Gundelik.az Elm və təhsil Ədəbiyyat İstedad və şəxsiyyətin vəhdəti – Aslan Qəhrəmanlı
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

İstedad və şəxsiyyətin vəhdəti – Aslan Qəhrəmanlı

   Vaxt axır. O vaxtın içində üzən insanlar isə bizlərik. Bu vaxtın hər hansı bir dəqiqəsindən başlayır ömrümüz. Eyni surətlə hərəkət etsə də, vaxtın içində birimiz ləngiyirik, birimiz tələsirik, birimiz ömrü bada veririk, birimiz isə nəsə iş görürük. Keçdiyi yola iz salmış ziyalılarımızdan biri də yazıçı-dramaturq, Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş dosenti, alim, yazıçı  Aslan Qəhrəmanlıdır.  Aslan Qəhrəmanlının indiyədək 26 bədii, elmi-publisistik kitabı və tədris vəsaiti çap edilmişdir. Ziyalı qələm  sahibi, Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli yazıçı-dramaturq   Aslan Qəhrəmanlının 86yaşı olur.

                            Həyat və yaradıcılığı

   Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq Neft Maş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur.

    Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış “Azərbaycanın Vergi Xəbərləri”  jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.

Yazıçı kimi özünü 1967-ci ildəAslan Qəhrəmanlı “Gənclik” nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Spektr”, “Döngə”, “Burulğan”, “Səni axtarıram”, “Bağışla” və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının “Müasirlərimiz” devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək” pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).

   Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.

Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.

Aslan Qəhrəmanlı 2010-cu ildə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilmişdir.

Aslan Qəhrəmanlı uzun sürməyən ağır xəstəlikdən 20 yanvar 2014-cü ildə vəfat etmişdir. Yazıçı anadan olduğu Ağstafa rayonunda dəfn edilmişdir.

          Əsərləri

  1. Meteor yağışı. Bakı, Gənclik, 1971, 48 s., tiraj 7500.
  2. Gültən. Bakı, Gənclik, 1979, 96 s., tiraj 10000.
  3. Bir payız axşamı. Bakı, Gənclik, 1981,128 s., tiraj 10000.
  4. Müsabiqə (povestlər və hekayələr). Bakı, Yazıçı, 1984, 144 s., tiraj 10000.
  5. Qızıl zəncirli açar (povestlər və hekayələr). Bakı, Yazıçı, 1990, 224s., tiraj 20000.
  6. Səni axtarıram (pyeslər və hekayələr). Bakı, Gənclik, 1998, 104 s., tiraj 1000.
  7. İqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma (Ali məktəblər üçün dərslik). Bakı, “Kür”, 1998, 452 s., tiraj 500 (A.F. Musayevlə birlikdə).
  8. Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti). Bakı, CBS PP, 2000, 116 s., tiraj 10000 (A.F.Musayevlə birlikdə).
  9. Həmin kitab. Təkrar nəşr, 2004, tiraj 40000.
  10. Vergilər ( VI-VIII siniflər üçün dərs vəsaiti). Bakı, CBS PP, 2001, 152 s., tiraj 1000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
  11. Həmin kitab. Təkrar nəşr, 2004, tiraj 10000.
  12. Vergi mədəniyyəti. Bakı, Elm, 2004, 288 s., tiraj 1000 (A.F. Musayevlə birlikdə).
  13. Importance of taxes or seven nights of tales (Manual for III-V grades). Baku, CBS PP, 2005, 116 p.p., curculation 1000 (A.F. Musayevlə birlikdə).
  14. Oğrudan doğru xəbər (Nağıl). Bakı, Çaşıoğlu, 2005, 16 s., tiraj 2000.
  15. Daşa dönmüşlər şəhəri (Nağıllar və fantastik hekayələr), Bakı, CBS PP, 2007, 208 s., tiraj 1000.
  16. Importance of taxes or seven nights of tales (Manual for III-V grades). Baku, CBS PP, 2007, 160 p.p., curculation 500 (A.F. Musayevlə birlikdə).
  17. Vergilər (Orta məktəblərin IX-XI sinifləri üçün dərs vəsaiti). Bakı, CBS PP, 2007, 152 s., tiraj 5000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
  18. Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 3-cü nəşri). Bakı, CBS PP, 2007, 160 s., tiraj 10000 (A.F.Musayevlə birlikdə).
  19. Parodiyalar. Bakı, CBS PP, 2009, 56 s., tiraj 500.
  20. Alabaşın şikayəti. Bakı, “Beşik”, 2009, 32 s., tiraj 500.
  21. Şahqulunun xoruzu. Bakı, “Beşik”, 2009, 34 s., tiraj 500.
  22. Vergi mədəniyyəti (Əlavələr edilmiş 2-ci nəşr). Bakı, Çaşıoğlu, 2010, 344 s., tiraj 1000 (A.F. Musayevlə birlikdə).
  23. Ekonometrikaya giriş (Dərs vəsaiti). Bakı, Çaşıoğlu, 2011, 176 s., tiraj 500 (A.F. Musayevlə birlikdə).
  24. Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 4-cü nəşr). Bakı, Çaşıoğlu, 2012, 132 s. (A.F.Musayevlə birlikdə).
  25. Vergilər ( VI-VIII siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 3-cü nəşr). Bakı, Çaşıoğlu, 2012, 152 s., tiraj 1000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
  26. Vergilər (Orta məktəblərin IX-XI sinifləri üçün dərs vəsaiti, əlavələr edilmiş 2-ci nəşr). Bakı, Çaşıoğlu, 2012, 148 s. (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
  27. Simmetriya (Hekayələr, nağıllar, məqalələr, müsahibələr). Bakı, “Şuşa”, 2013, 312 s., tiraj 500.

