ABŞ-da Kaliforniya və Nyu-Yorkun da daxil olduğu 30 ştatın Meta şirkətinə qarşı qaldırdığı uşaqların məxfiliyinin qorunması ilə bağlı məhkəmə işi üzrə dinləmələr başlayır. Məhkəmənin nəticəsində İnstagram və Facebook platformalarında köklü dəyişikliklərin edilməsi tələb olunur.
Ştatlar Meta-dan gənc istifadəçiləri hədəf alaraq onları platformalardan asılı vəziyyətə saldığı iddiası ilə 1 trilyon dollardan çox təzminat tələb edir.
Məhkəmə nəticəsində İnstagram və Facebook-da aşağıdakı dəyişikliklərin edilməsi tələb olunur:
Gənc istifadəçilər üçün valideyn təsdiqi prosesinin tətbiqi
Bəyənmə saylarının və sonsuz sürüşdürmə funksiyasının ləğvi
Tövsiyə alqoritmlərinin dəyişdirilməsi
İstifadəçinin görünüşünü dəyişdirən filtrlərin aradan qaldırılması
Videoların avtomatik oynadılmasının dayandırılması
Bir şəxsin bir neçə hesab açmasının qadağan edilməsi
Hekayələr kimi müddətli məzmunların ləğv edilməsi
Nyu-Meksikodakı məhkəmə presedent yarada bilər
Bu yaxınlarda Nyu-Meksiko ştatında keçirilən oxşar məhkəmə prosesində hakim Brayan Biedscheid Meta şirkətinə 942 milyon dollar cərimə tətbiq edib və şirkəti cəmiyyətin sağlamlığı üçün təhlükə yaradan amil kimi qiymətləndirib.
Qərara əsasən, 18 yaşdan aşağı istifadəçilər üçün bəyənmə saylarının gizlədilməsi və bildirişlərin müəyyən saatlarla məhdudlaşdırılması nəzərdə tutulub.
30 ştatın Meta-ya qarşı qaldırdığı məhkəmə işində də şirkətin əleyhinə qərar çıxarılarsa, bu məhdudiyyətlərin ABŞ-ın bütün ərazisində tətbiq ediləcəyi gözlənilir.
Meta ittihamları rədd edir
Meta nümayəndələri isə ittihamları qəbul etmədiklərini və gənc istifadəçilərin qorunması məsələsində uzun müddətdir ciddi addımlar atdıqlarını bildirirlər.
Şirkətin daxili araşdırmalarında sosial medianın gənclərə mənfi təsirlərinin olduğu ortaya çıxarkən, ştatların hüquqşünasları bəyənmə saylarının gənclərdə özünü yetərsiz hiss etməyə, depressiyaya və bədən görünüşü ilə bağlı narahatlıqlara səbəb ola biləcəyini vurğulayırlar.
Məhkəmə işinə ABŞ federal hakimi Yvonne Gonzalez Rogers baxacaq.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

