Gundelik.az Müsahibə “Məktəbi şagirdlər üçün ən sevilən, ən təhlükəsiz və faydalı məkana çevirmək lazımdır” – Cahid İmanlı
Müsahibə Xəbərlər

“Məktəbi şagirdlər üçün ən sevilən, ən təhlükəsiz və faydalı məkana çevirmək lazımdır” – Cahid İmanlı

Yeni tədris ilinin başlanması həm müəllimlər, həm şagirdlər, həm də tələbələr üçün yeni mərhələnin başlanğıcıdır. Tədris ilinin uğurlu keçməsi isə yalnız müəllim və şagirdin şəxsi hazırlığından deyil, həm də təhsil mühitinin necə təşkil olunmasından asılıdır. Müəllimin öz işinə həvəslə başlaması, il ərzində motivasiyasını qoruması üçün əmək şəraiti, məktəbin maddi-texniki bazası, idarəetmə sistemi və pedaqoji prosesin düzgün təşkili mühüm əhəmiyyət daşıyır.

Orta məktəblərdə isə məsələ daha fərqli və mürəkkəb xarakter daşıyır. Xüsusilə yuxarı sinif şagirdlərinin bir qisminin məktəbdə təhsili əlavə vaxt itkisi kimi qəbul etməsi, dərslərdən yayınma hallarının artması, siniflərdə şagird sayının çoxluğu və məktəb proqramı ilə ali məktəblərə qəbul və buraxılış imtahanlarına hazırlıq proqramları arasındakı fərqlər təhsil prosesinə təsir edən amillər sırasında göstərilir.

Təhsil mühitinin şagird üçün təhlükəsiz, faydalı və cəlbedici məkana çevrilməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Son illərdə tətbiq olunan müxtəlif təhsil modelləri də bu istiqamətdə yeni yanaşmaların formalaşdırılmasına xidmət edir.

Gundelik.az-ın suallarını cavablayan təhsil eksperti Cahid İmanlı yeni tədris ilinin başlanğıcında müəllim və şagirdlərin qarşılaşdığı əsas məsələlər, təhsil mühitinin rolu, yuxarı sinif şagirdlərinin məktəbə münasibəti, məktəbdən yayınma halları və valideyn-məktəb əməkdaşlığı barədə fikirlərini bölüşüb.

– Cahid müəllim, yeni dərs ilinin müəllimlər üçün arzulanan və motivasiyaedici başlaması üçün hansı amillər əsas rol oynayır?

– İstər ali məktəb, istərsə də orta məktəb müəllimi üçün dərs ilinin başlanması arzulanan olmalıdır. Yəni müəllim dərsə, işinə həvəslə başlamalı və bunu il ərzində eyni tempdə davam etdirməlidir.

Bunun üçün müəllimin şəxsi və pedaqoji keyfiyyətləri ilə yanaşı, dərs dediyi təhsil mühitinin də böyük rolu vardır.

Əgər müəllimin əməkhaqqı kifayət qədərdirsə, məktəbin maddi bazası normaldırsa, idarəetmədə inzibati amirlik yoxdursa və pedaqoji proses düzgün təşkil olunubsa, sözsüz ki, bu zaman müəllim də bütün səriştə və bacarığını ortaya qoymaqla uğurlu bir tədris ili keçirə bilər.

– Bəs ali məktəbə yeni qəbul olunan tələbələr üçün tədris ilinin başlanğıcını necə qiymətləndirirsiniz?

– Ali məktəbin birinci kurs tələbələri üçün ayrı-ayrı universitetlərin özünəməxsus təhsil-tədris mühitinə uyğunlaşmaq, aralıq və semestr imtahanlarını kəsirsiz başa vurmaq özü-özlüyündə bir uğurdur. Çünki tələbə orta məktəbdən ali məktəbə keçərkən tamamilə fərqli bir təhsil mühiti ilə qarşılaşır. Bu mühitə uyğunlaşmaq və yeni tələblərə cavab vermək tələbənin qarşısında duran əsas vəzifələrdəndir.