                 Filmoqrafiya

  1. Səni axtarıram (film, 1981)
  2. Bağışla (film, 1983)
  3. Səndən xəbərsiz (film, 1985)

 İxtisasca dəqiq elmlər mütəxəssisi Aslan Qəhrəmanlı ya dövrünmü, ya mənəvi aləmininmi tələbindən ədəbiyyata meyl etmiş və gözəl əsərlər yaratmışdır. Onu da qeyd edək ki, ədibin atası ədəbiyyat müəllimi olub və ədib evdə olan bütün ədəbiyyatı oxuyaraq bəhrələnmişdir. Aslan Qəhrəmanlı o anları belə xatırlayır: “Atam orta məktəbdə  ədəbiyyat müəllimi olub. Onun gözləri bir az zəif görürdü. Mən 5-6-cı sinifdə oxuyanda 10-cu sinif şagirdlərinin yoxlama dəftərlərini yoxlayıb atama deyərdim ki, hansı uşağın səhvləri necədir. Mənim sözlərimə görə atam həmin uşağa qiymət yazardı. Evimizdə olan bütün ədəbiyyatı oxumuşdum. O vaxt zaman  başqa idi. Qoyun nobatına getmək, odun yarmaqla bərabər digər təsərrüfat işlərində atama kömək edirdim. Bütün bunlarla yanaşı, dərslərimi də əla qiymətlərlə oxuyurdum”.

Yazıçının ilk hekayəsi “Gəng qələmlər” adlı almanaxda dərc olunmuşdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin redaktoru Cəmil Əlibəyov  gənc yazarlarları başına toplayıb bir dərnək yaradıb. Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram və s. yığışıb gənc yazarlara qulaq asırdılar. Məsləhət verib, yol göstərirdilər. Əvvəllər hekayə yazan ədib sonralar pyes, fantastik hekayələr və nağıllar yazmağa başladı. Yazıçının hekayələrində dialoq çox olduğundan onu səhnələşdirmək asan idi. “Kirpi”  jurnalında dərc olundu. Sonradan televiziyada səhnələşdirildi. Əsərlərin səhnələşdirilməsində birbaşa Aslan Qəhrəmanlının özü yaxından iştirak etmişdir. Tamaşalar müxtəlif mövzularda olurdu. Elə tamaşalar olurdu ki, tamaşaçılar tərəfindən çox gözəl qarşılanırdı və televiziyaya çoxlu sayda tamaşaçı məktubu gəlirdi. Tamaşaların ikinci, üçüncü hissələri də həmin məktublardan sonra çəkilirdi. Hətta tamaşaçılar tərəfindən müxtəlif təkliflər də gəlirdi…

   Hər şeyin bir əvvəli, bir sonu olduğu kimi, söhbətimiz də bu yerdə sona çatdı. Aslan Qəhrəmanlının “Qorxu”  əsərindəki “Məlikməmməd” nağılının yeni variant sonluğunu xatırladım: “Göydən üç alma düşdü. Ancaq bu almalar qızıldan deyildi. Qardaşların hərəsi almaların birini götürüb yedi”. 

   Ruhumuzu gözəlləşdirən Aslan Qəhrəmanlı ilə bizi neçə illik məsafə ayırsa da, onun yaratdığı istər kiçik, istər iri həcmli və əsasən nəsr və dram əsərləri bu gün də dilimizin və mədəniyyətimizin keşiyində mərdi – mərdanə dayanır. Onun əsərləri daim oxucu və tamaşaçılar tərəfindən asanlıqla mənimsənib. Yaradıcılığı təkcə oxucu kütləsi tərəfindən deyil, həm də qələm əhli tərəfindən daim birmənalı və eyni zamanda yüksək qarşılanıb.  Gəlin bu mövzuda onun qələmdaşlarının dilindən bu barədə müsahibəni dinləyək:

“Eldar Baxış bi gün məni yanına çağırdı. Əlindəki qollu, möhürlü sənədi qabağıma qoyub dedi:

