Kim Jong Un Ukraynada Rusiya tərəfdə döyüşərkən əsir düşməmək üçün özlərini qumbara ilə partladaraq həyatlarına son qoyan Şimali Koreya əsgərlərini tərifləyib. Bu, uzun müddətdir ehtimal edilən bir hərbi siyasətin mövcudluğunu təsdiqləyir.
Bu həftə etdiyi çıxışda Kim bildirib ki, “böyük şərəfi qorumaq üçün tərəddüd etmədən özünü partlatma və intihar hücumu yolunu seçənlər” qəhrəmandırlar.
South Korea hesab edir ki, ən azı 15 min Şimali Koreya əsgəri Rusiyanın Kursk vilayətinin qərb hissələrini geri almağa kömək etmək üçün göndərilib və onların 6 mindən çoxu həlak olub. Lakin nə Pxenyan, nə də Moskva bu rəqəmləri təsdiqləyib.
Kəşfiyyat məlumatlarına və qaçqınların dediklərinə görə, bu əsgərlərə Ukrayna tərəfindən əsir götürülməkdənsə özlərini öldürmək əmri verilib.
Kim bazar ertəsi Pxenyanda həlak olan əsgərlər üçün memorialın açılışında çıxış edərkən deyib:
“Onların heç bir qarşılıq gözləmədən etdikləri fədakarlıq və mükafat ummadan göstərdikləri sədaqət ordumuzun ən yüksək sədaqət nümunəsidir.”
Tədbirdə Rusiyanın müdafiə naziri Andrey Belousov və parlament sədri Vyacheslav Volodin də iştirak ediblər.
Şimali Koreyada əsgərlərə öyrədilir ki, əsir düşmək xəyanət sayılır.
Bu ilin əvvəlində Cənubi Koreyanın MBC telekanalı Ukraynada əsir düşmüş iki Şimali Koreya əsgəri haqqında reportaj yayımlayıb. Onlardan biri kameraya deyib ki, özünü öldürmədiyinə görə peşmandır:
“Hamı özünü partlatdı. Mən bacarmadım.”
Seulun Milli Kəşfiyyat Xidməti də ötən il ölmüş Şimali Koreya əsgərlərinin üzərində bu cür ekstremal təcrübəyə işarə edən qeydlər tapdıqlarını açıqlayıb.
Kim çıxışında döyüşdə ölən digər əsgərləri də tərifləyib və onların da “sadiq döyüşçülər və vətənpərvərlər” olduğunu bildirib.
2024-cü ilin iyununda Vladimir Putin ilə Kim arasında imzalanan razılaşmaya əsasən, iki ölkə hər hansı “təcavüz” halında bir-birinə kömək edəcək. Kim həmin müqaviləni “indiyə qədər ən güclü razılaşma” adlandırmışdı.
Əsgər göndərməklə yanaşı, Şimali Koreya Kurskun yenidən qurulmasına kömək etmək üçün minlərlə işçi də göndərəcəyini vəd edib.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

