Marine Le Penin siyasi gələcəyi Fransada çərşənbə axşamı başlayan yüksək riskli apellyasiya məhkəməsindən asılıdır. İfrat sağçı siyasətçi ötən il ona qarşı çıxarılan və beş il müddətinə dövlət vəzifələrinə namizədliyini qadağan edən hökmə etiraz edir.
57 yaşlı Le Pen Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə təqsirli bilinib. Qadağa qüvvədə qalarsa, o, 2027-ci il prezident seçkilərində namizəd ola bilməyəcək. Le Pen isə “ən xırda qanun pozuntusu belə törətmədiyini” iddia edir.
Apellyasiya ərəfəsində onun rəhbərlik etdiyi Milli Birlik (Rassemblement National – RN) Partiyasının sədri Jordan Bardella bildirib ki, Le Penin seçkilərdən kənarlaşdırılması “demokratiya üçün son dərəcə narahatedici” olardı.
Bardella deyib ki, özü gələn il prezidentliyə namizəd olmayacaq, əvəzində daha aşağı vəzifə olan baş nazir postu uğrunda mübarizə aparacaq.
Paris Apellyasiya Məhkəməsində baxılan iş 12 fevrala qədər davam edəcək, lakin qərarın yay aylarından əvvəl çıxarılması gözlənilmir. Bu isə gələn il keçiriləcək prezident seçkilərindən xeyli əvvəl deməkdir.
Keçənilki məhkəmə işi Le Pen və partiyanın 20-dən çox yüksəkvəzifəli üzvünün Avropa Parlamentinin maliyyələşdirdiyi köməkçiləri faktiki olaraq RN partiyasının daxili işlərində çalışdırması ilə bağlı ittihamlar üzərində qurulmuşdu.
Hakim Bénédicte de Perthuis bildirib ki, Le Pen Avropa fondlarından 2,9 milyon avro (təxminən 2,5 milyon funt sterlinq) mənimsənilməsinə səbəb olan sistemin “mərkəzində” dayanıb.
Le Penə dörd il həbs cəzası verilib — bunun iki ili şərti sayılıb, qalan iki ili isə həbsxanaya salınmadan, elektron qolbaq vasitəsilə çəkiləcək. Bundan əlavə, ona 100 min avro (təxminən 82 635 funt) məbləğində cərimə kəsilib və “dərhal qüvvəyə minməklə” dövlət vəzifələrinə namizədliyi qadağan olunub.
Apellyasiyanı uduzacağı təqdirdə, Le Pen daha uzun həbs cəzası ilə də üzləşə bilər.
Keçənilki məhkəmədə RN partiyasının 20-dən çox üzvü də təqsirli bilinib və partiya 2 milyon avro cərimələnib, məbləğin yarısı şərti olaraq dayandırılıb.
Le Penin 11 həmkarı apellyasiya prosesində iştirak edir, lakin 12 nəfər — o cümlədən bir illik şərti həbs cəzası alan bacısı Yann Le Pen — ilkin hökmə etiraz etməyib.
Apellyasiya məhkəməsi ərəfəsində jurnalistlərə açıqlama verən Bardella, Le Penin məhkəmədə günahsızlığını sübut edəcəyini bildirib.
“Artıq iki dəfə prezident seçkilərinin ikinci turuna çıxmış və hazırda seçkilərin açıq favoriti sayılan bir namizədin məhkəmə yolu ilə xalqın seçimindən kənarlaşdırılması demokratiya üçün son dərəcə təhlükəli olar,” – deyə o vurğulayıb.
Le Pen apellyasiya məhkəməsinin aşağı instansiyanın hökmünü ləğv edərək onun adını təmizləyəcəyinə və dördüncü dəfə Fransanın ən yüksək vəzifəsinə namizədliyinin yolunu açacağına ümid edir.
Mümkün ikinci ssenari odur ki, məhkəmə təqsir hökmünü qüvvədə saxlasın, lakin “dərhal qüvvəyə minmə” maddəsini ləğv etsin. Bu halda Le Pen, işi ölkənin ən ali məhkəməsi olan Kassasiya Məhkəməsinə çıxarsa belə, seçkilərdə iştirak edə bilər.
Üçüncü ehtimal isə beş illik qadağanın müddətinin azaldılmasıdır ki, bu da ona 2027-ci ilin martına qədər namizəd kimi qeydiyyatdan keçməyə imkan verə bilər.
Dördüncü variantda isə aşağı instansiya məhkəməsinin bütün qərarları dəyişməz saxlanıla bilər. Bu halda, Le Penin namizədliyi demək olar ki, mümkünsüz olacaq — baxmayaraq ki, yenə də Kassasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.
Prezident seçkilərinin 2027-ci ilin aprelində keçirilməsi nəzərdə tutulur və nəticə böyük ölçüdə məhkəmə qərarlarının həm məzmunundan, həm də çıxarılma vaxtından asılı olacaq.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
ОтветитьПереслать

