ABŞ prezidenti Donald Trump bildirib ki, İranla müharibə “tezliklə başa çata bilər” və insanların çoxu Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədini anlayır.
Trampın açıqlaması İranın ABŞ-ın müharibəni dayandırmaq təklifini “hələ də nəzərdən keçirdiyini” bildirməsindən sonra gəlib.
ABŞ-ın Axios nəşri Ağ Evin İranla 14 maddəlik anlaşma memorandumu üzərində razılığa yaxın olduğunu yazıb. Bildirilir ki, bu sənəd daha geniş nüvə danışıqları üçün çərçivə rolunu oynaya bilər.
Memorandumda İranın uranı zənginləşdirməsini dayandırması, sanksiyaların yumşaldılması və Hörmüz boğazı vasitəsilə sərbəst gəmi keçidinin bərpası kimi maddələrin yer aldığı iddia olunur.
Lakin İran parlamentinin yüksəkvəzifəli üzvlərindən biri sənədi “arzu siyahısı” adlandırıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü isə Tehranın ABŞ təklifinə dair mövqeyini pakistanlı vasitəçilərə çatdıracağını deyib.
Pakistan xarici işlər naziri isə ölkəsinin atəşkəsi daimi sülhə çevirmək üçün çalışdığını bildirib.
Reuters agentliyi də ABŞ və İran arasında vasitəçilik prosesinə yaxın mənbələrə istinadən Axios-un məlumatını təsdiqləyib. Bununla belə, təklifin detalları hələ rəsmi şəkildə açıqlanmayıb.
Tramp Corciya ştatındakı tərəfdarları ilə virtual görüş zamanı müharibənin tezliklə bitəcəyinə nikbin yanaşdığını deyib. O əlavə edib ki, amerikalıların yüksək yanacaq qiymətlərindən qaynaqlanan çətinlikləri qısamüddətli olacaq.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

