Gundelik.az Mədəniyyət və cəmiyyət Jurnalistika və siyasət: Azərbaycan mediasının keçmişi və bu günü
Mədəniyyət və cəmiyyət Xəbərlər

Jurnalistika və siyasət: Azərbaycan mediasının keçmişi və bu günü

Teleradio Akademiyasında jurnalistika və siyasətin tarixi inkişafına dair təlim keçirilib

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti təlim təşkil olunub. Təlimi Bakı Dövlət Universitetinin müəllimi, sosioloq və politoloq Afaq Sadıqova aparıb.

Gündelik.az xəbər verir ki, təlimdə “Azərbaycanda jurnalistika və siyasətin tarixi inkişafı” mövzusu ətrafında geniş müzakirələr aparılıb. Təlim zamanı Afaq Sadıqova qeyd edib ki, Azərbaycan jurnalistikasının formalaşması ölkədə baş verən siyasi proseslərlə sıx bağlı olub. O bildirib ki, milli mətbuatımızın təşəkkülü XIX əsrin sonlarında baş verən maarifçilik hərəkatı ilə paralel inkişaf edib.

Diqqətə çatdırılıb ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan Əkinçi qəzeti Azərbaycan milli mətbuatının əsasını qoyub. Qəzetin başlıca məqsədi cəmiyyətdə maarifçilik ideyalarının yayılması və xalqın maariflənməsinə xidmət etmək idi.

Təlimçi vurğulayıb ki, sonrakı dövrlərdə Azərbaycan mətbuatının inkişafında Əli bəy HüseynzadəƏhməd bəy Ağaoğlu kimi ziyalıların mühüm rolu olub. Onların fəaliyyəti nəticəsində Həyat qəzeti, Açıq söz qəzetiFüyuzat jurnalı kimi nəşrlər yaranaraq milli oyanış prosesinə ciddi töhfə verib.

Təlim zamanı həmçinin satirik jurnalistika ənənələrinin formalaşmasında **Molla Nəsrəddin jurnalı**nın rolu xüsusi qeyd olunub. Bildirilib ki, jurnalın banisi Cəlil Məmmədquluzadə cəmiyyətdə mövcud olan sosial problemləri və mövhumatı satira vasitəsilə kəskin tənqid edib.

Müzakirələr zamanı Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı məsələsinə də toxunulub. Eyni zamanda qadınların ictimai-siyasi həyatda fəallaşması və İşıq qəzeti kimi qadın mətbuat orqanlarının fəaliyyəti haqqında məlumat verilib.

Çıxış zamanı sovet dövründə jurnalistikanın ideoloji nəzarət altında fəaliyyət göstərdiyi də qeyd olunub. Bildirilib ki, həmin illərdə bir çox ziyalı və jurnalist repressiyalara məruz qalıb.

Təlimçi müstəqillik dövründə Azərbaycan mediasının inkişaf mərhələlərinə də toxunaraq bildirib ki, 1998-ci ildə Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması mətbuatın azad inkişafına mühüm təkan verib.

Sonda qeyd olunub ki, müasir dövrdə media cəmiyyət və dövlət arasında mühüm körpü rolunu oynayır. İnformasiya müharibələrinin getdiyi bir zamanda jurnalistlərin məsuliyyəti və peşəkarlığı daha da ön plana çıxır. İnteraktiv formatda keçirilən təlimdə müdavimlərin sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Elsa Abdullayeva

Gundelik.az

Exit mobile version