Gundelik.az Dünya Kanadadan ABŞ-yə cavab
Dünya Siyasət Xəbərlər

Kanadadan ABŞ-yə cavab

Kanada ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına tətbiq etdiyi yeni gömrük tariflərinə cavab olaraq, ABŞ mənşəli təxminən 900 məhsula 15-50 faiz arasında əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.

Kanada hökumətinin məlumatına görə, yeni tariflər ümumilikdə 28 milyard Kanada dolları (20 milyard ABŞ dolları) dəyərində Amerika məhsulunu əhatə edəcək. Tariflərin 8 sentyabrda qüvvəyə minməsi planlaşdırılır.

Yeni rüsumlar polad və alüminiumdan tutmuş mebel, geyim, kosmetika, parfümeriya, məişət texnikası, süd məhsulları, balıq və dəniz məhsullarına qədər müxtəlif məhsullara şamil olunacaq.

Polad və alüminium məhsullarına 50 faiz, bal, mebel, geyim, kosmetika və parfümə də 50 faiz rüsum tətbiq ediləcək. Məişət texnikası, bəzi süd məhsulları və dəniz məhsullarına 25 faiz, müəyyən maşın və avadanlıqlara isə 15 faiz tarif qoyulacaq.

Kanadanın maliyyə naziri Fransua-Filip Şampan qərarın ABŞ-nin Kanada mallarına tətbiq etdiyi 50 faizlik tariflərə “proporsional və strateji” cavab olduğunu bildirib. O, tariflərdən zərər görən işçilər və müəssisələr üçün əlavə 7,5 milyard Kanada dolları həcmində dəstək ayrılacağını da açıqlayıb.

ABŞ və Kanada arasında ticarət danışıqları ötən həftənin sonunda nəticəsiz başa çatdıqdan sonra iki ölkə arasında gərginlik daha da artıb. ABŞ administrasiyası Kanadanı “əsassız tələblər” irəli sürməkdə, Kanada isə Tramp administrasiyasını ölkə sənayesini zəiflətmək cəhdində ittiham edir.

Tramp Kanada ilə bağlı sərt açıqlamalar verərək ölkəni ABŞ-ni uzun illər “soymaqda” günahlandırıb və Kanada avtomobillərinə tətbiq edilən tarifləri artırmaqla hədələyib.

Kanadanın Baş naziri Mark Karni isə Trampı avtomobil, polad və alüminium sənayesi də daxil olmaqla Kanada sənayesini “məhv etmək” istəməkdə ittiham edib.

Ticarət müharibəsinin dərinləşməsi ABŞ və Kanada şirkətləri ilə yanaşı, istehlakçılar üçün də qiymət artımı riskini artırır. İki ölkə arasında onilliklər ərzində formalaşmış təchizat zəncirlərinin daha yüksək xərclərlə üzləşəcəyi gözlənilir.

Gərginlik Şimali Amerika ölkələri arasında USMCA azad ticarət razılaşmasının gələcəyi ilə bağlı sualları da artırıb. Meksika da prosesləri yaxından izləyir və ABŞ ilə danışıqları sürətləndirməyə çalışır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version