Gundelik.az Dünya Kuba ABŞ-a qarşı müharibəyə hazırlaşır
Dünya Xəbərlər

Kuba ABŞ-a qarşı müharibəyə hazırlaşır

Kuba Xarici İşlər Nazirinin müavini Carlos Fernandez de Cossio ABŞ-dan gələ biləcək mümkün hücuma qarşı hərbi hazırlıq gördüklərini açıqlayıb.

NBC News-a danışan Fernandez de Cossio bildirib ki, ABŞ üçün “qətiyyən” təhlükə yaratmırlar və buna görə də ölkəyə tətbiq olunan embarqo və hərbi təhdidlərin heç bir əsaslandırılması yoxdur.

ABŞ-dan mümkün hərbi hücum ehtimalına toxunan o deyib:

“Silahlı qüvvələrimiz hər zaman hazırdır. Hazırda da mümkün hərbi hücum ehtimalına qarşı hazırlıqlar davam edir. Ölkəmiz bir hücum qarşısında xalq olaraq tam səfərbər olmağa həmişə hazırdır. Açığını desək, biz bunu çox uzaq ehtimal kimi görürük. Bunun baş verməsini mümkün hesab etmirik, amma buna hazırlaşmasaq, bu sadəlövhlük olar.”

Fernandez de Cossio həmçinin Kubanın sülhsevər ölkə olduğunu və ABŞ ilə dialoq üçün istənilən danışıqlara hazır olduğunu vurğulayıb.

ABŞ embarqosunun yaratdığı çətinliklərə də toxunan o bildirib: “Bu çox ciddi vəziyyətdir və mövcud şərtlərlə mübarizə aparmaq üçün mümkün olan ən aktiv şəkildə fəaliyyət göstəririk. Ümid edirik ki, bu embarqo sonsuza qədər davam etməyəcək və daimi olmayacaq.”

Miguel Díaz-Canel 13 martda etdiyi açıqlamada ölkənin təxminən 3 aydır xaricdən neft ala bilmədiyini bildirib və elektrik sisteminin hazırda yalnız günəş enerjisi, təbii qaz və mövcud istilik elektrik stansiyaları ilə ayaqda saxlanıldığını qeyd edib.

ABŞ-ın Kubaya neft məhdudiyyəti

Donald Trump 30 yanvarda Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn bütün mallara gömrük rüsumu tətbiqini nəzərdə tutan prezident fərmanını imzalayıb.

Ağ Ev bu qərarın Kubanın “zərərli fəaliyyət və siyasətlərinə” qarşı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq məqsədi daşıdığını bildirib.

Trump 1 fevralda Kuba rəhbərliyi ilə neft tədarükünün tənzimlənməsi ilə bağlı danışıqlara başlandığını açıqlasa da, Kuba tərəfi bunu təkzib edib.

Hökumət isə xaricdən neft gəlmədiyi üçün ayaqda qalmaq məqsədilə fövqəladə vəziyyət planını işə salıb.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version