Gözəlliyi və xoş ətri ilə bağların, eyvanların və şəhər landşaftının ayrılmaz hissəsi olan gül təkcə dekorativ bitki deyil. O, kosmetika sənayesinin mühüm xammallarından biri olmaqla yanaşı, son illərdə qida sənayesində də özünə ciddi yer qazanıb. Mütəxəssis Şeyma Nur Güneş bildirir ki, gül “yeyilə bilən çiçəklər arasında mühüm yer tutur”.
Gül dünyada gözəllik və zərifliyin simvollarından biri hesab olunur. “Rosaceae” (Gülçiçəklilər) fəsiləsinə aid olan bu ətirli bitkinin yüzlərlə təbii və minlərlə hibrid növü mövcuddur. O, min illərdir həm landşaft dizaynında, həm də kosmetika sahəsində istifadə edilir.
Isparta gülü dünyada tanınır
Bitki müxtəlifliyi ilə seçilən Türkiyədə çoxsaylı gül növləri yetişdirilir. Ağ gül, Çıtırık gül, itburnu, Yediveren, Yerli çəhrayı, Şilan kimi növlərlə yanaşı, şöhrəti dünyaya yayılan Isparta gülü də var. Türkiyədə ən çox gül yetişdirilən Isparta şəhəri bu çiçəklə tanınır və burada hər il gül festivalları keçirilir.
Yeyilə bilən çiçəklər arasında önəmli yer tutur
Son illərdə gülün yalnız dekorativ və kosmetik dəyəri deyil, qida kimi əhəmiyyəti də artıb. Əvvəllər mürəbbə, lokum və şərbət hazırlanmasında istifadə olunan gül bu gün qastronomiyada daha geniş tətbiq olunur.
Akdeniz Universitetinin müəllimi Şeyma Nur Güneş qeyd edir ki, gülün qida məhsullarında geniş istifadə olunmasının əsas səbəbləri onun özünəməxsus ətri, xoş dadı və yeməklərin təqdimatına estetik görünüş qatmasıdır.
Onun sözlərinə görə, gül həm təzə, həm qurudulmuş halda, həm də ekstrakt və ya gül suyu şəklində müxtəlif qida məhsullarında istifadə olunur. Tərkibindəki fenolik və bioaktiv maddələr sayəsində insan sağlamlığı üçün faydalı hesab edilir və bu xüsusiyyətləri onu funksional qidalara maraq göstərən istehlakçılar üçün daha cəlbedici edir.
Qastronomiyada müxtəlif sahələrdə istifadə olunur
Şeyma Nur Güneş bildirir ki, dünyada gül əsasən qurudulmuş formada un məmulatlarında və şirniyyatlarda istifadə edilir. Bundan başqa, gül suyu müxtəlif içkilərə və yeməklərə əlavə olunur, təzə gül ləçəkləri isə təqdimatda dekor kimi istifadə edilir. Gül eyni zamanda təbii və sağlam qida boyası kimi də seçilir.
Tarix boyu gül xəmir məmulatlarında, ət yeməklərində və desertlərdə istifadə olunub, həmçinin müalicə məqsədilə tətbiq edilib. Türk mətbəxində isə gül mürəbbə, lokum, şərbət, xoşaf, güllac, məcun, aşura və müxtəlif şirniyyatların hazırlanmasında mühüm yer tutur. Keçmişdə onun iştaha açıcı və həzmi asanlaşdıran təsirindən də faydalanılıb.
Sağlamlıq üçün faydalıdır
Mütəxəssis vurğulayır ki, gülün insan sağlamlığına zərəri yoxdur. Əksinə, yüksək antioksidant aktivliyi və bioaktiv maddələri sayəsində sağlam qidalanmada mühüm yer tutur.
Bundan əlavə, onun sakitləşdirici ətri stress, baş ağrısı və yuxu pozğunluğu kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər. İnsanlar qədim dövrlərdən bəri gülün faydalarını kəşf edərək onu müxtəlif xəstəliklərin müalicəsində bitki mənşəli vasitə kimi istifadə ediblər. Osmanlı dövründə gül məcunu, gül şərbəti, gül mürəbbəsi, güllab şərbəti, gül yağı və gül balı kimi məhsullar da müalicə məqsədilə hazırlanaraq istifadə olunurdu.
Güllü dondurma və peçenyelərə maraq artır
Şeyma Nur Güneş deyir ki, müasir dövrdə insanlar yeni dadlar kəşf etməyə maraq göstərdikcə, gül həm ənənəvi, həm də müasir mətbəxdə daha geniş istifadə olunmağa başlayıb. Bu səbəbdən restoranlarda gülün istifadəsi artır, müxtəlif orqanik və qurme bazarlarda güldən hazırlanan məhsullar satışa çıxarılır.
Hazırda gül dondurma, peçenye və digər desertlərin hazırlanmasında istifadə edilir. Gül təkcə özünəməxsus ətri və dadı ilə deyil, həm də yeməklərə və içkilərə estetik görünüş bəxş etdiyi üçün üstünlük verilən təbii məhsullardan biridir. Qurudulmuş gül ləçəkləri ilə bəzədilmiş lokumlar, desertlər və içkilər bunun ən gözəl nümunələrindəndir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

