İran və İsrail ordularını müqayisə etmək çətindir, lakin hər iki tərəfin açıq-aşkar müsbət və mənfi cəhətləri var.
Gundelik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Qlazunov bildirib.
Ekspert qeyd edib ki, İsrail ordusunun danılmaz üstünlükləri arasında müasir silahları və müxtəlif növ döyüş əməliyyatlarının aparılmasında böyük təcrübəni qeyd etmək olar. O vurğulayıb ki, İsrail dövləti yarandığı ilk vaxtdan – 1948-ci ildən mübarizə aparır və mükəmməl təşkil olunmuş hərbi kəşfiyyata malikdir.
Qlazunov bildirib ki, İran ordusu da böyük döyüş təcrübəsinə malikdir və Türkiyə ilə yanaşı, döyüşə hazır ordulardan biri hesab olunur. “Bundan əlavə, İran uzun müddətdir ki, döyüş meydanında çoxlu sayda pilotsuz təyyarələr və ballistik raketlərdən istifadə edir”, – ekspert əlavə edib.
“Lakin İsrailin bir çatışmazlığı var. İsrail uzun sürən müharibəyə hazır deyil və tab gətirməyəcək. Əgər hansısa genişmiqyaslı hərbi əməliyyatlar başlasa, İran daha çox tab gətirə bilər. İsrailin isə ABŞ və ya digər müttəfiqlərinin köməyinə ehtiyacı olacaq. Ona görə də burada hər iki ölkənin ordusunun döyüş hazırlığını müqayisə etməzdim”, – hərbi ekspert vurğulayıb.
İyunun 13-də İsrail İranın nüvə obyektlərinə zərbələr endirərək və ölkədəki əsas nüvə alimlərini öldürdüyünü iddia edərək, “Aslan qalxması” əməliyyatına başlayıb. İsrail hakimiyyəti hücuma səbəb kimi İranın nüvə silahını inkişaf etdirməsini göstərib.
Gundelik.az

