ABŞ-də fəaliyyət göstərən vəkil Mark S. Zukerberq “Meta” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Gundelik.az xəbər verir ki, o, sosial şəbəkə hesabının məşhur “Facebook” qurucusu ilə eyni ada malik olduğu üçün dəfələrlə bağlandığını iddia edib.
İndiana ştatından olan hüquqşünas bildirib ki, son səkkiz ildə hesabı beş dəfə bağlanıb və bu, onun iş yerlərinin itirilməsinə səbəb olub. Zukerberqin sözlərinə görə, “Meta” onu “məşhur şəxsiyyəti saxtalaşdırmaqda” günahlandırıb. Halbuki o, şəxsiyyətini dəfələrlə sənədlər və fotoşəkillərlə sübut edib.
Vəkilin məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd olunub ki, “Facebook” vasitəsilə yerləşdirdiyi reklamlar əsassız şəkildə silinib və bu, ona 11 min dollar zərər vurub. O, vəziyyəti belə izah edib: “Magistral yolun kənarında reklam lövhəsi icarəyə verib pulunu ödəyirsən, amma gəlib onu ört-basdır edirlər. Pulun havaya sovrulur.”
İddianın ardından “Meta” hesabın səhvən bağlandığını etiraf edib və yenidən aktivləşdirib. Şirkət açıqlamasında bildirib: “Mark Zukerberqin hesabı səhvən bağlanmışdı. Səbrinə görə təşəkkür edirik. Bunun bir daha baş verməməsi üçün addımlar atırıq.”
Mark S. Zukerberq isə qeyd edib ki, artıq 38 ildir vəkil kimi fəaliyyət göstərir və məşhur iş adamı Mark Elliot Zukerberq hələ uşaq olarkən onun hüquq sahəsində çalışdığını vurğulayıb: “Mən Mark Stivenəm, o isə Mark Elliotdur.”
Hüquqşünas öz şəxsi internet səhifəsində də adına görə tez-tez yanlış hallarda tərəf kimi göstərildiyini açıqlayıb.
Gundelik.az