– Sizcə, hazırda orta məktəblərdə əsas problem nədən ibarətdir?

– Ən böyük problem orta məktəblərə aiddir. Təəssüf ki, hazırda yuxarı sinif şagirdlərinin bir çoxu orta məktəbdə oxumağı əlavə vaxt itkisi və bir növ “cəza” kimi qəbul edirlər. Bu yanaşma müxtəlif səbəblərdən formalaşır və nəticədə şagirdlərin kütləvi şəkildə dərslərdən yayınması baş verir.

– Şagirdlərin məktəbdən yayınmasına hansı amillər təsir göstərir?

– Burada bir neçə amili qeyd etmək olar. İlk növbədə siniflərdə şagird sayının çox olması müəyyən çətinliklər yaradır. Digər mühüm məsələ Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul və buraxılış imtahanlarına hazırlıq proqramının məktəbin mövcud tədris proqramından həm vaxt, həm də məzmun baxımından fərqlənməsidir. Bu fərq şagirdləri məktəbdən kənar tədrisə, yəni əlavə hazırlıqlara yönəldir. Nəticədə şagird məktəbdəki tədris prosesindən daha çox qəbul imtahanına hazırlığa üstünlük verir.

– Ayrı-ayrı məktəblərdə uğurlu tədris nümunələrinin olduğunu da qeyd edirsiniz. Bunun əsas səbəbi nədir?

– Ayrı-ayrı səriştəli direktorların səyi nəticəsində və məktəbdə şagirdlər tərəfindən sevilən müəllimlərin sayəsində bəzi məktəblərdə uğurlu tədris aparılır. Amma problem ondadır ki, bu uğurlu nümunələr hələ kütləvi xarakter daşımır. Ona görə də əsas məqsəd ayrı-ayrı məktəblərdə olan uğurlu təcrübələri genişləndirmək və ümumi təhsil sistemində tətbiq etmək olmalıdır.

– Sizcə, məktəb hansı xüsusiyyətlərə malik olmalıdır ki, şagird orada özünü rahat hiss etsin və təhsilə marağı artsın?

– Uğurlu tədris üçün məktəbi şagirdlər üçün ən sevilən, ən təhlükəsiz və faydalı məkana çevirmək lazımdır. Şagird məktəbi yalnız dərs keçilən yer kimi deyil, özünü rahat hiss etdiyi, öyrəndiyi, inkişaf etdiyi və gələcəyinə hazırlaşdığı bir mühit kimi qəbul etməlidir. Əgər məktəb şagird üçün cəlbedici və faydalı olarsa, onun dərsə münasibəti də dəyişəcək.

– Bu prosesdə valideynlərin məktəblə əməkdaşlığı nə qədər vacibdir?

– Valideyn məktəbin övladına lazım olan bilik və bacarıqları verdiyini düşünərsə, heç şübhəsiz ki, məktəblə daha sıx əməkdaşlıq edəcək. Məktəb-valideyn əməkdaşlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Valideyn məktəbin fəaliyyətinə etibar etməli, məktəb də valideynlə açıq və sağlam əməkdaşlıq qurmalıdır. Bu baxımdan əsas məsələ qarşılıqlı etimadın formalaşdırılmasıdır.

– Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi Tam Orta Məktəb layihəsini necə qiymətləndirirsiniz?

– Bu baxımdan Elm və Təhsil Nazirliyinin artıq üç ildir tətbiq etdiyi Tam Orta Məktəb layihəsinin uğur qazandığını demək olar. Bunun ən böyük göstəricilərindən biri valideynlərin bu tip məktəblərə marağının yüksəlməsidir. Valideynlərin marağının artması onu göstərir ki, təhsil mühitinin daha sistemli şəkildə təşkil olunması və şagird üçün daha əlverişli şəraitin yaradılması məktəb seçiminə də təsir göstərir.

Nəticə etibarilə, uğurlu məktəb modeli yalnız tədrisin nəticələri ilə deyil, həm də şagird və valideynin həmin məktəbə münasibəti ilə ölçülməlidir.

Gundeıik.az

Exit mobile version