Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə temperaturun həddindən artıq aşağı seçilməsi, çirkli filtrlər və havanın birbaşa bədənə yönəldilməsi infeksiya, öskürək və əzələ tutulması riskini artırır. Mütəxəssislər kondisionerin 23–24°C temperaturda işlədilməsini və otağın mütəmadi havalandırılmasını tövsiyə edirlər.
Havanın temperaturu yüksəldikcə kondisionerlərdən istifadə də artır. Lakin onların şüursuz istifadəsi sərinlik əvəzinə tənəffüs yolu xəstəlikləri, boyun tutulması və digər narahatlıqlara səbəb olur. Buna görə də kondisionerin filtrlərinin müntəzəm təmizlənməsi, otağın tez-tez havalandırılması və hava axınının birbaşa insanın üzərinə yönəldilməməsi böyük əhəmiyyət daşıyır.
Sinə xəstəlikləri üzrə mütəxəssis, professor Tevfik Özlü bildirib ki, kondisionerlərin texniki baxışı vaxtında aparılmalı, filtrləri dəyişdirilməli və yuyulmalıdır.
Onun sözlərinə görə, kondisioner işləyərkən müəyyən aralıqlarla qapı və pəncərələr açılaraq otaq havalandırılmalıdır. Çünki kondisioner eyni havanı soyudaraq yenidən otağa qaytarır, nəticədə otaqdakı hava çirklənir, oksigen səviyyəsi azalır, virus və bakteriyaların çoxalması isə yoluxma riskini artırır. Buna görə otaqdakı havanın mütəmadi olaraq təmiz hava ilə yenilənməsi vacibdir.
Kondisionerin hava axını birbaşa üzərinizə dəyməməlidir
Professor Tevfik Özlü qeyd edib ki, otaq üçün ideal temperatur 23–24 dərəcədir və kondisioneri bundan daha aşağı temperaturda işlətmək məsləhət görülmür.
Onun sözlərinə görə, bədən temperaturunun tarazlığı pozulduqda müxtəlif xəstəliklər üçün əlverişli şərait yaranır. Məsələn, 40 dərəcədən çox isti havadan çıxaraq 17 dərəcəlik otağa daxil olmaq orqanizm üçün ciddi stress yaradır.
Mütəxəssis həmçinin otaqdakı rütubət səviyyəsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Kondisionerin fanı birbaşa bədənə yönəldilməməli, cihazın tam qarşısında oturulmamalıdır. Hava axınının yuxarı istiqamətə yönəldilməsi daha sağlam seçim hesab olunur.
Kondisionerin səbəb ola biləcəyi sağlamlıq problemləri
Mütəxəssisin sözlərinə görə, kondisionerdən düzgün istifadə edilmədikdə aşağıdakı problemlər yaranır:
Üst tənəffüs yolu infeksiyaları;
Boğaz və göz qıcıqlanması;
Allergik reaksiyalar;
Bronxit;
Nəfəs darlığı;
Öskürək, burun və boğaz axıntısı;
Gözlərdə qızartı, boyun tutulması, əzələ spazmları, kramplar və baş ağrısı.
Hava mübadiləsi vacibdir
Professor Tevfik Özlü bildirib ki, kondisionerdən düzgün istifadə edildikdə o, rahatlıq təmin edən faydalı bir cihazdır. Lakin uzun müddət onun qarşısında oturmaq əzələ spazmları, boyun tutulması və baş ağrısına səbəb olur.
O əlavə edib ki, avtomobildə və ya qapalı məkanlarda kondisioneri işə salmazdan əvvəl mütləq havalandırma aparılmalı, daha sonra cihaz işlədilməlidir. Otaqda və ya avtomobildə müntəzəm hava mübadiləsinin təmin olunması sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

