Hörmüz boğazında iki yük gəmisi hücuma məruz qalıb. Böyük Britaniyanın dəniz ticarəti qurumu UK Maritime Trade Operations (UKMTO) bildirib ki, ilk gəmi İran İnqilab Keşikçiləri Korpusuna (IRGC) məxsus silahlı qayıq tərəfindən atəşə tutulub. İran tərəfi isə gəminin xəbərdarlıqlara əməl etmədiyini iddia edib.
BBC Verify məlumatına görə, hücuma məruz qalan ilk gəmi “Epaminondas” adlı, Yunanıstan şirkətinə məxsus bir tanker olub və Hörmüz boğazından keçərkən atəşə tutulub. Hadisə nəticəsində gəminin körpü hissəsi ciddi zədələnib.
İkinci gəmi isə Panama bayrağı altında üzən “Euphoria” adlı yük gəmisi olub. Onun kim tərəfindən hədəf alındığı hələ də dəqiq bilinmir.
UKMTO həmçinin bölgədə yüksək hərbi aktivlik olduğunu və gəmilərin diqqətli olmalı olduğunu bildirib.
Hadisələr ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin uzadıldığını açıqlamasından bir neçə saat sonra baş verib. Atəşkəs əvvəlcə iki həftəlik idi və çərşənbə günü bitməliydi, lakin danışıqlar davam etdiyi üçün uzadılıb.
Bölgədə gərginlik qalır, çünki İran hələ ABŞ ilə yeni danışıqlarda iştirak edib-etməyəcəyini tam qərarlaşdırmayıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

