”, – deyə o əlavə edib.
Bazar ertəsi keçirilən yürüşün havadan çəkilmiş görüntülərində Tehranın əsas prospektlərindən birinin insan seli ilə dolduğu görünürdü. Hakimiyyət tərəfdarları göz yaşları içində “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi İslam Respublikasının ənənəvi şüarlarını səsləndirirdilər.
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın bu göz yaşlarını “saxta” adlandırmasına cavab olaraq bildirib:
“İnsanın içindəki ağrı və kədər göz yaşına çevrilir və dünya bu həqiqəti görür.”
Çərşənbə axşamı Qum şəhərində, daha sonra isə İraqın Nəcəf və Kərbəla şəhərlərində mərasimlər keçiriləcək.
Son dəfn mərasimi isə cümə axşamı Xameneinin doğulduğu Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahında baş tutacaq.
Tehran Universitetinin tədqiqatçısı Məhəmməd Eslami bildirib:
“Bu mərasimlər Xameneini yalnız milli lider kimi deyil, bütün müsəlman dünyasında, xüsusilə də şiə aləmində nüfuz sahibi olan dini və siyasi şəxsiyyət kimi təqdim etmək məqsədi daşıyır.”
Lakin onun irsi barədə daha sərt fikirlər də var. “Reading Khamenei: The World View of Iran’s Most Powerful Leader” kitabının müəllifi Kərim Sədcəpur hesab edir:
“Onun qoruyub saxladığı inqilab artıq mövcud olmayan bir dünya üçün nəzərdə tutulmuşdu.”
Tehranda bəzədilmiş platformada İran bayrağının yaşıl, ağ və qırmızı rənglərinə boyanmış beş tabut daşınırdı. Onların arasında Xameneinin 14 aylıq nəvəsi Zəranın kiçik tabutu da var idi.
Məqaləyə görə, onların hamısı fevralın 28-də müharibənin ilk saatlarında İsrail və ABŞ-ın hava zərbələri nəticəsində həlak olub.
Qara geyinmiş yaslıların arasında qırmızı rəng üstünlük təşkil edirdi. Şəhidliyi və tökülən qanı simvolizə edən dini bayraqlar ali rəhbərin qisasının alınması çağırışlarını daha da gücləndirirdi.
Yüzlərlə xarici jurnalistin izlədiyi mərasimdə Donald Trampı hədəf göstərən ingilisdilli plakatlar da nümayiş etdirilirdi.
İranın bir mesajlaşma tətbiqi hökumət tərəfdarlarına “Qisasımız qaçılmazdır” və “Onlar bunun ağır bədəlini ödəyəcəklər” kimi şüarlardan istifadə etməyi tövsiyə etmişdi.
Müctəba adlı yaşlı bir kişi belə deyirdi:
“Prezident Trampa və bütün dünyaya bir sözüm var. Çox yaxında Ağ evin üzərində qisasın əlamətlərini görəcəksiniz və Ağ ev mənim qırmızı bayrağımın rənginə boyanacaq.”
Bir hökumət rəsmisi isə bildirib:
“Bu çağırışların bir hissəsi sadəcə siyasi ritualdır. Amma ABŞ-la yeni razılaşmaya qarşı çıxan sərt xətt tərəfdarlarının qəzəbi tamamilə realdır.”
İranın yeni rəhbərliyi ağır iqtisadi vəziyyətdən çıxmaq üçün ABŞ-la danışıqları davam etdirməyə məcburdur. Məqsəd sanksiyaların yumşaldılması və dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsidir.
Hakimiyyət tərəfdarları xarici jurnalistlərə tez-tez “Haradansınız?” sualını verir, onlardan “həqiqəti danışmağı” xahiş edirdilər.
Lakin izdiham arasında fərqli fikirlər də səslənirdi. Qara çadra geyinmiş iki gənc qadın jurnalistlərə pıçıldayaraq bildirmişdi ki, “əsl inqilabın səsi” bir neçə ay əvvəl məhz bu küçələrdə keçirilən etiraz aksiyalarında eşidilmişdi.
İran indi 1979-cu il İslam İnqilabının ilk nəslindən olan son rəhbərini də torpağa tapşıraraq yeni dövrə qədəm qoyur.
Məqalədə qeyd olunur ki, ölkənin yeni ali rəhbəri kimi göstərilən 56 yaşlı Müctəba Xamenei atasının ölümünə səbəb olan hava zərbələri zamanı yaralandıqdan sonra hələ də ictimaiyyət qarşısına çıxmayıb.
Hakimiyyət nümayəndələri bunun səbəbini İsrail tərəfindən ona qarşı davam edən sui-qəsd təhlükəsi ilə izah edirlər.
Mərasimin təşkilatçıları isə “əsrin hadisəsi” adlandırdıqları bu vida mərasimi ilə həm ölkə daxilinə, həm də xaricə bir mesaj verməyə çalışıblar.
Bu mesajın ən güclü rəmzlərindən biri Tehrandakı İnqilab meydanında ucaldılmış nəhəng yumruq abidəsidir. “Müqavimət yumruğu” adlandırılan bu abidə İran İslam Respublikasının nə xarici, nə də daxili təzyiqlərlə məğlub edilə bilməyəcəyini nümayiş etdirmək məqsədi daşıyır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

