“Alizadeh” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Gundelik.az Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət tərəfindən 58500 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC inzibati xətanın bilavasitə obyekti olmuş 58500 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında olan 11700 ABŞ dolları, yəni Azərbaycan manatı ilə 19890 manat məbləğində cərimə edilib.
Cərimə tətbiqi qərarından narazı qalan MMC-nin rəhbərliyi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Bundan əlavə sözügedən şirkət daha bir valyuta qaydalarının pozulmasına görə inzibati cəza alıb.
Belə ki, “Alizadeh” MMC 31243 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 2024-cü ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq bu vəsait hesabına da alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilməyib. Qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilib.
Qeyd edək ki, “Alizadeh” MMC Azərbaycanın aparıcı polad istehsalçılarından biridir. Şirkət plitələr, məftil çubuqlar, soyuq və isti haddelenmiş təbəqələr, sinklənmiş təbəqələr və paslanmayan polad kimi polad məhsulları istehsal və ixrac edir. 2018-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 100 manat, direktoru isə Kazım Mustafazadədir.