-Sən bu radioda işləyəcəyin müddətdə bu iki verilişin redaktoru olacaqsan:  uşaqlarçün “Nağıl axşamı” və “Bəbə” radio teatrı. Mən də müəlliflər təklif edəcəm, amma sən daha  ehtiyacı olanları yığ. Həm də istedadlıları. Yazıçıların bir çoxu çörəkpuluna möhtacdır… Sən də qaçqınsan. Elə et ki, həm özünə gün ağla, həm də bu yazıq qələm dostlarımıza şərait yarat…

 Mən Eldar Baxışın nə demək istədiyini o saat anlamadım. Amma bir az sonra başa düşdüm ki, Eldarın şəxsi nüfuzu və bacarığı sayəsində radionun Uşaq verilişləri redaksiyasına smetalı iki veriliş verilib. Yuxarıda adlarını çəkdiyimiz verilişlərə pul yüksək  smeta dəyəri ilə yazılırdı. Teleşirkətin sədri Babək Hüseynoğlunun sərancamı ilə (həm də Eldarın nüfuzu və ad-sanı sayəsində) yaradılmış bu şəraitdən elə istifadə etməliydim ki, həm radionun fondu zənginləşsin, həm də səfalət vəziyyətində olan yazıçılara dolanışıq üçün müəyyən şərait yaradılsın. Mən təbii ki, ilk növbədə vəziyyəti ağır olan istedadlı adamları bura cəlb etdim: Məmməd Elli, Camal  Yusifzadə, İsa İsmayılzadı, Əhəd Muxtar, Qaçay Köçərli, Ələkbər Salahzadə, Aslan Qəhrəmanlı…

    Elə sonuncudan–bu günlərdə dünyasını dəyişən Aslan Qəhrəmanlıdan danışacam.  Digər qələm dostlarımız kimi Aslan bəy də bir-birinin ardıncan gözəl nağıllar və radio-pyeslər yazdı və istedadlı aktyorlarımız Məhluqə Sadıqova, Əminə Yusifqızı, İlham Təvəkküloğlu, Səfurə İbrahimova, eləcə də gözəl radio rejissorlarımız Sədrəddin İsrafilov, Südabə Nurulu və Ülviyyə Əhmədqızının köməyi ilə bu əsərlərə radio-tamaşa həyatı verildi. (İndi onların bir çoxu radiomuzun fondundadır).

  Aslan müəllim o biri müəlliflərdən fərqli olaraq bəzən gəlib yazılış prosesində də iştirak edir, dəyərli məsləhətlərini əsirgəmirdi. Hətta radionun diktoru, radio-tamaşalarda bəzən aktrisa kimi iştirak edən Almaz Tahirzadə üçün ayrıca rollar yazdılğını bildirir, onun həmin rolları ifa etməsini israrla xahiş edərdi. (Bu istedadlı adam da çox ağır maddi durumda idi və yəqin ki, Aslan müəllim bunu nəzərə almışdı.) Aslan müəllimin yazdığı  nağıllar və radio-pyeslər o biri müəlliflərinkindən kəskin surətdə fərqlənərdi. Onun əsərlərinin məzmununda bir ictimai motiv, haqsızlıqlara etiraz və ən ümdəsi bədiilik vardı. Ona görə də aktyorlar onun əsərlərini oynamağa həvəslə gələrdiərdilər. Televiziyada da  Aslan müəllimi sevər və gəlişini sevinclə qarşılayardılar. Axı o, burada ilk dəfə olaraq tele-seriallar üçün tele-pyeslər  yazmış və bunlar yüksək oxucu auditoriyası qazanmışdı. (Əlbəttə, bu günün prizmasından baxanda həmin əsərlərin zəif tərəfləri yəqin ki, vardı və bunlar televiziya və radio tənqidçiləri tərəfindən yəqin ki,  yazılacaq və deyiləcək.)

 Aslan müəllim həm də xeyirxah idi. Çox qısa müddətdə rektoru olduğu bir özəl universitetdə  qələm dostlarımızın uşaqlarının çətin duruma düşməməsi üçün (söhbət, əlbəttə təhsil haqqından gedirdi) əlindən gələni edirdi.

   Və Aslan müəllim yaxşı qələm dostu  idi. Ədəbiyyatı duyan, ona can yandıran idi. Bizim “Yazı” dərgisi çıxanda ilk xeyir-duanı və həm də maddi dəstəyi göstərənlərdən  biri o olub. Baxmayaraq ki, nə qədər çalışsaq da,  yazısını dərgiyə vermədi – gəncləri çap etməyimizi istədi. (O ağır çağlarda yazıçılar bir yerə toplaşmaq,  yeyib-içmək vərdişindən də soyumuşdular elə bil. Aslan müəllim bunu da nəzərə alıb tez-tez bizi başına yığar, aldığı qonarardanmı, yaxud hansısa qazancındanmı  bilmirəm, bizlərə qonaqlıq verərdi. Azad Qaradərəli)

  AYNUR TURAN 

Gundelik.az

Exit mobile version