ABŞ-ın Nyu-Meksiko ştatında hakim sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimaiyyəti kifayət qədər məlumatlandırmadığı qənaətinə gələrək Meta şirkətini 567 milyon dollar cərimə ödəməyə məhkum edib. Bu qərar uşaq təhlükəsizliyi ilə bağlı sosial media şirkətinə indiyədək tətbiq olunan ən böyük maliyyə sanksiyası hesab olunur.
Hakim Bryan Biedscheid Meta-nın fəaliyyətini hava çirklənməsi yaradan müəssisə ilə müqayisə edərək şirkəti “ictimai narahatlıq (public nuisance)” mənbəyi adlandırıb. O, cərimə vəsaitinin gələcəkdə uşaqlara dəyən zərərin azaldılması üçün yaradılacaq xüsusi fonda köçürülməsinə qərar verib.
Bu məbləğ Meta-nın eyni iş üzrə daha əvvəl ödəməsinə qərar verilmiş 375 milyon dollarlıq cəriməyə əlavə olunub. Beləliklə, şirkətin bu iş üzrə ödəməli olduğu ümumi məbləğ 942 milyon dollara çatıb.
Hakim qərarında bildirib ki, Meta-nın reklam və məzmun sistemi məhsul istehsal edən fabrikə bənzəyir, uşaqların psixoloji zərər görməsi və cinsi istismara məruz qalması isə aradan qaldırılması vacib olan “çirklənmə” rolunu oynayır.
Instagram, Facebook, WhatsApp və Threads platformalarının sahibi olan Meta qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Şirkət sözçüsü bildirib:
“Bu qərarla razı deyilik və apellyasiya şikayəti verəcəyik. İstifadəçilərin təhlükəsizliyini təmin etmək, zərərli məzmunu və pis niyyətli şəxsləri aşkarlayıb platformalarımızdan uzaqlaşdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Gənclərin onlayn mühitdə qorunması istiqamətində gördüyümüz işləri davam etdirəcək və həqiqətə uyğun olmayan iddialara qarşı hüquqlarımızı müdafiə edəcəyik.”
Meta minlərlə iddia ilə üzləşir
Meta hazırda ABŞ-da oxşar ittihamlarla bağlı minlərlə məhkəmə işi ilə qarşı-qarşıyadır. Nyu-Meksikodakı qərardan əlavə, şirkət bu ilin əvvəlində Los-Ancelesdə də oxşar iddiaların yer aldığı məhkəmə işini uduzub.
Nyu-Meksiko işi 2023-cü ildə ştatın baş prokurorları tərəfindən qaldırılmış iddiaya əsaslanır. İddiada Meta platformalarının uşaqları cinsi məzmunlu materiallara və cinsi istismarçılarla ünsiyyətə məruz qoyacaq şəkildə dizayn edildiyi irəli sürülüb.
Məhkəmənin ilk mərhələsində müəyyən edilib ki, Meta-nın tövsiyə alqoritmləri yeniyetmələri zərərli məzmun və şəxslərə yönləndirərək ştatın Ədalətsiz Ticarət Təcrübələri haqqında Qanununu dəfələrlə pozub.
İkinci mərhələdə isə hakim bu zərərlərin artıq “ictimai narahatlıq” səviyyəsinə çatdığı, yəni geniş ictimaiyyətin sağlamlığı və təhlükəsizliyinə təsir göstərən problemə çevrildiyi qənaətinə gəlib.
Bu qərarla Meta ilk dəfə olaraq “ictimai narahatlıq” yaradan şirkət kimi qiymətləndirilib.
Hakim qərarında yazıb:
“Necə ki, zavodun yaratdığı çirklənmə insanların təmiz hava hüququna zərər vurursa, Meta platformalarının uşaqlar üzərindəki mənfi təsirləri də yalnız platformalarla məhdudlaşmır, internetə və real həyata yayılır. Bu isə uşaqlar, ailələr, məktəblər, xəstəxanalar və hüquq-mühafizə orqanları üçün ciddi sosial yük yaradır.”
Vəsait necə istifadə olunacaq?
Hakimin qərarına əsasən:
420 milyon dollar uşaqlarda yaranmış psixoloji və davranış problemlərinin müalicəsi üçün klinikalar və mütəxəssislərin maliyyələşdirilməsinə yönəldiləcək.
Qalan vəsait müəllimlər, səhiyyə işçiləri və digər mütəxəssislər üçün maarifləndirmə və profilaktika proqramlarına sərf olunacaq.
Meta üçün yeni məhdudiyyətlər
Məhkəmə şirkətə aşağıdakı tədbirləri həyata keçirməyi tapşırıb:
18 yaşdan kiçik istifadəçi hesablarının böyüklərə tövsiyə edilməməsi;
Yetkin istifadəçilərin azyaşlılara mesaj göndərməsinin qadağan edilməsi;
Azyaşlıların çılpaqlıq məzmunlu material göndərməsi və qəbul etməsinin qarşısının alınması;
Uşaqların cinsi istismarında iştirak edən böyüklərin hesablarının ilk pozuntuda daimi bağlanması.
Bundan əlavə:
18 yaşdan kiçik istifadəçilər üçün “bəyənmə” (like) sayları gizlədiləcək;
Həftəsonları istisna olmaqla, hər gün 22:00–07:00, dərs günlərində isə 08:00–15:00 saatlarında bildirişlər deaktiv ediləcək;
Instagram və Facebook-da bu istifadəçilər üçün aylıq ümumi istifadə müddəti 90 saat, yəni gündə orta hesabla 3 saat ilə məhdudlaşdırılacaq.
Gələn həftə Kaliforniyada Meta-ya qarşı daha bir iri məhkəmə prosesi başlayacaq. ABŞ-ın təxminən 30 ştatının baş prokurorları şirkəti uşaqların məxfiliyini qoruyan qanunları pozmaqda ittiham edirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

