“Mercedes-Benz AG” 2025-ci ilin üçüncü rübündə satışlarının illik müqayisədə 12% azalaraq 525 300 avtomobilə düşdüyünü açıqlayıb. Satışlar mikroavtobuslar, yüngül yük maşınları və minik avtomobillərini əhatə edir.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, iyul-sentyabr aylarında minik avtomobillərinin satışı da 12% azalaraq 441,5 minə düşüb. Bu rəqəmə daxil olan elektrik avtomobillərinin satışı ötən illə eyni səviyyədə – 42,6 min ədəd olub.
Regionlar üzrə satışlarda fərqli tendensiyalar müşahidə olunub. Avropada minik avtomobillərinin satışı 160 800 ədəd təşkil edərək illik müqayisədə 2% artıb. Şimali Amerikada satışlar 80 000 ədədə düşərək 17% azalıb. Asiyada satışlar 22% azalaraq 175 500-ə, o cümlədən Çində 27% azalma ilə 125 100 ədədə enib. Digər ölkələrdə isə satışlar 12% artaraq 25 200 ədəd olub.
2025-ci ilin ilk doqquz ayında “Mercedes-Benz” ümumilikdə 1,6 milyon avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% azdır. Minik avtomobillərinin satışı 8% azalaraq 1,34 milyon, elektrik avtomobillərinin satışı isə 13% azalma ilə 118,4 min ədəd təşkil edib.
Gundelik.az

