Alimlər bildirirlər ki, kiçik dəyişikliklər zaman keçdikcə böyük nəticələr yarada bilər. Bəs həqiqətən də kiçik addımlarla həyatınızı dəyişmək mümkündürmü?
Gündəlik həyatda bəzən böyük hədəflərə çatmağa çalışarkən xırda məqamları gözdən qaçırırıq. Halbuki mütəxəssislər deyirlər ki, hər gün cəmi bir neçə dəqiqə ayıraraq qazandığınız kiçik vərdişlər uzunmüddətli perspektivdə gözlənilməz dəyişikliklərə səbəb olur. Məsələn, gündə cəmi beş dəqiqə kitab oxumaq ilin sonunda onlarla kitabı başa vurmağa imkan yaradır. Gündəlik on dəqiqəlik sadə fiziki məşqlər isə həm bədən, həm də zehni sağlamlıq baxımından nəzərəçarpacaq yaxşılaşma təmin edir.
Statistik göstəricilər də bu yanaşmanın təsirli olduğunu göstərir. Araşdırmalara görə, kiçik və davamlı davranış dəyişiklikləri uğur qazanmaq ehtimalını 30 faizə qədər artırır. Bundan başqa, yeni bir vərdişin formalaşması üçün orta hesabla 66 gün lazım olduğu bildirilir. Bütün bunlar göstərir ki, böyük hədəflər əvəzinə kiçik, real və davamlı addımlarla irəliləmək daha səmərəlidir.
Kiçik addımların böyük təsiri
Hər gün təkrarlanan kiçik davranışlar zamanla böyük nəticələr verir. Gün ərzində cəmi beş dəqiqə artıq piyada gəzmək, sadə dartınma hərəkətləri etmək və ya səhərlər bir neçə səhifə kitab oxumaq bir müddət sonra gündəlik vərdişə çevrilir.
Klinik psixoloq Mehmet Büyükçorak bildirir ki, bu avtomatlaşma beynin sinir əlaqələrinin yenidən formalaşmasına kömək edir.
Onun sözlərinə görə, kiçik vərdişlər beyində yeni sinir yollarının yaranmasını təmin edir. Beyin müntəzəm təkrarlanan kiçik davranışları zamanla daimi dəyişiklik kimi qəbul edir. Bu vərdişlər nəticəsində əldə olunan uğur hissi insanın özünəinamını artırır, intizamını gücləndirir və ümumilikdə həyat keyfiyyətini yüksəldir.
Beləliklə, insan həm özünə daha çox inanmağa başlayır, həm də yeni məqsədlərə daha asan uyğunlaşır. Bu proses təkcə fiziki deyil, psixoloji dayanıqlılığı da gücləndirir.
Niyə kiçik hədəflər daha təsirlidir?
Böyük hədəflər bəzən insanda psixoloji yük yaradır. Görüləcək işlər çoxaldıqca onları təxirə salmaq ehtimalı da artır.
Mehmet Büyükçorak qeyd edir ki, böyük hədəflər motivasiyanı azaldır və uğursuzluq hissi yaradır. Kiçik vərdişlərə diqqət yetirmək isə məqsədləri daha əlçatan və davamlı edir. İnsan tez-tez kiçik uğurlar qazandıqca motivasiyası yüksəlir və bu vəziyyəti uzun müddət qoruyub saxlayır.
Hər kiçik uğur növbəti addımı atmaq üçün insanı daha da ruhlandırır. Böyük nəticələri yaradan da məhz bu davamlı kiçik addımlardır.
Motivasiya azalanda nə etmək lazımdır?
Həyatın hər dövründə yüksək motivasiyanı qorumaq mümkün olmur. İş yükü və ya şəxsi səbəblər gündəlik vərdişləri davam etdirməyi çətinləşdirir.
Mütəxəssis tövsiyə edir ki:
Vərdişə yenidən başlamaq üçün kiçik və asan addımlar seçin.
Gündəlik irəliləyişinizi qeyd edin.
Özünüzü kiçik mükafatlarla həvəsləndirin.
Mümkünsə sizi dəstəkləyəcək bir dost və ya məsuliyyət tərəfdaşı tapın.
Motivasiya azaldıqda, bu yola niyə başladığınızı özünüzə xatırladın.
Böyük məqsədi kiçik hissələrə bölün.
Yeni vərdişləri necə formalaşdırmaq olar?
Hər bir vərdiş müəyyən zaman, məkan və ya hiss tərəfindən tətiklənir. Məsələn, səhər qəhvənizi içərkən yanınızda kitabın olması oxumağa başlamağı asanlaşdırır.
Mehmet Büyükçorak bunun üçün aşağıdakı tövsiyələri verir:
Aydın və konkret məqsədlər müəyyənləşdirin.
Yeni vərdişi mövcud gündəlik rutinlə əlaqələndirin.
Vərdişi mümkün qədər sadə və əlçatan edin.
Onu müntəzəm təkrarlayın.
Səbirli olun.
Məsələn, idman etməyi vərdişə çevirmək istəyirsinizsə, axşamdan idman geyimlərinizi görünən yerdə hazırlayın. Bu kiçik addım beyninizə hərəkətə başlamaq siqnalı verəcək.
Zərərli avtomatik vərdişləri necə dəyişmək olar?
Boş vaxt tapan kimi telefona baxmaq və ya stress zamanı şirniyyata üz tutmaq kimi avtomatik davranışlar da vərdişdir.
Mütəxəssisin fikrincə, ilk addım bu davranışların fərqinə varmaqdır. Bunun üçün həmin davranışı yaradan zamanları, məkanları və hissləri qeyd etmək lazımdır. Daha sonra onların yerinə sağlam alternativlər seçilməli və müntəzəm şəkildə tətbiq olunmalıdır. İrəliləyiş izlənməli, əldə edilən uğurlar isə kiçik mükafatlarla təşviq edilməlidir.
Araşdırmalar göstərir ki, kiçik, lakin davamlı dəyişikliklər zaman keçdikcə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Davranışlarınızı müşahidə etdikcə sizə zərər verən vərdişləri daha asan müəyyənləşdirə və onların yerini daha sağlam seçimlərlə əvəz edə bilərsiniz.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

