Günəş işığı təkcə bizi isidən təbii mənbə deyil, həm də orqanizmin sağlam fəaliyyəti üçün vacib dəstəkdir. Bioloji saatı tənzimləyən, D vitamini sintezini stimullaşdıran və əhval-ruhiyyəni yaxşılaşdıran günəş şüaları düzgün şəkildə qəbul edildikdə sağlamlığa çoxsaylı faydalar verir. Mütəxəssislər isə günəşdən faydalanmaq üçün şüalara şüurlu və təhlükəsiz şəkildə məruz qalmağın vacibliyini vurğulayırlar.
Səhər saatlarında alınan günəş işığı orqanizmin təbii ritminin düzgün işləməsində mühüm rol oynayır. Gün işığı beyinə gündüz və gecə fərqini “xatırladaraq” sirkadiyal ritmin – yəni bioloji saatın tənzimlənməsinə kömək edir. Bunun sayəsində insan gündüz daha enerjili olur, gecə isə daha rahat yuxuya gedir.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Başak Oğuz İnan bildirib ki, günəş işığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün böyük əhəmiyyət daşıyır və ondan düzgün istifadə etmək orqanizmin ümumi balansını qorumağa kömək edir.
Günəş işığı D vitamini sintezini dəstəkləyir
Günəş şüalarının ən mühüm təsirlərindən biri dəridə D vitamini sintezini başlatmasıdır. D vitamini sümük sağlamlığının qorunması, əzələlərin fəaliyyəti və immun sisteminin normal işləməsi üçün vacibdir.
Mütəxəssis qeyd edib ki, günəş işığı enerjini artırmaqla yanaşı, əhval-ruhiyyəni yaxşılaşdıran hormonların ifrazını da stimullaşdırır. Eyni zamanda D vitamini istehsalını artıraraq sümüklərin möhkəm qalmasına və immun sisteminin güclənməsinə dəstək verir.
İmmunitetin güclənməsinə kömək edir
Orqanizmdə D vitamini səviyyəsinin normal olması immun hüceyrələrinin daha balanslı fəaliyyət göstərməsinə şərait yaradır. Kifayət qədər günəş işığı qəbul etmək bədənin infeksiyalara qarşı müdafiə mexanizmini dəstəkləyir.
Xüsusilə tənəffüs yolu infeksiyalarına qarşı müqavimətin artırılması, iltihabi proseslərin tənzimlənməsi və ümumi immun funksiyalarının qorunmasında D vitamini mühüm rol oynayır.
Günəş işığı xoşbəxtlik hormonunu artırır
Günəşli havalarda insanın özünü daha enerjili və xoşbəxt hiss etməsinin elmi izahı var. Günəş işığı beyində serotonin hormonunun ifrazını artırır.
Serotonin əhval-ruhiyyəni yaxşılaşdırır, eyni zamanda yuxu rejimini tənzimləyən melatonin hormonunun vaxtında ifrazına da kömək edir.
Mütəxəssisin sözlərinə görə, kifayət qədər günəş işığı almayan insanlarda yuxu pozğunluğu, davamlı yorğunluq və depressiv əhval daha tez-tez müşahidə olunur.
Sağlam günəşlənməyin qaydaları
Günəş işığının faydaları ilə yanaşı, nəzarətsiz və uzunmüddətli günəş şüalarına məruz qalmaq ciddi risklər yaradır. Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
Yay aylarında saat 11:00–16:00 arasında birbaşa günəş altında uzun müddət qalmayın.
İsti havalarda kifayət qədər su qəbul edərək maye itkisini önləyin.
Uzun müddət günəş altında qalmağın dərinin vaxtından əvvəl qocalmasına, qırışların yaranmasına, günəş yanıqlarına və dəri zədələnmələrinə səbəb ola biləcəyini unutmayın.
UV filtrli günəş kremindən istifadə edin.
Açıq rəngli, nazik və hava keçirən geyimlər seçin.
Çölə çıxarkən papaq, günəş eynəyi və qoruyucu geyimlərdən istifadə edin.
Səhər günəşi niyə vacibdir?
Mütəxəssislərin fikrincə, xüsusilə səhər saatlarında qəbul edilən təbii günəş işığı bioloji saatın tənzimlənməsinə kömək edir. Gün ərzində kifayət qədər təbii işıq almaq daha keyfiyyətli yuxu, sabit enerji səviyyəsi və daha yaxşı əhval-ruhiyyə üçün gündəlik həyatın vacib hissəsi hesab olunur.
Qısacası, günəş işığı düzgün vaxtda və nəzarətli şəkildə qəbul edildikdə orqanizmin sağlamlığını dəstəkləyən ən mühüm təbii amillərdən biridir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

