Gundelik.az Mədəniyyət və cəmiyyət Hər saat bir dəqiqə hərəkət etmək uzun müddət oturmağın risklərindən qoruyurmu?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Hər saat bir dəqiqə hərəkət etmək uzun müddət oturmağın risklərindən qoruyurmu?

Uzun müddət hərəkətsiz qalmaq sağlamlıq üçün zərərlidir. Mütəxəssislər bildirirlər ki, gün ərzində yalnız bir saat idman etmək, günün qalan hissəsində saatlarla oturmağın yaratdığı riskləri tam aradan qaldırmır.

2026-cı ilin aprelində “Nature Communications” jurnalında dərc olunan araşdırma gündəlik addım sayını artırmağın uzun müddət oturmaqla əlaqəli bəzi sağlamlıq risklərini azaltdığını, lakin onları tamamilə aradan qaldırmadığını göstərib. Xüsusilə ürək-damar xəstəlikləri, o cümlədən koronar arteriya xəstəliyi və ürək çatışmazlığı baxımından nəticələr diqqət çəkib.

Uzun müddət oturanda orqanizmdə nə baş verir?

Saatlarla fasiləsiz oturmaq, xüsusilə ayaqlarda qan dövranının yavaşlamasına səbəb olur. Bu zaman qan aşağı ətraflarda toplanır, əzələlərin fəaliyyəti azalır və damarların funksiyası pozulur. Nəticədə qan təzyiqinin yüksəlməsi və maddələr mübadiləsi ilə bağlı problemlər yaranır.

Uzunmüddətli hərəkətsizlik həmçinin:

insulin müqaviməti;

qan şəkərinin yüksəlməsi;

piylənmə;

2-ci tip diabet;

ürək-damar xəstəlikləri;

daxili orqanların ətrafında yağlanmanın artması;

orqanizmdə iltihab səviyyəsinin yüksəlməsi

ilə əlaqələndirilir.

Təkcə idman etmək kifayət deyil

Mütəxəssislərin fikrincə, bir saat idman etdikdən sonra günün böyük hissəsini kompüter, avtomobil, televizor və ya telefon qarşısında oturmaq ümumi fiziki aktivliyi yenə də aşağı səviyyədə saxlayır.

Bu səbəbdən müntəzəm idmanla yanaşı, gün ərzində tez-tez hərəkət etmək də vacibdir.

Hər saat bir dəqiqə gəzmək faydalıdırmı?

Mütəxəssislər gün ərzində qısa hərəkət fasilələrini — ingiliscə “movement snacks” adlandırılan bu yanaşmanı — tövsiyə edirlər.

Araşdırmalara görə, hər saat cəmi bir dəqiqə yüngül templə gəzmək qan təzyiqinin azalmasına, əhvalın yaxşılaşmasına və yorğunluğun azalmasına kömək edir.

Daha uzun hərəkət fasilələrinin isə əlavə faydaları var. Məsələn, hər 30 dəqiqədən bir 5 dəqiqə yüngül gəzməyin uzun müddət fasiləsiz oturma ilə müqayisədə yeməkdən sonra qan şəkərinin yüksəlməsini əhəmiyyətli dərəcədə azaltdığı və qan təzyiqini aşağı saldığı bildirilib.

Burada sürətli yerimək və ya qaçmaq vacib deyil. Ayağa qalxmaq, bir neçə dəqiqə gəzmək, pilləkənlə qalxmaq və gün ərzində hərəkəti artırmaq belə faydalıdır.

 

Mənbə:BBC Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version