İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə İrana verdiyi itkiləri kompensasiya etməlidir.
Gundelik.az xəbər verir ki, o bu barədə qərb mətbuatına açıqlamasında nüvə müzakirələrindən danışarkən bildirib.
Əraqçi Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların yenidən başlaması üçün yeni şərtlər irəli sürdüyünü qeyd edib: “ABŞ nüvə müzakirələri başlamazdan əvvəl 12 günlük müharibənin vurduğu zərərin ödənilməsinə razı olmalıdır”.
Danışıqların ortasında İrana hücum etdiklərinə diqqət çəkən Əraqçi deyib: “Bu hücumun gələcəkdə təkrar olunmayacağına zəmanət verməlidirlər. Onlardan real etimad yaradan addımlar gözləyirik”.
Əraqçı Trampın İrandan sıfır zənginləşdirmə tələb etdiyi müddətcə heç bir razılaşmanın olmayacağını vurğulayaraq, hal-hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəbin olmadığını söyləyib: “Çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər. Əgər sanksiyaları bərpa etmək mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu deməkdir”.
İsrailin hücumlarından sonra danışıqlar prosesi yarımçıq qalıb
İran ilə ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail iyunun 13-də İrana hücuma keçdi və həm ABŞ, həm də Avropa ilə danışıqlar prosesi yarımçıq qaldı.
2015-ci il nüvə sazişi və “tətik mexanizmi”
İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü iki ölkə arasında 2015-ci il iyulun 14-də sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş imzalanıb. ABŞ 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. İran Avropa ölkələrindən ABŞ-nin sanksiyalarını kompensasiya etmək üçün tədbirlər görmələrini xahiş etmişdi, lakin ABŞ-nin bu addımına qarşı çıxsa da, avropalılar hərəkətə keçə bilmədilər.
İran bir il sonra müqavilə üzrə öhdəliklərini tədricən dayandırmağa başladı və daha sonra yüksək səviyyəli uranın zənginləşdirilməsi fəaliyyətlərinə keçdi.
İngiltərə, Fransa və Almaniya nüvə sazişində “snapback” kimi tanınan və sazişi pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək bəndi işə salmaqla hədələyir.
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Avropa tərəfləri “müqavilənin əsaslarını pozduqları” və “müqavilədə iştirak rolunu itirdikləri üçün” mexanizmi işə salmaqda hüquqi əsasa malik deyillər.
Gundelik.az

