İdmana yeni başlayan və ya uzun fasilədən sonra məşqlərə qayıdan insanlarda məşqdən bir neçə saat sonra əzələ ağrısı, sərtlik və hərəkət məhdudiyyəti yaranır. Tibbdə gecikmiş əzələ ağrısı (DOMS) adlanan bu vəziyyət əzələlərin öyrəşmədiyi intensivlikdə məşq etməsi nəticəsində ortaya çıxır.
Xüsusilə masa arxasında işləyənlər, uzun müddət hərəkətsiz qalanlar, oturaq həyat tərzi keçirənlər və xəstəlik və ya zədədən sonra idmana qayıdanlar risk qrupundadır.
Ağrı güclü olduqda məşq daha effektiv deyil
Mütəxəssislər bildirirlər ki, əzələ ağrısını məşqin uğur göstəricisi kimi qəbul etmək düzgün deyil. Ağrı adətən məşqdən 12–24 saat sonra başlayır, 24–72 saat ərzində ən güclü həddə çatır və əksər hallarda 5–7 gün ərzində azalır.
İsinmədən məşqə başlamaq, ilk gündən ağır çəkilərlə işləmək, məşq yükünü qəfil artırmaq və eyni əzələ qrupunu ardıcıl günlərdə həddindən artıq yükləmək şikayətləri artırır.
Hansı hallarda həkimə müraciət etməli?
Adi əzələ ağrısı adətən hər iki tərəfdə hiss olunur və günlər ərzində azalır. Qəfil və kəskin, bir tərəfli ağrı, ciddi şişkinlik və ya göyərmə, güc itkisi və hərəkət edə bilməmək əzələ və ya vətər zədələnməsinə işarə edir.
Əzələlərin bərpası üçün nə etmək olar?
Əksər hallarda xüsusi müalicə tələb olunmur. İstirahət, yüngül dartınma, isti tətbiqi və yüngül masaj ağrını azalda bilər. Kifayət qədər su içmək, zülalla balanslı qidalanmaq və normal yuxu da bərpa prosesini sürətləndirir. Ağrı zamanı yüngül gəzinti və üzgüçülük kimi aşağı intensivlikli hərəkətlərə üstünlük verilməlidir.
Təcrübəsiz idmançı sindromundan qorunmaq üçün 7 qayda
Məşqə dinamik isinmə ilə başlayın.
Məşqin intensivliyini və müddətini tədricən artırın; həftəlik yükü 10%-dən çox artırmayın.
Ağır çömbəlmə və yoxuş aşağı qaçış kimi hərəkətləri ilk dövrlərdə aşağı intensivlikdə edin.
Əzələ qruplarına kifayət qədər istirahət verin.
Kifayət qədər su için və zülalla balanslı qidalanın.
Yuxusuz və çox yorğun olduğunuz zaman intensiv məşq etməyin.
İdmana yeni başlayarkən düzgün texnika üçün məşqçi və ya mütəxəssisdən dəstək alın.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

