Günəş işığının və temperaturun dəyişməsi insanın əhval-ruhiyyəsinə birbaşa təsir göstərir. Günlərin qısalması və günəş işığının azalması serotonin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu isə bəzi insanlarda emosional dalğalanmalara yol açır. Halbuki gündəlik həyatda formalaşdırılan bəzi sadə vərdişlərlə bu problemin qarşısını almaq mümkündür.
Yazın enerjili və sosial ruh halı, payızın melanxoliyası, qışın gətirdiyi durğunluq və yazın canlandırıcı təsiri… Fəsillərin dəyişməsi təbiətin dövranına uyğunlaşmağa çalışan insanlarda nəzərəçarpacaq emosional dəyişikliklər yaradır.
Günəş işığının miqdarının dəyişməsi, temperatur fərqləri və təbiətin dəyişən ritmi insanların əhval-ruhiyyəsinə, motivasiyasına və enerjisinə birbaşa təsir edir. Günlərin qısalması və günəş işığının azalması insan orqanizmində serotonin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu da depressiv əhval-ruhiyyəyə yol açır. Qışın gəlişi ilə artan təcrid olunma hissi və fiziki aktivliyin azalması emosional dalğalanmaları daha da nəzərəçarpan edir.
Mövsüm dəyişikliklərinə uyğunlaşmaq və bu prosesi düzgün idarə etmək psixi tarazlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Mövsüm dəyişiklikləri ilə insanların yaşadığı emosional dəyişiklikləri və onların qarşısının alınması yollarını Psixiatriya üzrə mütəxəssis, professor Nesrin Dilbaz izah edib.
Payızda əhval-ruhiyyəmizdə tədricən durğunluq yaranır. Bəzən yüngül ruh düşkünlüyü və depressiv vəziyyət meydana çıxır. İnsanlar bir qədər daha kədərli olur, daha tez emosional reaksiya verə bilirlər.
“Mövsüm keçidlərindən hamımızın əhval-ruhiyyəsi təsirlənir”
Professor Nesrin Dilbaz fəsil dəyişikliklərinin insanların psixi sağlamlığına təsirinin psixiatriyada “mövsümi affektiv pozuntu” adlandırıldığını bildirir.
Onun sözlərinə görə, mövsüm keçidləri hər kəsin əhval-ruhiyyəsinə müəyyən dərəcədə təsir göstərir:
“Yaza keçərkən təbiətin oyanması kimi insanları da daha coşqulu, daha xoşbəxt və daha şən görmək mümkündür. İnsanlar pəhriz saxlamağa başlayır, özlərini dəyişməyə çalışırlar. Təbiətin oyanmasına bənzər şəkildə insanın ruhunda da bir oyanış və coşqu yaranır.”
Payızda isə bunun əksinə, fərqli proses müşahidə olunur. Professor Dilbazın sözlərinə görə, payızda əhval-ruhiyyədə tədricən durğunluq yaranır:
“Bəzən yüngül ruh düşkünlüyü və depressiv vəziyyət ortaya çıxır. İnsanlar bir qədər daha kədərli olur, daha tez emosional ola bilirlər.”
Mövsümi depressiyaya diqqət
Mövsümi depressiyaya xüsusilə payız və qış aylarında daha çox rast gəlinir. Bəs onun digər depressiya növlərindən fərqi nədir?
Professor Nesrin Dilbaz bildirir ki, mövsümi depressiyanın müalicəsi üçün hər zaman dərman qəbul etmək vacib deyil:
“Çünki payızın sonlarından qışın sonuna qədər kədər, yuxululuğa meyil, ümidsizlik və çarəsizlik hissi yaranır. Hətta iştahda artım da müşahidə olunur. Belə bir vəziyyətdə mövsümi depressiyanın başladığını düşünürük.”
Mövsümi depressiyanın öhdəsindən necə gəlmək olar?
Yüngül hallarda gündəlik həyatda ediləcək bir neçə kiçik dəyişikliklə problemin öhdəsindən gəlmək mümkündür.
Professor Dilbaz daha çox günəş işığı qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu, serotonin ifrazı baxımından əhəmiyyətlidir.
Mütəxəssis digər tövsiyələrini belə sıralayır:
“24 saatın 16 saatını işləyib, 8 saatını yatırıq. Təkamül baxımından beynimiz belə işləyir. Axşam hava qaraldıqdan sonra melatonin ifraz olunur. Səhər isə hava işıqlananda melatoninin səviyyəsi azalır. Buna görə də gecə yuxusu bizim üçün çox vacibdir.
Diqqət edilməli digər məqam isə qidalanmadır. Karbohidrat və şəkər ağırlıqlı deyil, zülal və tərəvəzlə zəngin qidalanmalıyıq. Xüsusilə səhər yeməyi həqiqətən vacibdir.”
Mövsümi depressiya ilə mübarizədə müntəzəm fiziki fəaliyyət də təsirlidir. Professor Dilbaz müntəzəm idmanın orqanizmdə “xoşbəxtlik hormonu” kimi tanınan endorfinlərin ifrazını artırdığını bildirir.
Onun diqqət çəkdiyi digər mühüm məqam isə stressin idarə olunmasıdır.
Ağır hallarda müalicə vacibdir
Bütün bu tövsiyələr yüngül hallar üçün nəzərdə tutulur. Onların kifayət etmədiyi vəziyyətlərdə isə müalicəyə ehtiyac yaranır. Bu zaman psixoterapiya və ya dərman müalicəsi kimi müxtəlif üsullardan istifadə edilir.
Mövsüm keçidləri zamanı yaranan depressiv vəziyyətlər cinslər üzrə müqayisə edildikdə daha çox qadınlarda müşahidə olunur. Orta yaşlı insanlar da mövsümi depressiyanın daha çox rast gəlindiyi qruplardan biridir.
Bununla belə, mövsüm keçidləri zamanı baş verən əhval-ruhiyyə dəyişiklikləri istənilən yaşda və hər iki cinsdə müşahidə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

