Gundelik.az Müsahibə Mühasib səhv edərsə, cəriməni kim ödəyir: Mühasib, yoxsa şirkət rəhbəri?
Müsahibə Ölkə Xəbərlər

Mühasib səhv edərsə, cəriməni kim ödəyir: Mühasib, yoxsa şirkət rəhbəri?

Mühasibatlıqda yol verilən səhvlər sahibkarlar üçün gözlənilməz maliyyə itkilərinə, vergi risklərinə və inzibati məsuliyyətə səbəb ola bilər. Bəs hesabatda yanlışlıq aşkarlandıqda, vergi öhdəliyi düzgün hesablanmadıqda və ya sənədlər vaxtında təqdim edilmədikdə məsuliyyət kimin üzərinə düşür: mühasibin, yoxsa şirkət rəhbərinin?

Mövzu ilə bağlı mühasibatlıq sahəsi üzrə mütəxəssis Sevinc Eminova Gundelik.az-a açıqlamasında bildirib ki, bu məsələdə məsuliyyətin müəyyənləşdirilməsi xətanın xarakterindən, şəxsin vəzifə öhdəliklərindən və konkret hallardan asılıdır.

“İşəgötürənlər arasında belə bir fikir var ki, mühasibatlıqla bağlı bütün məsələlərə mühasib cavabdehdir. Halbuki qanunvericilikdə məsuliyyət yalnız bir şəxsin üzərinə qoyulmur. Mühasibat uçotunun düzgün aparılmaması ilə bağlı hallarda həm müəssisə rəhbərinin, həm baş mühasibin, həm də mühasibat uçotu xidmətini göstərən şəxsin və ya şirkətin məsuliyyəti yarana bilər.

Məsələn, mühasib hesabatı səhv hazırlayıbsa, ilk növbədə həmin səhvin necə yarandığı, hansı vəzifə öhdəliyinin pozulduğu və sənədlərin kim tərəfindən təqdim edildiyi araşdırılmalıdır. Əgər yanlışlıq mühasibin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində yaranıbsa, onun məsuliyyəti məsələsi gündəmə gələ bilər. Ancaq şirkət rəhbərinin məsuliyyəti də avtomatik olaraq aradan qalxmır. Çünki rəhbər müəssisədə mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil edilməsini təmin etməlidir”, – deyə Sevinc Eminova qeyd edib.

Mütəxəssis əlavə edib ki, mühasibatlıq səhvlərinin qarşısını almaq üçün şirkətlərdə sənədlərin düzgün dövriyyəsi, hesabatların vaxtında hazırlanması və təqdim edilməsi, eləcə də daxili nəzarət mexanizmləri düzgün qurulmalıdır.

“Bəzən mühasibə ilkin sənədlər gec təqdim olunur, bəzi əməliyyatlar barədə məlumat verilmir və ya rəhbərlik tərəfindən şifahi göstərişlər əsasında iş görülməsi tələb olunur. Belə hallarda sonradan yaranan problemin səbəbini müəyyənləşdirmək üçün sənədləşmə xüsusi əhəmiyyət daşıyır. Mühasib öz vəzifə öhdəliklərini yerinə yetirərkən aşkar etdiyi uyğunsuzluqları rəhbərliyə bildirməli, rəhbərlik isə mühasibat uçotunun düzgün aparılması üçün zəruri şərait yaratmalıdır. Digər mühüm məqam ondan ibarətdir ki, inzibati cərimə ilə işəgötürənin mühasibə qarşı mümkün maddi tələbi eyni məsələ deyil. Müəssisəyə cərimə tətbiq edilməsi həmin məbləğin avtomatik olaraq mühasibin maaşından tutulması demək deyil. Bunun üçün qanuni əsaslar və müvafiq prosedurlar olmalıdır. Buna görə də mühasib və işəgötürən arasında vəzifə bölgüsünün, məsuliyyətin və sənədləşmə qaydalarının əvvəlcədən aydın müəyyənləşdirilməsi vacibdir”, – deyə Sevinc Eminova vurğulayıb.

Beləliklə, mühasibatlıqda səhv aşkarlandıqda cəriməni kimin ödəyəcəyi konkret vəziyyətin hüquqi qiymətləndirilməsindən asılıdır. Hər bir halda əsas məsələ səhvin səbəbini, məsul şəxsi və qanunvericiliklə nəzərdə tutulan öhdəlikləri müəyyənləşdirməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununun 16-cı maddəsinə əsasən, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmamasına görə müəssisə rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyekti qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıya bilər. İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində müvafiq pozuntulara görə vəzifəli şəxslər üçün 300-400 manat, hüquqi şəxslər üçün isə 1 500-2 000 manat cərimə nəzərdə tutulur. Konkret pozuntu üzrə tətbiq edilən məsuliyyət ayrıca yoxlanmalıdır.

Nuri
Gundelik.az

Exit mobile version