Təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində tamamilə kömürləşən qədim bir papirus, süni intellekt texnologiyasının köməyi ilə fiziki olaraq açılmadan rəqəmsal mühitdə deşifrə edilərək oxunub.
Arxeologiya və texnologiya sahəsində mühüm nailiyyət hesab olunan bu uğur sayəsində qədim tarixin yeni səhifələri üzə çıxıb. Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində lava və kül altında qalan Herculaneum şəhərindəki dəbdəbəli Roma villasından tapılan papirus alimlər tərəfindən araşdırılıb.
Həddindən artıq istilik və geoloji proseslər səbəbindən kömürləşən, toxunulduğu anda dağılmaq təhlükəsi ilə üzləşən bu həssas mətn fiziki şəkildə açılmayıb. Bunun əvəzinə yüksək dəqiqlikli rentgen görüntüləri və qabaqcıl süni intellekt alqoritmlərindən istifadə olunub.
Bu üsul sayəsində tamamilə qaralmış rulonun daxili qatlarında gizlənən mürəkkəb izləri aşkar edilib və bir metrdən artıq uzunluğa yayılan, 20 sütundan ibarət qədim mətn üzə çıxarılıb.
İtmiş stoik əsəri ola bilər
“PHerc 1667” adı verilən və eramızdan əvvəl II və ya III əsrə aid olduğu hesab edilən bu papirus, Herculaneum kitabxanasında saxlanılan ən qədim sənədlərdən biri sayılır.
Federica Nicolardi və onun komandasının apardığı ilkin təhlillər göstərir ki, mətn məzmun və üslub baxımından stoik fəlsəfəyə aid mühüm bir traktatdır.
Mütəxəssislər hesab edirlər ki, əsərin müəllifi Stoik məktəbin üçüncü rəhbəri olan məşhur yunan filosofu Xrisipposdur. Mətndə onun qardaşı oğlu və tələbəsi Aristokreona edilən istinadlar da bu ehtimalı gücləndirir.
Əsərdə əxlaq, incəsənət, insan davranışları və stoik fəlsəfənin əsas anlayışlarından bəhs olunur.
Süni intellektin köməyi ilə oxunan hissələrdə insanın rasional düşüncə və məntiq əsasında hərəkət etməsinin vacibliyi vurğulanır. Bildirilir ki, məntiqdən uzaqlaşmaq dağıdıcı ehtiraslara qapılmağa və insanın öz təbiətindən uzaq düşməsinə səbəb olur.
“Ölü kitablar yenidən danışmağa başlayır”
Bu mühüm nailiyyət 2023-cü ildə başladılan və dünyanın müxtəlif ölkələrindən proqramçıları və süni intellekt mütəxəssislərini bir araya gətirən Vesuvius Challenge layihəsi çərçivəsində əldə olunub.
Layihənin əsasını qoyan Brent Seales və komandası süni intellektə rentgen görüntülərində papirus lifləri ilə mürəkkəb arasındakı son dərəcə kiçik fərqləri ayırd etməyi öyrədib.
Nəticələrlə bağlı danışan Federica Nicolardi bildirib ki, açılmamış bu papiruslar kənardan baxanda sanki “ölü kitablar” təsiri bağışlayırdı. Lakin süni intellekt sayəsində onlar artıq yenidən danışmağa başlayıblar.
Brent Seales isə qeyd edib ki, texniki çətinliklərin böyük hissəsi artıq aradan qaldırılıb. İndi isə ən maraqlı mərhələ başlayır: qədim mətnlərin dərin fəlsəfi məzmununu dünyanın aparıcı alimləri ilə birlikdə araşdırmaq və anlamaq.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

